EN

COP29-da Qırğızıstanın bütün yan tədbirləri çox uğurludur

“Biz bu gün Bakıda COP29-da olmaqdan və turizm sektoruna xüsusi diqqət yetirilməsindən çox məmnunuq”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləriaçıqlamasında COP29-da iştirak edən Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Turizm Departamentinin direktoru Maksat Usubəliyev deyib.

“Bu səhərdən biz turizmin davamlı inkişafından danışırıq. Əsasən, mövzumuz dağ turizminin inkişafı - mövcud problemlər, onun inkişaf perspektivləri ilə bağlı idi. Qırğızıstanın 90 faizindən çoxunun dağlıq ərazi olduğunu nəzərə alsaq, əlbəttə ki, bu mövzu çox aktualdır. Bakıda təşkilati məsələlərdən danışırıqsa, bu, bizim buraya ilk səfərimizdir və lap əvvəldən, ölkəyə gələndən çox yaxşı təəssürat bağışlayır. Qonaqpərvərlik dərhal görünür və hiss olunur. Stenddə iş şəraiti çox yaxşıdır. Bildiyimə görə, Qırğızıstan ilk dəfədir ki, ayrı stendlə iştirak edir”, - agentliyin həmsöhbəti qeyd edib.

M.Usubəliyevin sözlərinə görə, Qırğızıstanın stendi çox populyardır.

“Nəzər salsanız, COP29-da planlaşdırdığımız demək olar ki, bütün yan tədbirlər çox uğurludur. İnsanlar gəlir, maraqlanır, məlumat mübadiləsi aparırlar. Biz turizmi inkişaf etdiririk və eyni zamanda təbiət ərazilərinə antropogen yükü azaltmağa çalışırıq. Qırğızların təbiətlə harmoniyada yaşayan köçəri xalq olduğunu, ekoloji cəhətdən təmiz materiallar - gördüyünüz kimi, ağac və keçə istifadə etdiyini nümayiş etdirmək üçün bu gün milli məskənimiz olan çadırı gətirmişik. Bu cür texnologiyalar, təşəbbüslərin hamısı Qırğızıstan Respublikasında mövcuddur. Fürsətdən istifadə edərək bütün azərbaycanlı dostlarımızı və COP-un digər iştirakçılarını Qırğızıstan Respublikasını ziyarət etməyə dəvət edirik”, - departamentin direktoru sözlərini yekunlaşdırıb.

Chosen
5
2
sia.az

3Sources