EN

Rusiyanın nüvə zərbəsi ehtimalı gündəmə gəlib

Rusiya–Ukrayna müharibəsində gərginlik getdikcə daha təhlükəli xarakter alır. Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsindən sonra dünən Moskvanın Ukraynanı daha ölümcül raket zərbəsi ilə vurduğu bildirilir. Hər iki tərəfdən verilən açıqlamalar, Ukraynanı dəstəkləyən Qərb ölkələrindən səsləndirilən bəyanatlar və atılan addımlar belə deməyə əsas verir ki, Rusiya–Ukrayna müharibəsi sülhə gedən yolu yenidən bağladı.

Ukraynanın Rusiyanı Qərb raketləri ilə vurması perspektivinin müzakirəsi fonunda Prezident Vladimir Putin Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasını təsdiqlədi. O, Ukrayna Silahlı Qüvvələrinin Qərbin qeyri-nüvə raketlərindən istifadəsinə nüvə reaksiyasının mümkünlüyünü nəzərdə tutur. Moskva açıq şəkildə bildirir ki, münaqişə kəskinləşərsə, o öz suverenliyini hər vasitə ilə müdafiə etmək niyyətindədir. Doktrinada qeyd olunduğu kimi, nüvə silahından istifadə Rusiyanın suverenliyini qorumaq üçün son çarə olacaq.

Xüsusilə, hər hansı qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına təcavüzü, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə indi onların Rusiyaya birgə hücumu hesab ediləcək. Rusiya Federasiyasının suverenliyinə adi silahlarla kritik təhlükə yaranarsa və ya Belarusa hücum olarsa, nüvə reaksiyası da mümkün olacaq. Nüvə doktrinasının əvvəlki nəşrində Rusiyanın ölkə ərazisinə və (və ya) müttəfiqlərinə hücum edən ballistik raketlərin buraxılmasına nüvə reaksiyasından danışılırdı, lakin müttəfiqlərin konkret adı çəkilmirdi.

Ancaq Qərbin Rusiyanın yeni nüvə həmləsinə reaksiyası sakit oldu. ABŞ bildirdi ki, Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirməsi böyük müharibəyə səbəb olmayacaq. Qərbin reaksiyana arxalanan Ukrayna noyabrın 18-nə keçən gecə Rusiya ərazisinə – Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı sursat anbarına zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadə etdi. Karaçev Bryansk yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 kilometr aralıda yerləşir. Zərbə endirilməsini təsdiqləyən Ukrayna silahlı qüvvələrinin Baş Qərargahının məlumatına görə, Kiyev Rusiyanın silah-sursat anbarlarının məhv edilməsi prosesini davam etdirəcək.

Ukraynanın raket zərbəsi ilə bağlı müəyyən ehtimallar səsləndirilsə də, bir çox media orqanı, məsələn, “Forbes” yazır ki, bu, son dərəcə vacib və möhkəmləndirilmiş hədəfin ovuna işarə edən çox sayda raket hücumudur. Məlumatda Britaniyanın BAE Systems şirkətinin yeraltı bunkerlər kimi davamlı strukturları məhv etmək üçün “Storm Shadow” döyüş başlığını xüsusi olaraq hazırladığı vurğulanır. Rusiyalı bloqer bu dəfə hədəfin Kursk bölgəsində minlərlə əsgəri idarə edən komanda məntəqəsinin olduğunu iddia edir. Moskva bu barədə rəsmi açıqlama vermir.

Rusiyanın bu zərbəyə nə ilə cavab veriləcəyi Qərb mediasında müzakirə olunurdu. Dünən KİV-də Rusiya ordusunun Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atması barədə məlumatlar yayıldı. Sözügedən raketin Həştərxan vilayətindən buraxıldığı qeyd olunur. Bununla yanaşı, rusiyalı hərbçilərin Dneprə Tambov vilayətindən “MiQ-31K” qırıcıları ilə “Kinjal” raketləri, eləcə də “Ту-95МС” vasitəsilə yeddi ədəd “Х-101” qanadlı raketləri atdığı bildirilir. “Defense Express” analitiklərinin fikrincə, Rusiya Ukraynaya qitələrarası ballistik raket atmaqla nüvə zərbəsi mümkünlüyünü nümayiş etdirir. Rəsmi Moskva zərbə endirilməsi barədə hələlik heç bir məlumat vermir.

Qarşıdurmada gərginliyin artması fonunda Ali Radanın milli təhlükəsizlik məsələləri komitəsinin sədr müavini Yeqor Çernev “Politico”ya müsahibəsində bildirir ki, Ukrayna ABŞ prezidenti Co Bayden administrasiyasından Rusiya ərazisinə zərbələr endirmək üçün 2400 kilometr mənzilli “Tomaqavk” raketlərinin istifadəsinə icazə verməsini xahiş edə bilər. Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti Donald Tramp Ağ evə qayıtmazdan əvvəl Amerika silahlarından istifadə imkanını nəzərdən keçirir. “Politico” yazır ki, Kiyev Rusiyadakı müdafiə zavodlarına hücum etmək üçün “Tomaqavk” raketlərindən istifadə etməyi düşünür. Ukrayna hakimiyyəti “Tomaqavk”ın mövcudluğunu rəsmi olaraq açıqlamır. Bu raketlərin uçuş məsafəsi 2400 kilometrdir ki, bu da ATACMS raketlərinin radiusundan yeddi dəfə çoxdur. Ağ evin Kiyevin istəyinə razılıq verəcəyi təqdirdə gərginliyin çox təhlükəli xarakter alacağı şübhə doğurmur.

S.ELAY
XQ

Chosen
36
22
xalqqazeti.az

10Sources