EN

Ofeliya Sənani kimdir? - Qayınatasının qısqandığı gəlin, çarmıxa çəkilən diktor

Noyabrın 21-i Ümumdünya Televiziya günüdür.
 
1996-cı ilin dekabrında BMT Baş Assambleyası 21 noyabr tarixini həmin ildə ilk Ümumdünya Televiziya Forumunun (World Television Forum) keçirilməsi ilə əlaqədar olaraq Ümumdünya Televiziya Günü (World Television Day) elan edib. Azərbaycanda televiziya yayımına 1956-cı il fevralın 14-də başlanılıb.
 
Moderator.az bildirir ki, Lent.az “Bioqrafiya” rubrikasında  Azərbaycan televiziyasının qocaman diktoru, Xalq artisti, Prezident təqaüdçüsü Ofeliya Sənani barədə məlumat verib.
 
- Ofeliya  Sənani harada və nə zaman anadan olub?
 
Ofeliya Hacağa qızı Sənani 26 may 1941-ci ildə Bakı şəhərində anadan olub.
 
- Ofeliya Sənani harada təhsil alıb?
 
1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 1959-1975-ci illərdə bir sıra radio tamaşalarında baş rolları səsləndirib. Ofeliya Sənani 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlayıb və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb.
Daha sonra ADU-nun (indiki BDU) Filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb.
 
- Ofeliya Sənani filmlərə çəkilib?
 
Bəli. 200-dən artıq filmin dublayjında iştirak edib. O, 1960-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını – “Yeddi oğul istərəm” (1970 - Humay), “Gün keçdi” (1971 – Əsmər), “Tütək səsi” (1978 - İsmət), “Qayınana” (1978 - Sevda) və b. qəhrəmanları səsləndirib.
 
Bir neçə filmdə rol alıb – “Dağlarda döyüş” (1967), “Sahil bağı” (1967), “O qızı tapın” (1970), “Ulduzlar sönmür” (1971) və s. bədii filmlərində, “Mücrü” (1973), “Bakı bulvarı” və s. televiziya filmlərində çəkilib. 
 
- Ofeliya Sənani hansı mükafatları alıb?
 
Ofeliya Sənani Azərbaycan efir məkanında diktor məktəbinin aparıcı şəxsiyyətlərindən biri kimi yeni diktor nəslinin yetişməsində böyük  rol oynayıb.Kütləvi informasiya vasitələrinin mühüm qollarından biri olan Milli Televiziyanın inkişafındakı xidmətlərinə görə Ofeliya Sənani 1975-ci ildə “Əməkdar artist”, 1991-ci ildə isə “Xalq artisti” fəxri adlarına, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Fərdi təqaüdə layiq görülüb.
 
- Ofeliya Sənani kiminlə ailəli olub?
 
O tanınmış aktyor Möhsün Sənaninin oğlu televiziya redaktoru, ssenarist Valid Sənani ilə ailəli olub. İki övlad anası olan Ofeliya Sənaninin hazırda nəvə və nəticələri var.
 
- Möhsün Sənaninin gəlini Ofeliya Sənani hamıya qısqanması doğrudur?
 
Bəli. Bu barədə Ofeliya xanım özü belə danışıb:
 
“Həyat yoldaşım Valid müəllim onun ilk ailəsindən idi. Sonra başqası ilə ailə qurmuşdu və o qadından bir qızı olandan sonra az qala bunları tamam unutmuşdu. Amma mən onun xətrini dünyalar qədər istəmişəm. 1959-60-cı illərdə mən radioda təzə başlamışdım diktorluğa, gəlib oturdu şüşənin o biri üzündə, əllərini astaca dizinə vura-vura diqqətlə məni izlədi. Sən demə, oğlu üçün qız seçirmiş və gələcək gəlininin bütün xarakterini, xasiyyətini öyrənirmiş.
 
Ürəyimdə deyirdim, bu kişinin işi-gücü yoxdur?! Mənə heç nə demirdi axı. Sonra da oğluna məsləhət gördü ki, bu qızı al. Mənə elə gəlir, Valid özü atasına demişdi, gəl bu qıza bax. 
 
