EN

3 həftədə 55 təhlükəsizlik əməkdaşı öldürülüb

Pakistanda son üç həftədə silahlılarla toqquşmalarda ən azı 55 təhlükəsizlik işçisi həlak olub. 

"Cebheinfo.az" xəbər verir ki, İslamabadda yerləşən Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun (PICSS) analitik mərkəzinə görə, təhlükəsizlik qüvvələri oktyabr ayında 62 əməkdaşını itirib. Bu, 2024-cü ildə bir ayda qeydə alınan ən yüksək itki olub. Bu ayın 20 günündə yaraqlılarla toqquşmalarda və hücumlarda 55 təhlükəsizlik əməkdaşı həyatını itirib, 63 silahlı isə öldürülüb. Hücumlar daha çox Bəlucistan və Hayber Paxtunxva əyalətlərində olub. 2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı baş verib, nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb. 

Bu vəziyyət onu göstərir ki, zorakılıq bütün ölkədə yüksək səviyyədədir. 

İslamabaddan olan təhlükəsizlik üzrə ekspert, istefada olan general-leytenant Tələt Məsud bildirib ki, Pakistanda zorakılığın artmasının arxasında Əfqanıstan faktoru, yerli terror şəbəkələri və qlobal təhlükəsizlik vəziyyətində son dəyişikliklər dayanır. Kabilin öz ərazisində “Taliban” (TTP) yaraqlılarının olması və əməliyyatlarla  bağlı təkzibini rədd edən Məsud iki ölkə arasında qorunmayan sərhədin olduğunu xatırladıb: 

"Pakistan terror təhlükəsi ilə mübarizədə sərhədyanı qəbilə bölgəsi və Bəlucistanın siyasi və iqtisadi inkişafı üçün bəzi ciddi addımlar atmalıdır". 

“Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanda zorakılıq artıb. İslamabad TTP-nin Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir. Bəlucistanda Bəlucistan Azadlıq Ordusunun (BLA) hücumları nəzərə çarpır. BLA Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəyə bəluc xalqının hakim olmasını istəyir. Bəlucistan Pakistanın təbii sərvətlərlə zəngin əyalətidir, lakin region ölkənin qalan hissəsindən daha az inkişaf edib. 

BLA bəzən təhlükəsizlik qüvvələrinə, Bəlucistana işləməyə gələn mülki şəxslərə və orada işləyən şirkətlərə hücum edir. 

Chosen
15
cebheinfo.az

1Sources