EN

Yaşar Nurinin vəfatından 12 il ötür...

Azərbaycanda aktyorluq peşəsinin ən uca zirvəsinə yüksələ bilən sənətkarlar çox olub. Düşünürəm ki, kino və teatr sənətinin komediya janrında onun fəth etdiyi zirvəyə hələ də heç kim yüksələ bilməyib. Necə deyərlər, o, bu sənətin “Everest”i idi...

Bir başqa aləm idi Yaşar Nuri. Bəzən uşaq kimi kövrəlir, bəzən də sərt olurdu. Hətta adamdan inciyib küsməyi də vardı. Heç vaxt heç kimin haqqına girməzdi və belə insanlara nifrət edirdi. Hikmətli sözləri çox idi. Həmişə aktyorlara deyirdi ki, 50 yaşına qədər adınıza işləyin, 50-dən sonra adınız sizə işləyəcək. Çox siqaret çəkirdi. Tərgitmək istəsə də, özüylə bacarmırdı. Hobbisi də, əyləncəsi də, həyatı da sənəti idi. Obrazları o qədər cani-dildən oynayırdı ki, köynəyini sıxanda su tökülürdü. Səliqəli geyinməyi xoşlayırdı və həmişə də “brend” paltarlar alırdı. Məclislərdə ürəyi açılırdı və özünü rahat hiss edirdi...

Həyatda da baməzə insan idi. O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün çəkilişə gedirdərkən, yolda həmkarı Firəngiz Mütəllimova ilə rastlaşır. Haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. Firəngiz xanım cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” Razılaşırlar. Firəngiz xanım 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra özü həmin çəkilişə gedib, iştirak edir. Bunu bilən Firəngiz xanım ondan soruşur ki, niyə özün getdin, məni qoymadın? “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”

Yaşar Nuri həm də böyük bir məktəb idi, obrazla yaşamağı bacarırdı. "Səni axtarıram" tamaşasının çəkilişi zamanı tərəf müqabili ağlamalıydı. Orada bir yer var, Elçin (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) saçını oxşayıb deyir: "Sən yaxşı qıszan, Gülnar". Rejissor nə illah eləyirsə, Gülnar ona baxıb ağlaya bilmir. Bir də onda görürlər ki, Yaşarın gözlərindən yaş axır. Gülnarın əvəzinə Elçin ağlayır...

Möhtəşəm aktyorluq istedadıyla bərabər, onun gözəl, şıdrığı rəqs etmək qabiliyyəti də var idi. Ən çox “Qoçəli” rəqsini oynayardı. Bütün toylarda xüsusi olaraq onun üçün ifa edib, onu rəqsə dəvət edərdilər…

Yaşar Nuri yalnız sənəti ilə deyil, savadı ilə də fərqlənirdi. Peşəkar jurnalistlər ondan müsahibə götürəndə çalışırdılar ki, istədikləri cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə çaşıb nəyisə deyər. Amma o, sualları elə ustalıqla cavablandırırdı ki, heyran qalmamaq mümkün deyildi. Çox güclü yaddaşı var idi, sanki canlı arxiv idi...

Ömür-gün yoldaşı Rəhimə xanım deyir ki,- “Uzun sürən xəstəliyinə baxmayaraq, fikri-zikri səhnədəydi. Ömrünün son günlərində çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə, elə istəyirəm ki, səhnədə tək çıxış edim, monoloq söyləyim. Amma bilmirəm əlil arabasında səhnəyə çıxmağım düzgün olarmı?””

Noyabrın 22-si Yaşar Nurinin vəfatından 12 il ötür. Heyf ki, milli komediyamızın “Everest”i bu gün aramızda yoxdur. Amma nə qəm, nə qədər ki, Azərbaycan var, Yaşar Nurinin əziz xatirəsi ehtiramla yad olunacaq...

Ruhu şad olsun!

Elman Eldaroğlu

Chosen
39
35
modern.az

10Sources