EN

Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda...

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə keçirilən "Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması" mövzusunda panel müzakirələrində iştirak edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva iqlim dəyişmələrinin və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq, beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu bildirib. Eyni zamanda, Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir iştirakçılarına məlumat verilib.

Leyla Əliyeva qeyd etdi ki, 2011-ci ildən etibarən IDEA İB tərəfindən ölkəmizin unikal təbiəti və ekoloji balansın qorunması məqsədilə bir sıra layihə və tədbirlər icra olunub. Qafqazın "Böyük Beşliyi", zubrlar, ceyranlar və Xəzər nərələrinin mühafizəsi, eləcə də minlərlə könüllülər ilə birgə həyata keçirilmiş çoxsaylı fəaliyyətlər barədə müzakirə iştirakçılarına məlumat verilib. Çıxışının yekununda Leyla Əliyeva daha dayanıqlı və sağlam gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər göstərməyə çağırıb.

Sonra COP29-un Prezidenti Muxtar Babayev, BTMİ-nin prezidenti Razan Al Mubarak, təşkilatın baş direktoru Grethel Aguilar, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami, Bioloji Müxtəliflik haqqında Konvensiyanın icraçı katibi Astrid Schomaker, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnger Andersen çıxış edərək müzakirə mövzuları ilə bağlı fikir və təkliflərini iştirakçılarla bölüşüblər.

Daha sonra hökumət və özəl sektor liderləri, müxtəlif ölkələrin ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə panel müzakirələri baş tutub.

Chosen
43
49
sesqazeti.az

10Sources