EN

Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda TƏDBİR

Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını diqqətə çatdıraraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. YAP-nın Azərbaycanın bütün uğurlarındakı xüsusi əhəmiyyətindən bəhs edərək, həyata keçirilən xarici və daxili siyasətin nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olunmuş, ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa edilmişdir. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş, bu gün qalib xalqın qalib Lideri İlham Əliyevin təşəbbüsləri ilə inkişaf edən YAP ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır.

Tədbirdə Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, partiya veteranı Azad Əliyev çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır.

Tədbirdə Oğuz Peşə Məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Ceyhun Kərimov Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Azərbaycanın Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Oğuz Rayon Mərkəzi Xəstəxana ərazi partiya təşkilatının sədr müavini Lalə Salamova çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycana sabitlik və tərəqqi gətirdi. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə çevrilib. Xalqımız öz Liderinə inanır, onu dəstəkləyir və onun ətrafında sıx birləşib.

Tədbirdə yekun nitqi ilə çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov qeyd edib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. 32 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək, möhtəşəm nailiyyətlər əldə edib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərman təqdim edilib.

Chosen
34
22
sesqazeti.az

10Sources