EN

Elxan Abdullayev U-19-un seçmə mərhələdəki çıxışına qiymət verdi

Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsindəki oyunlarını dəyərləndirib.

Arena.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bir neçə gün öncə Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində mübarizə aparıb.

U-19 yığmamızın çalışdırıcısı ilk olaraq Moldovaya qarşı keçirilən son görüş barədə fikirlərini bölüşüb. O, bu oyunda qələbəni əldən verdiklərini söyləyib:

“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq”.

Elxan Abdullayev U-19-un turnirdəki çıxışına da qiymət verib:

“Göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan millisi Kişinyovda təşkil olunmuş oyunlarda İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzub. Komandamız yalnız son turda Moldova ilə 2:2 hesablı heç-heçəyə nail olub.

Chosen
16
5
arena.az

10Sources