EN

Pelone heç qəbirdə də düzələnə oxşamır

Bakıda layiq olduğu “hörmət”lə qarşılanan, elə bu səbəbdən hava işıqlanmamış qaçıb aradan çıxan ermənipərəst ABŞ konqresmeni  Frank Pelone ölkəsinə qayıdan kimi utanıb-qızarmadan Ermənistanın ərazi suverenliyi, erməni əsirlərin azad edilməsi üçün mübarizəsini davam etdirəcəyəni bildirib. Amma onun adam arasına çıxmağa üzü, deməyə sözü olmamalı idi. Şübhəsiz, bu, onun simasızlığından irəli gəlir. Təbii ki, bu, gözlənilən idi. Axı əbəs yerə deyilmir ki, qozbeli qəbir düzəldər. Deyəsən, Frank Peloneni heç qəbir də düzəldən deyil.

Azərbaycanın hərbi, siyasi və diplomatik uğurlarından sonra yuxusu ərşə çəkilən bu konqresmen zaman-zaman hayların, daha doğrusu, uşaq, qadın, qoca qatillərinin sifarişi ilə ölkəmizin ünvanına hədyanlar yağdırıb, xalıqımızı təhqir edib, həm də Azərbaycanı ərazi iddiasında olan ölkə kimi təqdim etməyə çalışıb. Halbuki, ölkəmiz heç bir zaman bu ya digər ölkənin torpaqlarına göz dikməyib. Digər tərəfdən, o,  yaxşı bilir ki, hazırda Bakıda heç bir nəfər də erməni əsiri yoxdur. Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə və  sadalamadığımız neçə-neçə ərazilərimizdə xalqımıza qarşı soyqırımı, qətliamlar törədən, əsirlikdə, girovluqda olan azərbaycanlıları ağlasığmaz işgəncələrlə qətlə yerirən, digər təxribatlar törədən faşist xislətli bir neçə erməni əsilli cani vardır ki, onlar da törətdikləri cinayətlərə görə mühakimə olunurlar. 

Qarabağa icazəsiz səfər etdiyinə görə 2017-ci ildən adı “qara siyahı”ya salınmış bu ermənidən betər erməninin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) BMT xətti ilə qonaq qismində qatılmasına şərait yaradılması şübhəsiz, rəsmi Bakının humanist addımından irəli gəlib. Elə güman olunurdu ki, “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını, eləcə də COP29 ərəfəsində Bakıya sanksiya çağırışı edən 60 amerikalı qanunvericinin imzaladığı müraciəti hazırlayan bu qozbel nəhayət, əməllərindən peşman olaraq, haqqın tərəfində dayanıb yağdırdığı hədyanlara görə xalqımızdan üzr istəyəcək.  Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə birgünlük lokal xarakterli antiterror əməliyyatında hayların otuz ilə yaxın işğalda saxladığı Qarabağ və Şərqi Zəngəzur ərazilərini azad etməsini ədalətin təcəssümü kimi dəyərləndirəcək. Amma o, bu addımı atmadı. Belə ki, müstəqil mətbu orqanlarının nümayəndələrinin ona ünvanladıqları suallara cavab verməyən, cəmiyyətində riyakar və korrupsioner kimi ad qazanan konqresmen Ermənistana və onun havadarlarına  sadiq olduğunu indiki həssas məqamda bir daha nümayiş etdirdi. Şübhəsiz, COP29 tədbiri çərçivəsində Azərbaycana gəlməsi onun tərəfindən atılan təxribat xarakterli addım idi, amma yerindəcə cavabı verildi. Yəni, ölkəmizin  vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəallar, həmçinin işğaldan zərər çəkmiş şəxslər dünyada qəbul edilmiş təcrübədən çıxış edərək Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdıran Pelonini ölkəmizdən rədd olmasını tələb etdilər və buna nail oldular. Göstərdilər ki, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan hər kəs nifrətə layiqdir və kimliyindən asılı olmayaraq lazımi cavabını alacaq. Onlar həm də vicdanını 3-5 dollara satan Frank Peloninin timsalında bütün ermənipərəst konqresmenlərə dərs verdilər. Bununla da ABŞ-ın qanunverici orqanında Azərbaycana qarşı düşmən mövqeyində köklənmiş ən qatı ermənipərəstlərdən biri olan Frank Peloninin COP29 çərçivəsində ölkəmizdə şou düzəltmək cəhdi uğursuzluğa düçar oldu. Şübhəsiz, Peloniyə rəsmi şəkildə etiraz edilməməsi isə Bakının COP29 platformasına yanaşmasından qaynaqlanır. Ümumiyyətlə, rəsmi Bakı onun gəlişinə əsla məhəl qoymadı. Amma Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olundu, iki ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunuldu.

Yeri gəlmişkən qeyd edək ki, Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün oteldən bayıra çıxa bilməyib. O, yalnız otel pəncərəsindən görünən Hərbi Qənimətlər Parkında və Zəfər Parkında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antitterror əməliyyatı ilə “böyük Ermənistan mifi”nin necə məhv olmasını tülkü kimi izləməli olub. Deyilənə görə, o, belə məkan seçdikləri üçün köməkçilərini də danlayıb. Digər tərəfdən, o, bilməmiş deyildi ki, bütün bunlara görə gül-çiçəklə qarşılanmayacaq. Bu mənada Peloninin ölkəmizə  həyasızcasına təşrif buyurması onun nə qədər riyakar və təhlükəli ünsür olduğunu bir daha göstərdi.

Yəqin, ermənilər Peloninin bu “qəhrəmanlığ”ını yüksək dəyərləndirəcək və qabağına atdıqları tula payını bir qədər də artıracaqlar.  Frank Peloniyə də elə  bu lazım idi.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
37
ikisahil.az

1Sources