EN

Yusif Bağırzadə: "Tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək"

Kəlbəcərin işğaldan qurtulmasının 4 ili gəlir


  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Üçtərəfli Bəyanatın imzalanması ölkəmiz üçün diplomatik qələbə oldu və 3 rayon Ermənistan tərəfindən hərbi əməliyyatlarsız azad edildi. Həmin üç rayondan biri Kəlbəcər rayonu idi və 25 noyabr tarixində Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

  Politoloq Yusif Bağırzadə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı ki, bu da olduqca böyük uğurdur və tarixi bir hadisədir. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq: 

“Kəlbəcərin işğal tarixinə baxsaq görərik ki, rayon Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qalmışdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3700 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan silahlı qüvvələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprelin 2-də oranı işğal etdilər. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı.
  Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə ənənəvi olaraq ikili siyasət yürütməkdə davam edərək Ermənistandan onun icrasını tələb etmədi. Bununla da, 27 ildən artıq müddətdə BMT qətanmələri kağız üzərində qaldı. Nəhayət Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü və bununla həm də faktiki olaraq BMT qətnaməsinin tələbini reallaşdırmış oldu”.

  Politoloqun sözlərinə görə, Ermənistanla böyük sərhədə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır:
 “Cənab prezident də öz çıxışlarında Kəlbəcərin strateji əhəmiyyəti haqqında danışarkən bildirmişdi ki, Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Qeyd edim ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdi. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Ordumuz əsas istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdı. 
  Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad olunmasından cəmi 4 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçəkləşdirilib və sürətli iş gedir. Görüləcək işlərin miqyasına baxdıqda tam əminliklə söyləmək olar ki, tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək”.

  Y.Bağırzadə deyib ki, Kəlbəcər haqqında danışarkən torpaqlarımızın işğaldan azad edilməsində canlarını fəda etmiş şəhidlərimizi və qəhrəman əsgər və zabitlərimizi də yad etməliyik. Məhz onların fədakarlığı və qətiyyətinin nəticəsidir ki, bu gün 30 ilə yaxın dövr ərzində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edilib:
 “Təbii olaraq dövlətimiz də onların bu fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Chosen
14
sherg.az

1Sources