EN

“Dayanıqlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransın təşkili planlaşdırılır

Bakı, TurkicWorld

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində "İqlim, Təbiət və İnsanlar üçün Meşə: Meşələr üçün iqlim maliyyəsinin artırılması" mövzusunda yüksək səviyyəli toplantı keçirilib.

TurkicWorld xəbər verir ki, COP29 Sədrliyi və BMT-nin Meşələr Forumunun (UNFF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı tərəflərin nümayəndələri ilə birgə Brazilya, Birləşmiş Krallıq, Konqo Demokratik Respublikası, Kanada, Surinam və Yaponiyanın ətraf mühit nazirliklərinin rəsmiləri, həmçinin BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı, Yaşıl İqlim Fondu, Qlobal Ətraf Mühit Fondu və Asiya İnkişaf Bankının əməkdaşları iştirak edib.

Yüksək səviyyəli toplantıda aidiyyatı ekspertlər, rəsmi nümayəndələr iqlim dəyişikliyi fonunda meşələrin itirilməsi, meşə ekosisteminin deqradasiyası, meşələrlə bağlı mövcud problemlərin həlli yolu ilə Paris Sazişinin məqsədlərinə nail olunmasında iqlim fəaliyyətinin və siyasətinin gücləndirilməsi, meşələr üçün əlavə iqlim maliyyəsindən, o cümlədən mövcud innovativ maliyyələşdirmə mexanizmlərindən istifadə, ən yaxşı təcrübələrlə bağlı məlumat mübadiləsi və biliklərin idarə edilməsi məqsədilə qlobal səylərin gücləndirilməsi ətrafında müzakirələr aparıb.

Tədbirdə növbəti ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən irəli sürülən meşə mövzusunda beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü barədə məlumat verilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bildirilib ki, Azərbaycanda 2025-ci ildə "Dayanıqlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu" adlı Beynəlxalq Konfransın təşkili planlaşdırılır. Konfransda meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarının, ekoloqların, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gətirilməsi nəzərdə turulur. Azərbaycan tərəfinin İrəli sürdüyü təşəbbüsə BMT-nin Meşələr Forumu (UNFF) tərəfindən dəstək ifadə edilib.

Chosen
9
6
turkic.world

7Sources