Qayınatam çox qısqanc idi. Həm ailəsinə, həm də elə mənə qarşı. "Dağlarda döyüş" filmində çəkiləndə rəhmətlik Şahmar Ələkbərovla bir yerimiz var, dağdan qaçaraq aşağı enirik, ssenaridə elə idi ki, Fərrux (Şahmar Ələkbərov) mənim əlimdın tuturdu, qaça-qaça gəlirdik. Həm də baxmayın da, dağdan enirik axı, yıxıla bilərəm. Şahmar əlimdən tutmuşdu. Aşağı çatdıq, qayınatam yaxınlaşdı, səsini qaldıraraq: "Saxlayın çəkilişi! Ə, Şahmar, qızın əlindən niyə tutmusan? Get bir də gəl, amma qızın əlindən tutma!". Şahmar dedi: "Ay Möhsün müəllim, sən rejissorsan? Qızın əlindən tutmuşam ki, yıxılmasın!". Belə şeylərə çox diqqət yetirirdi. Gecəyarı mehmanxanadakı nömrəmin qapısını döyürdü. "Ofa, yatmısan?". Mən də ağır yatıram. Cavanlıqda lap ağır yatırdım. Eşitmirdim səsini. Nəsə ayılırdım. "Bir şey lazımdır?" - soruşurdum. "Yox, elə belə, qapını döydüm, görüm yatmısan, ya yox?". Artıq bir qızımız da gəlmişdi dünyaya, amma qayınatam belə idi. "Dağlarda döyüş"ün çəkilişləri Mineralnıye Vodı, Yessentuki tərəflərdə gedirdi, uşağı atasının yanında qoyub getmişdim. Möhsün müəllimin çəkiliş günü oldu-olmadı, mütləq gəlib mənim çəkilişlərimdə iştirak edirdi.
 
Valid bir söz demirdi, o çox yaxşı adam idi axı. Biz həmişə bir-birimizə inanmışıq”.
 
- Ofeliya Sənani bu evliliyə heç peşman olub?
 
Yox. O ərini çox sevib.
 
"Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Mənim 18 yaşım vardı. Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu “uşaq qız” artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idilər. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Tökdü stolun üstünə… Dedi, bunlar Ofanındı, təki bir kəlmə “hə” desin oğluma. Valid özü mənim üçün bir dünya idi, qızılı nə edəydim?”
 
- Valid Sənaninin ölümündən sonra Ofeliya xanımın səhhətində problem yaranıb?
 
Bəli. Səhhətinə görə müalicə alan sənətkar övladlarına vəsiyyət etdiyini də deyib:
 
"Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi.
 
- 83 yaşlı Ofeliya Sənaninin səhhəti indi necədir?
 
O bir neçə ay öncə infarkt keçirib. “Bu il, nədənsə, özümü xüsusilə pis hiss edirəm. Nə olur-olsun, artıq yaş öz işini görür. Mən lap çoxdan, belə deyək də, stajlı hipertonikəm, təzyiq mənə əziyyət verir, amma bunu əvvəllər heç vaxt ciddi qəbul etmirdim. Üstünə düşmürdüm, indi hiss edirəm, incidir məni. İştaham tamam küsüb. Nəsə, yaxşı olmağa çalışıram” deyə o bildirib.
 
- Öz fəaliyyətini Ofeliya Sənani necə qiymətlənidirb? 
 
“Bilmirəm niyə, amma ekranda göründüyüm ilk gündən tamaşaçı məni sevdi. Mən də heç vaxt xalturaya yol vermədim. Çünki televiziyanı o qədər sevirdim ki… İşimə çox məsuliyyətlə yanaşırdım. Ümumiyyətlə, heç həyatımda olmadı ki, mən bir sakit oturum, çayımı içim, rahat televizora baxım, sabaha nə bişirəcəyimi fikirləşim? Olmadı heç vaxt… Həmişə “çarmıxa çəkilmişəm”. İşlərim həmişə bir-birinə calanıb”- öz qiymətini belə verib.
 
Chosen
53
50
moderator.az

10Sources