EN

“YAP ürəyi vətənlə döyünən insanları Ulu Öndərin işığında birləşdirib” - SORĞU

SİA Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar millət vəkilləri arasında sorğu keçirib:

Millət vəkili Tahir Rzayev:

“Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır. Dövr, zaman bunu tələb edirdi və Azərbaycan xalqının bilavasitə təşəbbüsü, Ulu Öndərin səyləri nəticəsində bu partiya təsis olundu. YAP-ın 32 il ərzində keçdiyi yol çətin və çox mənalıdır. Çünki yarandığı altı aydan sonra bu partiya ölkənin hakim partiyasına çevrildi. Sözsüz ki, bu partiyanın sədri Ulu Öndər Heydər Əliyevə xalqın böyük etimadının və inamının ifadəsi idi. Çünki partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə xalqla bir olmuş, arzu və istəklərini ifadə etmişdir, Azərbaycanın inkişafında və tanıdılmasında böyük xidmətlər göstərib. Məhz buna görə də 91 nəfər ziyalı xalqın adından Ulu Öndərə partiyanın yaradılması ilə əlaqədar müraciət edərkən, bunu səmiyyətlə qarşılamış və Azərbaycanın bugünkü taleyi, o dövrün çətinliklərini nəzərə alaraq belə bir siyasi təşkilatın yaradılmasına razılıq vermişdir.

Partiyanın müəyyənləşdirdiyi yol, onun məqsədi müqəddəs idi. Heydər Əliyev tərəfindən müəyyənləşdirilən fəaliyyət proqramda Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsi, hüququ və dünyəvi dövlət quruculuğu, əmin-amanlıq, siyasi sabitliyə mühüm önəm verilir və bu vacib məqamlar qarşıya məqsəd qoyulurdu. Bu ideyalar cəmiyyət tərəfindən də dəstəklənirdi. Məhz bu dəstəyin nəticəsi idi ki, 1993-cü ilin iyun ayında partiyanın sədri Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi. Təbii ki, həmin dövr çətin idi, torpaqlarımız işğal altına düşmüşdü, erməni işğalçıları isə daha geniş ərazini işğal etməyi hədəfləyirdi. Həmçinin ölkə daxilində parçalanma var idi, silahlı qarşıdurmalar baş tuturdu. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, böhranlı vəziyyəti aradan qaldırması çətin idi. Lakin xalq inanırdı ki, bu çətinliklərin öhdəsindən yalnız Ulu Öndər gələ bilər.
Xalq öz inamında yanılmamışdı, Ulu Öndər hakimiyyətə gələn kimi ictimai-siyasi stabilliyi bərpa etmək, iqtisadiyyatı gücləndirməyi əsas vəzifə kimi qarşıya qoydu.

Sonrakı dövrlərdə atəşkəsin əldə edilməsi, çox mühüm neft kontraktlarının imzalanması, beynəlxalq aləmlə münasibətlərin yaxşılaşdırılması, qonşu ölkələrlə əməkdaşlıqların qurulması ölkənin bugünkü inkişafını təmin etdi. Əbəs yerə deyilmir ki, “YAP dünənin, bugünün və gələcəyin partiyasıdır”. YAP Heydər Əliyevin təşkilatçılığı, müdrikliyi sayəsində o dövrdə çətin, amma şərəfli bir yol qət etdi.

Sonrakı uğur və nailiyyətlər isə ölkə başçısı cənab İlham Əliyevin adı ilə sıx bağlıdır. Partiyamızın sədri, Prezident İlham Əliyev Ulu Öndərin bəşəri ideyalarına sadiqliyini bütün hallarda uğurla yerinə yetirdi. Bu gün də bəşəri vəzifələr uğrunda mübarizə davam edir.

YAP-ın 5 mart 2021-ci ildə keçirilən qurultayında YAP-ın bir siyasi qüvvə kimi həyata keçirdiyi tədbirlər bütün dünyaya bəyan edildi. Partiyanın sədri cənab İlham Əliyevin səyi bəşəri ideyaları dünyada sülh, azadlıq, demokratiya uğrunda apardığı mübarizə nəinki Azərbaycan xalqı, həmçinin dünyanın əksər dövlətləri tərəfindən qiymətləndirildi. Prezidentin səyləri nəticəsində partiyanın sıraları gün keçdikcə daha da genişlənir. Bu gün dünya dövlətləri YAP-ın sədri cənab İlham Əliyevi uzaqgörən, müdrik, bəşəri dəyərlərə hakim və insan hüquqlarına dəyər verən rəhbər kimi tanıyır. Dövlət başçısının əldə etdiyi uğurlar bu gün bir örnək kimi dünya siyasətçilərinə təqdim olunur. Rəhbərimizin ən böyük uğuru isə Qarabağ və Şərqi Zəngəzurun erməni faşistlərindən azad edilməsidir. Çünki bu elə bir qələbədir ki, Azərbaycan xalqı bu qələbəni illərlə gözləyib.

