İtaliya yığmasının və “Yuventus”un keçmiş qapıçısı Canluici Buffon qarşı oynadığı ən çətin rəqibin kim olduğu ilə bağlı sualı cavablayıb.
Arena.az İtaliya futbolunun əfsanəvi qapıçısının bu barədə cavabını təqdim edir:
“Mən üç nəslin nümayəndələrinə qarşı oynamışam, burada necə seçim edəsən? Zidan, Ronaldo, Messi, Kristiano, İnyesta… Əgər ancaq birini seçməli olsaq… Onda mən Neymarın adını çəkəcəyəm. Onun bir futbolçu və bir insan olaraq necə biri olduğunu nəzərə alsaq, o, karyerası ərzində beş “Qızıl top” qazanmalı idi…”, deyə Buffon vurğulayıb.
Xatırladaq ki, Neymarın “Qızıl top”u qazanmağa ən yaxın olduğu illər 2015-ci və 2017-ci illər olub, hər iki səsvermənin yekununda “Ney” üçüncü yerlə kifayətlənməli olub. Beləcə Neymar karyerası ərzində bir “Qızıl top” belə, qazanmayıb.
Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, braziliyalı futbolçu ötən il DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıtmışdı. Buna rəğmən “Ney” növbəti oyununda yenidən zədə alaraq, iki həftə müddətinə sıradan çıxıb.
Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.
Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.