EN

COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib

COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.


Ekologiya.az xəbər verir ki, tədbir COP29 Sədrliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən təşkil edilib.


Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də səmərəli və ədalətli iqlim fəaliyyətinin əsasını təşkil edir. İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, xüsusən də gender əsaslı bərabərsizlikləri daha da dərinləşdirir. Qadınlar və qızlar xüsusilə həssas qruplardır və iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas rol oynayırlar.


Nazir bildirib ki, bir-biri ilə əlaqəli iqlim və biomüxtəliflik böhranları milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq təhlükəsizliyinə səbəb ola bilər. Qadınlar və qızlar bu problemlərin həll yollarının ön cəbhəsindədirlər, iqlim çağırışlarının həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirirlər. Bu, qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin ürəyi, analarımız, bacılarımız və qızlarımız kimi tanımağı və qiymətləndirməyi həyati əhəmiyyətli edir. Onların səsləri və töhfələri icmalarımızın təməlini formalaşdırır və davamlı gələcək üçün baxışımızın mərkəzində olmalıdır.


Nazir Lima Gender üzrə İş Proqramının və onun Gender Fəaliyyət Planının yaradılmasından bəri əhəmiyyətli irəliləyiş əldə edildiyini vurğulayaraq deyib: “Bu gün milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) 80 faizindən çoxunda genderə dair istinadlar var ki, bu da ilk NDC-lərlə müqayisədə nəzərəçarpacaq dərəcədə inkişafın olduğunu göstərir. Bununla belə, hədəflərimizə tam çatmaq üçün daha çox iş görməliyik. Aşağı karbonlu iqtisadiyyata keçid yalnız texniki dəyişikliklərlə deyil, həm də inklüziv imkanlar və hədəflənmiş maliyyələşdirmə vasitəsilə gender bərabərliyinin təşviqi ilə müşayiət olunmalıdır”.


Nazir bildirib ki, Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi (ETF), xüsusən də ikiillik şəffaflıq hesabatları (BTR) ölkələr üçün mühüm imkanlar təqdim edir. BTR-lər ölkələrin hesabat proseslərində gender aspektlərini inteqrasiya etmələri üçün güclü alətdir. Gender bərabərliyinə xüsusi diqqət yetirən məlumatlar və hesabat mexanizmlərindən istifadə etməklə iqlim siyasətlərinin müxtəlif qruplara təsirlərini daha yaxşı anlaya bilərik. Bu, boşluqları müəyyən etməyə və daha ədalətli həll yolları yaratmağa şərait yaradır.


“Lima İş Proqramı çərçivəsində əldə etdiyimiz əməkdaşlıq və irəliləyişdən ilham alaraq, qətiyyətlə irəliyə baxmalıyıq. Mən hər birinizi bu müzakirəyə həm təcili, həm də ümidlə yanaşmağa çağırıram. Birlikdə çalışaraq gender bərabərliyinin iqlim fəaliyyətinin əsas sütununa çevrilməsini təmin edə bilərik”, - deyə Muxtar Babayev vurğulayıb.


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibinin müavini Nura Hamladcının sözlərinə görə, Yer Kürəsində yaşayan hər bir insan iqlim fəaliyyətinə töhfə verməli və bu sahədə birlikdə çalışmalıdır. O vurğulayıb ki, gender bərabərliyinə həssas yanaşmaların tətbiqi bizi iqlim məsələlərində düzgün istiqamətə yönəldir. İqlim fəaliyyətinin mərkəzində duran iş proqramının qəbulundan sonra konkret tədbirlər yerində həyata keçirilib və qadınlar siyasətlərin formalaşmasında xüsusi rol oynayıblar.


Nura Hamladcı əlavə edib ki, bütün ölkələr bu ilin sonuna qədər ikiillik şəffaflıq hesabatlarını hazırlamalıdırlar. Bu hesabatlarda gender aspektlərinin əks olunması vacibdir. Yalnız bu yanaşma vasitəsilə qadınları nəzərə alan inklüziv iqlim fəaliyyəti təmin edilə bilər.


Tədbirdə çıxış edən BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri, BMT-nin Qadınlar Agentliyinin icraçı direktoru Sima Sami Bahaus qadınların iqlim dəyişmələrindən ən çox zərər çəkən qruplardan olduğunu bildirib. Qeyd edib ki, biz qadınların və gənc qızların hüquqlarını qorumalıyıq. Bizim qeyri-adi imkanlarımız var. İqlim maliyyəsi ilə bağlı hansı tədbirlərin keçiriləcəyini yaxşı öyrənməliyik. Bu maliyyə gənc qızları və qadınları əhatə etməlidir.


Afrika qitəsində içməli su problemi yaşadığını diqqətə çatdıran Сemima Njuki burada əsas yükün qadınların üzərinə düşdüyünü qeyd edib: “Onlar içməli su gətirmək üçün uzaq məsafələri qət edirlər. 2050-ci ilədək 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq. Qadınlar milli uyğunlaşma planında prioritet olmalıdırlar. Biz bu sahədə vəsaitlərin toplanılmasını tezləşdirməliyik. Çalışmalıyıq ki, qadınların səsi iqlimə aid olan problemlərdə ucalsın”.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, bu gün iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlər, habelə digər qlobal ekoloji problemlər bəşəriyyətin gələcəyi üçün ciddi təhlükələr yaradır. Ölkələr və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsi bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərtidir.


Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan ətraf mühitin qorunmasına yönəlmiş zəruri qanunvericilik bazası hazırlayıb və öhdəliklərini yerinə yetirmək üçün müxtəlif proqramlar vasitəsilə şərait yaradıb: “Biz institusional mexanizmlər və əlverişli investisiya mühiti yaratmışıq. COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qruplarının - uşaqların, gənclərin, qadınların və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcək. Otuzillik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın səmərəli həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir”.


Bahar Muradova qeyd edib ki, Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə Azərbaycan yaşıl iqtisadiyyat və bərpaolunan enerji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verir. “Biz iqlim və gender ədaləti imkanlarının artırılmasında göstərdiyimiz birgə səylərlə fəxr edirik. Bu, iqlim siyasətimizin əsas prioritetlərindən biridir. BTR (İkiillik Şəffaflıq Hesabatı) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) mexanizmləri vasitəsilə bu istiqamətdə irəliləyişlər əldə edərək unikal imkanlardan faydalana bilərik. Azaltma tədbirlərində gender inteqrasiyasını gücləndirmək, şəffaflıq, hesabatlılıq və bərabər iştirakı təmin etmək təkcə bərabərlik vasitəsi deyil, həm də qadın və qızların hüquqları üçün güclü vasitədir”, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.


Yüksəksəviyyəli tədbirdə iştirakçılar iqlim siyasətində gender aspektlərinin inteqrasiyası, gender bərabərliyinin təşviqi və bu sahədə qarşıya çıxan çağırışları müzakirə ediblər. Tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizədə gender əsaslı yanaşmaların tətbiqinin vacibliyi bir daha vurğulanıb.

Chosen
56
23
ekologiya.az

10Sources