EN

Şəhərin gözəlliyini pozanbinalar - Ekspertlərdən AÇIQLAMA - FOTO

Yaşayış binalarının əsas problemlərindən biri də kondisionerlərin quraşdırılması zamanı norma və standartlara riayət edilməməsidir. Belə olan halda sakinlər həm qonşu mənzillərdə yaşayanlar, həm də binanın həyətyanı sahəsindən keçən şəxslər üçün təhlükə yaradırlar. Təbii ki, kondisionerlərin quraşdırılması peşəkar, ixtiaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir. Təəssüf ki, əksər şəxslər kondisioner alır, sifariş verir, quraşdırılmasını isə dost-tanışına etibar edir, hətta özü quraşdırır. 

Digər tərəfdən kondisionerlərin şəxsi istəyə görə binaların fasadları üzərində xaotik şəkildə quraşdırılması xoş olmayan görüntü yaradır. Bəzi tikinti şirkətlərində bu halın qarşısını almaq üçün sakinlərin qoyulan qaydalara əməl etmələri öncədən bildirilir. Lakin bu hal fotodan da göründüyü kimi, bütün şirkətlər üçün keçərli deyil. 

Əmlak Məsələləri üzrə mütəxəssis “AİD CONSULTİNG” MMC-nin rəhbəri Vüsal Məstəliyev məsələylə bağlı Avtosfer.az-a bildirib ki, kondisionerlərin bina üçün quraşdırılması zamanı müəyyən texniki və estetik tələblər mövcuddur:

“Bu tələblər, həm binanın təhlükəsizliyini və enerji effektivliyini təmin etmək, həm də ümumi estetik görünüşü qorumaq üçün qoyulur. Kondisionerlərin quraşdırılmasına aid texniki tələblər var. Kondisionerlərin yerləşdirildiyi yerlər yaxşı havalandırma təmin etməli, hava axını üçün kifayət qədər açıq sahə olmalıdır. Xarici bloklar arasında minimum (adətən 30-50 sm) məsafə saxlanılmalıdır.

Estetik və Planlaşdırma tələblərinə gəlincə kondisionerlər binanın fasadında estetik görünüş yaratmaq üçün bir xətt boyunca (sıra ilə) və eyni hündürlükdə quraşdırılmalıdır. Hər blokun bir-birinə bərabər məsafədə yerləşdirilməsi tələb olunur. Fasadın zədələnməsinin qarşısını almaq üçün quraşdırma zamanı fasadın zədələnməməsinə diqqət edilməlidir. Fasad materialından asılı olaraq xüsusi montaj alətləri istifadə olunmalıdır. Gözə çarpmayan yerlərdə (məsələn, balkon daxili, texniki otaq yaxınlığı) yerləşdirilməsi məsləhət olunur. Bundan əlavə kondisionerlər xidmət və təmir üçün rahat çıxışı təmin edən yerlərdə quraşdırılmalıdır. Ümumiyyətlə, əgər bina üçün xüsusi bir layihə varsa və ya lokal tələblər barədə məlumat varsa, onlar da nəzərə alınmalıdır. Bu tələblərə əməl edilməklə həm təhlükəsizlik, həm də estetik baxımdan düzgün bir quraşdırma təmin edilə bilər”.

Memar, professor Elçin Əliyevin sözlərinə görə isə, kondisionerlərin fasad üzərində xaotik şəkildə quraşdırılması ilk növbədə tikinti şirkətinin tələbindən asılıdır:

“Şirkət binaya birbaşa nəzarət etməli və bu halın baş verməsinə icazə verməməlidir. Fikrimcə, bu xoşagəlməz mənzərənin səbəbkarı, hətta böyük faizi layihənin memarının payına düşür. 21-ci əsrdə yaşadığımızı nəzərə alsaq, təbii haldır ki, evlərdə kondisioner quraşdırılır. Eyni zamanda qışda soyuqdan qorunmaq üçün istifadə edilən kombi sistemi çox vaxt binaların eyvanında quraşdırılır. Ona görə də memar layihəni işləyərkən bu elementar problemləri öncədən həll etməlidir. Bu baxımdan müxtəlif memarlıq üsulları var. Onlardan ən geniş yayılanı, kombiləri, kondisionerləri eyvanda, yaxud xarici bloklarda gizlətməkdir. Təəssüf ki, bəzi memarlar bunu etmirlər. Memarların səviyyəsinin aşağı olması, layihəni sifariş edərək müsabiqənin keçirilməməsi, yaxud tanış memarlara iş verilməsi, seçim zamanı memarların hansısa vacib olmayan faktorlala təyin edilməsi kimi hallar bugünkü xoşagəlməz mənzərənin nəticəsidir. Bu kimi halların baş verməməsi üçün şirkət müsabiqə elan etməlidir və memarların fikirlərinə yer verilməlidir. 

Əslində fotoşəkildəki mənzərə şəhərin mərkəzidə yerləşən əksər binalarda mövcuddur və ondan çıxış yolu var. Təbii ki, müxtəlif üsullarla kondisionerlərin üzərini örtmək də mümkündür. Lakin burada əsas nüans tikinti zamanı kondisionerlərin nəzarətsiz şəkildə quraşdırılmasının öncədən qarşısını almaqdır”.

Nərmin

Chosen
83
avtosfer.az

1Sources