EN

Madaqaskarın rəsmisi: "Şirin su ekosistemləri iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün böyük potensiala malikdir"

Şirin su ekosistemlərinə diqqət yetirilmədən iqlim hədəflərinə çatmaq mümkün deyil.

“Report” xəbər verir ki, bunu Madaqaskarın Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Tədqiqatlar İdarəsinin rəhbəri Adrianina Zo Rakotamavo COP29 çərçivəsində keçirilən “İqlim üçün su: Su məsələlərinin NDC-lər və NAP-lara inteqrasiyası” adlı tədbirdə bildirib.

O, inteqrasiya olunmuş su resurslarının idarə edilməsinin (IWRM) iqlim dəyişikliklərinin təsirlərini azaltmaq və uyğunlaşmanı təmin etmək baxımından əsas rol oynadığını vurğulayıb.

A.Rakotamavo qeyd edib ki, 1,5 dərəcə hədəfinə çatmaq üçün su resurslarına, xüsusilə də şirin su ekosistemlərinə diqqət yetirmək vacibdir: “Bu ekosistemlər həm iqlim dəyişikliklərinin təsirlərini azaltmaq, həm də uyğunlaşma üçün böyük potensiala malikdir. Təəssüf ki, onların əhəmiyyəti çox vaxt lazımınca dəyərləndirilmir”.

Madaqaskar rəsmisi torf bataqlıqları kimi ekosistemlərin karbonun saxlanılmasında həyati əhəmiyyət daşıdığını xüsusi vurğulayıb: “Torf bataqlıqları dünyanın torpaq səthinin yalnız 3 %-ni əhatə etsə də, bütün meşələrdən iki dəfə çox karbon saxlayır. Bu cür su ilə zəngin ekosistemlərin qorunması 1,5 dərəcə hədəfinə çatmaq üçün olduqca vacibdir.”

O, həmçinin UNEP və digər beynəlxalq təşkilatların təqdim etdiyi açıq məlumat və resursların ölkələrin ekosistemlərin qorunması üzrə səylərini gücləndirmək baxımından əhəmiyyətini qeyd edib.

A. Rakotamavonun sözlərinə görə, IWRM yeni bir konsepsiya deyil və artıq 20 ildən çoxdur ki, tətbiq edilir. Buna baxmayaraq, bu yanaşmanın daha geniş miqyasda tətbiqi və iqlim dəyişiklikləri ilə bağlı milli strategiyalara inteqrasiyası hələ də vacibdir: “Bu yanaşmanın qlobal səviyyədə genişləndirilməsi həm insanlar, həm də təbiət üçün davamlı və təsirli nəticələr əldə etməyə imkan verəcək".

Chosen
29
far.az

1Sources