EN

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib Bütün xəbərlər

Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri Universiteti (UAEU) ilə birgə “Davamlı kənd təsərrüfatı üçün innovativ strategiyalar: təmiz suya əlçatanlıq və bərpaolunan enerji həllərinin inteqrasiyası” mövzusunda simpozium keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri açan ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov simpoziumda daha çox təkmilləşdirmə və kənd təsərrüfatına diqqət yetiriləcəyini bildirib. O, universitetin əsas maraqlarının bərpaolunan enerji, enerji mühəndisliyi, iqlim dəyişikliyinə qarşı mübarizə və kimya mühəndisliyi olduğunu qeyd edib.

Açılış mərasimində çıxış edən Birləşmiş Ərəb Əmirlikləri Universitetinin prorektoru professor Ahmed Ali Al Raeesi tərəfdaşlığı inkişaf etdirməyin hər iki qurum üçün vacibliyindən danışaraq, bunu qlobal və mühüm məsələlərlə bağlı effektiv həll yolları tapmaq məqsədilə birgə işləmək öhdəliyinin göstəricisi kimi dəyərləndirib.

Simpoziumda, həmçinin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında akademik əməkdaşlığı əks etdirən mühüm məqamlar müzakirə edilib, əsasən kənd təsərrüfatında su resurslarının qorunması, ağıllı suvarma texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə və beynəlxalq əməkdaşlığın dayanıqlı kənd təsərrüfatı üçün rolu barədə fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycanı təmsil edən aparıcı mütəxəssislərdən Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, “Agro Dairy” MMC-nin performans meneceri Ağagül Hüseynzadə və “Provitaz” MMC-nin baş direktoru Emin Məmmədov çıxış ediblər.

Tədbirin sonunda ADNSU və UAEU-nun birgə SDG Tədqiqat Proqramı elan edilib ki, bu da Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün iki universitetin birgə fəaliyyətinə start verəcək.

Xatırladaq ki, noyabrın 20-də Birləşmiş Ərəb Əmirlikləri Universitetinin prorektoru professor Ahmed Ali Al Raeesi, Kənd təsərrüfatı və baytarlıq fakültəsinin dekanı Mohammed Alyafei ilə ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov arasında görüş də keçirilib. ADNSU-nun prorektorlarının da iştirak etdiyi görüşdə iki ali təhsil müəssisəsinin əməkdaşlıq əlaqələri müzakirə edilib. Tərəflər tələbə-müəllim mübadiləsi və birgə elmi layihələrin icrası, beynəlxalq reytinq bazalarında təmsil olunma, təhsil təcrübəsinin bölüşdürülməsi kimi məsələlərdən danışıblar.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Universitetinin rəhbər heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Chosen
48
1
tehsil.biz

3Sources