EN

YAP-ın yaranmasından 32 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ilk təsis konfransından 32 il ötür.

Vətəninfo.az-ın məlumatına görə, 1992-ci ilin 16 oktyabrında Azərbaycanın düşdüyü çətin siyasi, iqtisadi və sosial böhrandan çıxış yolu axtaran ictimaiyyətin tanınmış şəxslərindən 91 nəfərin imzası ilə həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət göndərilib. Müraciətdə ölkədəki ağır vəziyyətdən bəhs edilir, Heydər Əliyevdən öz zəngin təcrübəsinə əsaslanaraq, yeni yaranacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu.

24 oktyabr 1992-ci ildə Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək, təklifi qəbul etdiyini bildirib.

Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu ilk konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilib.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

YAP sədri Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçilib. 1995-ci ilin noyabr ayının 12-də çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib.

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilib.

Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayında sədrin birinci müavini, 2005-ci il mart ayının 26-da keçirilən III Qurultayında isə sədr seçilib. Azərbaycan Prezidenti İlham Əliyev hazırda da YAP-ın sədridir.

YAP sədrinin birinci müavini Mehriban Əliyeva, sədr müavinləri isə Tahir Budaqov və Əli Əhmədovdur.

1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

1995-ci ildə AP Qadınlar Şurası və Gənclər Birliyi təsis olunub.

YAP ölkədə keçirilən parlament və bələdiyyə seçkilərində də mütləq əksəriyyətlə qələbə qazanır.

2024-cü ildə keçirilmiş son parlament seçkiləri əsasında formalaşmış VII çağırış Milli Məclisdə YAP üzvü olan 68 deputat var.

YAP rəsmi internet səhifəsində 730 354 nəfər üzvü olduğunu qeyd edib.

image-2

Chosen
26
7
veteninfo.az

8Sources