Bu gün ölkə başçısı tarixi qələbəni iqtisadi sahədə, beynəlxalq aləmdə təkrarlamaqla yeni tarix yazır. COP29-un ölkəmizdə uğurla həyata keçirilməsi bir daha göstərdi ki, Azərbaycan ən böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırdır. Bu uğurlar xalqın dəstəyi, Prezidentə inamından qaynaqlanır. Bu gün Azərbaycan Prezidenti xalqla birdir, qarşıya qoyulan ən mühüm vəzifə isə sərhədlərimizin, milli birliyimizin qorunması, ölkənin inkişaf etdirilməsidir.
Bu yolda Yeni Azərbaycan Partiyasının üzvləri ön sırada gedirlər. YAP bu gün öz tarixinin ən şanlı səhifələrini yaşayır”.

Millət vəkili Hikmət Babaoğlu:

“1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılması təkcə siyasi sistemimizin tarixində mühüm hadisə kimi yadda qalmadı. Həmçinin Azərbaycan dövlətçilik tarixinə mühüm hadisə kimi adını yazdırdı. Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizin inkişafının sonrakı mərhələsində hüquqi, sosial dövlət yaratmaq məqsədlərini YAP-ın nizamnaməsində əks etdirdi. 1995-ci ildə isə məhz Azərbaycançılıq ideologiyası, demokratik dəyərlər, insan azadlıqları, müstəqil dövlət quruculuğu kimi mühüm hüquqi-siyasi prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında mühüm yer tutdu.
Yarandığı gündən bu günə qədər siyasi sistemimizin lokomativinə çevrilən YAP öz fəaliyyətinin müxtəlif mərhələlərində gələcək Azərbaycan üçün fundamental əsaslar yaratmağı bacardı. Bu təkcə siyasi sistemin yeni milli və demokratik dəyərlər əsasında inşası deyildi, həm də dövlətçiliyimizin inkişafının keyfiyyətcə yeni bir mərhələyə daxil olmasının başlanğıcı idi. Nəhayət YAP ölkəmizdə daxili siyasi proseslər kontekstində milli bərabərlik və həmrəyliyi təmin etməklə bərabər, həm də xarici siyasətimizdə milli maraqlara söykənən strateji kurs müəyyənləşdirməyi bacardı.
Bütövlükdə əsas məqsəd torpaqlarımızı işğaldan azad edərək, suverenliyimizi təmin etmək idi. Bu gün YAP Azərbaycan cəmiyyətinin siyasi sistem qurmağı bacardığı gündən bu günə qədər ilk belə siyasi təşkilatdır ki, qarşıya qoyulan məqsədlərə çatdı”.

Millət vəkili Əli Hüseynli:

“Düz 32 il bundan öncə - 21 noyabr 1992-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə YAP təsis edillmiş və Ulu öndərimiz partiyanın sədri seçilmişdir. Məhz həmin təqvim YAP-nın yaranması günü kimi çağdaş tariximizə həkk olunmuşdur.

O dövrdə Azərbaycan öz dövlət müstəqilliyini formal şəkildə bərpa etməsinə baxmayaraq, reallıqda nəinki bu nailiyyəti, hətta dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ona görə də o zaman respublika rəhbərliyində olan səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyətlərinə və antimilli düşüncələrinə müxalif qüvvə kimi siyasət meydanına atılan YAP Heydər Əliyevin dühası sayəsində çox tez bir zamanda xalqın rəğbətini qazanaraq 1993-cü ildə artıq hakim partiya kimi ölkənin inkişaf strateğiyasının ideoloji sütununa çevrilə bildi. YAP-ının yaradılması ilə Azərbaycanın xilasının və sürətli dinamik tərəqqi yolunun bünövrəsi qoyuldu. Bu baxımdan bu gün tam səmimiyyətlə və əminliklə deyə bilərik ki, Azərbaycanın o dövrdən bəri əldə etdiyi bütün uğurlarının altında YAP-nın imzası vardır. Partiyamızın öz nailiyyətlərinin arxasında isə xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Bu gün sıralarında 730 mindən artıq üzvü birləşdirən və bütün fəaliyyəti boyu “dünənin, bu günün və gələcəyin partiyası olduğunu” sübut edən YAP 32 il ərzində çox məsuliyyətli və şərəfli yol keçib. Hər mərhələdə özü üçün yeni, daha yüksək siyasi hədəfləri müəyyən edən partiya əvvəlcə təşkilatın lideri Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti nəticəsində Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edən konsepsiyanın hazırlanıb həyata keçirilməsində əvəzsiz rola malik olub.

YAP bu gün ölkənin ölkəmizdə siyasi sistemin monolit gücü və avanqard siyasi institutu kimi siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına və təkmilləşməsinə fundamental töhfələr verməkdədir. O, sahib olduğu resurslara, ictimai-siyasi dəyərinə, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki yerinə görə Azərbaycanın siyasi palitrasının ən nüfuzlu partiyasıdır.

