EN

BHİK Baş katibinin müavini “Buzovna” Fizioterapiya Mərkəzində

COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Buzovna” Fizioterapiya Mərkəzində olub.

Mərkəzə baxış zamanı AHİK-in sədri Sahib Məmmədov qonağa məlumat verib ki, burada 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də mərkəzdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. İkimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir.

BHİK rəsmisinə mərkəzin iş prinsipi, göstərilən xidmətlər, prosedur qaydaları, qidalanma haqqında məlumat verilib. Həmçinin bildirilib ki, COP29 tədbirlərinə qatılan xarici qonaqların yerləşdikləri məkanların arasında ”Buzovna” Fizioterapiya Mərkəzi də var. Qonaqların burada qalmaları və istirahəti üçün bütün zəruri tədbirlər görülüb.

Erik Manziyə “AHİK könüllüləri” proqramı haqqında da məlumat verilib. Könüllülərlə söhbətləşən BHİK rəsmisinin diqqətinə çatdırılıb ki, onlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələridir.

Erik Manzi Bakı şəhəri və iştirakçısı olduğu COP29 haqqında təəssüratlarını bölüşüb, tədbirin yüksək səviyyədə təşkil olunmasından, insanların qonaqpərvərliyindən razılığını ifadə edib.

Chosen
38
17
xalqqazeti.az

10Sources