EN

"Rusiya-Ukrayna müharibəsində sülh əldə olunmasa, fəlakətlər olacaq"

"Artıq Ukrayna Rusiya müharibəsi 1002 gündür ki, davam edir və son günlər daha da kəskinləşib. Buna da səbəb ABŞ Prezidenti Cozef Baydenin onların ATACMS raketlərindən Rusiyanın dərinliklərinə vurmağa icazə verməsidir".

Bu sözləri Redaktor.az-a politoloq Elşad Həsənov Rusiya-Ukrayna müharibəsini şərh edərkən dedi. Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə etməsi, dünya üçün təhdiddir.

"Bu çox gərginlik yaratdı. Rusiya təcili olaraq özlərinin nüvə strategiyasına baxdı və Prezident Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiq etdi. Orada göstərilir ki, Rusiya ərazisinə və onun müttəfiqi Belarus ərazisinə, milli təhlükəsizliyə təhdid olarsa, onlar nüvə silahından istifadə edəcəklər. Bu çox böyük gərginlik, təhdiddir. Nüvə silahıyla artıq Putin dünyanı təhdid edir. Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıracağam deyən Trampın hakimiyyətə gəlməsinə iki aydan az vaxt qalıb. Bildirilir ki, Cozef Bayden bu əmri verməmişdən əvvəl Trampla görüşən zaman məsələni onunla da müzakirə edib. Bu doğrudursa, deməli, vəziyyət daha da gərgindir. Çünki elə hesab olunurdu ki, Tramp hakimiyyətə gələndən sonra Rusiya və Ukraynanı danışıqlara məcbur edəcək və qarşılıqlı güzəşt şəraitində bu müharibə bitəcək".

Politoloq qeyd etdi ki, müharibənin yaxın gələcəkdə sonlanması, mümkünsüz görünür.

"Görünən odur ki, müharibə davam edəcək. Çünki Rusiya işğal etdiyi zonalardan çıxmaq istəmir və onun əsas şərti odur ki, Ukrayna NATO-ya üzvü olmasın. Ukrayna, Krım, Donbas və ümumiyyətlə Rusiyanın işğal etdiyi torpaqlara o nəzarət etsin və Ukraynada rus dili yenidən bərpa olunsun. Yəni bunları da təbii ki, Ukrayna tərəfi qəbul etmir. Ona görə də Zelenski çıxışında bildirdi ki, biz bu şərtlərə gedəsi deyilik və gələcəkdə Amerika bizə yardımlar etməsə də, biz öz azadlıq müharibəmizi, torpaqlarımızı azad etmək uğrunda mübarizəni davam etdirəcəyik. Ukrayna Amerikanın ATACMS silahlarından artıq istifadə elədi. Cozef Baydenin ardınca, Fransa və Böyük Britaniya da öz raketləri ilə Rusiyanın dərinliklərinə vurmağa icazə verdilər. Rusiya iqtisadi cəhətdən çökür və əgər belə da çox davam edərsə, orda vəziyyət çətin olacaq. Bu da təbii ki, Rusiyanın daxilində problemlərin olmasına səbəb olacaq".

Türkan İSGƏNDƏRLİ

Chosen
20
50
redaktor.az

10Sources