2003-cü ildən YAP-nın sədri kimi bu estafeti daha böyük nailiyyətlərlə davam etdirən cənab İlham Əliyev Ulu öndərimizin ölməz siyasi irsini daha da zənginləşdirərək dövlətimizin qüdrətinin, beynəlxalq nüfuzunun daha da artmasını təmin edib. Yeni siyasi konfiqurasiyanın formalaşması ilə milli həmrəyliyə nail olunması, bu istiqamətdə bütün səviyyələrdə ümumxalq və taleyüklü məsələlər ətrafında siyasi həmfikirliliyin təşəkkül tapması Qarabağın işğaldan azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsində ən mühüm rol oynayan amildir. Ona görə də bu tarixi Qələbə həm də regionun ən möhtəşəm siyasi təşkilatına çevrilmiş YAP-na Zəfər partiyası kimi yeni titul qazandırıb. Özünün sülh konsepsiyası ilə bölgənin yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi doktrinasının reallaşması sayəsində bu gün artıq müharibədən sülhə, ədavətdən barışığa, əsassız iddialardan reallığa və ədalətə keçidin konturları formalaşmaqdadır. Bu yolun ideoloji lokomotivi isə məhz daim yeniləşən və güclənən YAP-dır”.

Millət vəkili Azər Badamov:

“Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 32 ili tamam olur. YAP zərurətdən yaranan siyasi partiyadır. Amma müxalif partiyası kimi təsis olunsa da, yarandığı ilk gündən hökumətə qarşı konstruktiv mövqedə olmuşdur.

YAP yaranması ölkənin gələcəyinə biganə qala bilməyən Azərbaycan ziyalıların ümumi birliyi ilə orta gətirilmiş bir ideyadan irəli gəldi. Ulu Öndər Heydər Əliyevin dövlətçilik, vətənə bağlılıq, demokratik prinsiplərini özündə cəmləyən YAP qısa zaman kəsiyində iqtidar partiyasına çevrilir və müstəqil Azərbaycan dövlətinin xilaskarına çevrilir. Əslində YAP ürəyi vətənlə döyünən insanları Ümummilli Lider Heydər Əliyevin işığında birləşdirmişdir. Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyət dövrü keçdiyi böyük bir tarixi yolla zəngindir. Partiyanın ideyaları Azərbaycanı parçalanmaqdan xilas etməklə güclü müstəqil dövlətin yaradılması üzərində qurulmuşdur. Belə ki, Ümummili Lider Heydər Əliyevin sədrliyi ilə YAP Azərbaycanda güclü müstəqil dövlətin əsaslarının yaradılmasında yaxından iştirak etdi. Əslində YAP iqtidara gəldiyi ilk gündən dövlətin siyasi kursu ilə yanaşı addımlayır və uğurlu bir siyasi fəaliyyəti ilə ümumxalq partiyasına çevrilmişdir.
26 mart 2005-ci ildə YAP-ın sədri seçilən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir və Azərbaycanı qalib bir ölkəyə çevirir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu və xalqımız Ulu Öndərin ən böyük arzusunu həyata keçirərək, Şuşada dövlət bayrağımızı dalğalandırır.
5 mart 2021-ci ildə keçirlən YAP-ın VII qurultayı partiyanın tərkibində struktur islahatların aparılması, yeni nizamnamə və proqramın qəbul edilməsi ilə partiyanın siyasi fəaliyyətində yeni hədəflər müəyyənləşdirir. Bu hədəflərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsində yaxından iştirak etmək, ölkədə milli həmrəyliyin və birliyin daha da möhkəmləndirilməsi, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyyə olunmasının genişləndirilməsini özündə əks etdirir.
Bu gün YAP regionun ən böyük siyasi gücü olması ilə yanaşı dünyanın böyük siyasi partiyaları ilə geniş əməkdaşlıq edilməsini genişləndirir. Belə ki, 12 noyabr 2024-cü ildə Çin Xalq Respublikasında səfərdə olan YAP nümayəndə heyəti Çin Komunist Partiyası ilə əməkdaşlığa dair memorandum imzalamışdır. YAP dünyanın güclü ölkələrin siyasi partiyaları ilə əməkdaşlığını genişləndirməklə dövlətlər arası münasibətlərin genişlənməsinə və ölkəmizin siyasi mövqelərin möhkəmlənməsinə töhfə veirir.
YAP Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının daha da yaxşılamasına və ölkədə xalq iqtidar birliyinin möhkəmlənməsinə xidmət edir. YAP-ın iqtidarda olduğu illər Azərbaycan dövlətinin qurulmasına, siyasi və iqtisadi müstəqilliyinin təmin olunmasına, dünyada mövqelərimizin möhkəmlənməsinə və Azərbaycanın qalib dövlət olmasına xidmət etmişdir. Məhz YAP-ın iqtidarda olmasıyla Azərbaycan dövləti daha da inkişaf edəcək və xalqımızın firavanlığı artacaqdır. Bu baxımdan YAP “Dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Müəllif: Səbinə Hüseynli
Chosen
97
sia.az

1Sources