Ermənistanda referendumdan öncə seçki baş tuta bilər
Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunması region üçün yeni inkişaf mərhələsi vəd edir. Bunu rəsmi İrəvan da anlayır və bir sıra rəsmilərin dili ilə “sülh xahişləri” səsləndirirlər. Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanın XİN başçısı Ararat Mirzoyan sülh müqaviləsi ilə bağlı açıqlama vermiş və bildirmişdi ki, yaxın gələcəkdə qalan bir və ya iki bənd üzrə razılığa gələ biləcəyik və tam razılaşdırılmış sülh müqaviləsinə malik olacağıq. Bu isə onu göstərir ki, Ermənistan manipulyasiyalardan əl çəkməyi, real sülh prosesinə start verməyi qərarlaşdırır.
Təbii ki, burada bir sıra amillərin rolu var. Fransanın qlobal mühitdə ifşası, Makron hakimiyyətinin iflası, Bayden admin?strasiyasının seçkilərdəki məğlubiyyəti və bu kimi xarici amillər Ermənistanı sülh yoluna “gətirib”. Artıq ?rəvan anlayır ki, “qaçmağa yer yoxdur”. Bu baxımdan da onlar ardıcıl sülh mesajları səsləndirirlər.
Azərbaycanın dəyişməz şərtləri...
Sülhün əldə olunması üçün isə zəmin formalaşdırılmalıdır - burada, Azərbaycanın bir sıra dəyişməz tələbləri yerinə yetirilməlidir. Müzakirə edilən sülh şərtləri beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülhlə bağlı danışarkən bildirmişdi ki, bu, Ermənistanın bir dövlət kimi formalaşması istiqamətində mühüm addım olacaq.
Bunun üçün isə ən vacib şərt Ermənistanın uzun illərdir ki, davam edən əsassız iddialarından geri çəkilməsidir. İrəvan rəsmi şəkildə konstitusiyasında dəyişiklik etməklə sülh prosesinin ardıcıllığını təmin edə bilər. Bu, regionda gələcək kataklizmlərin yaranması ehtimalını aradan qaldırmaq üçün ən real yoldur. Əks halda, konstitusiya dəyişmədikcə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları bütün hallarda yeni eskalasiyalara səbəb ola bilər.
Eyni zamanda, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı bəyanatın səsləndirilməsi də İrəvan üçün ən mühüm şərtlərdən sayılır. Artıq tarixə qovuşmuş “münaqişə”nin tənzimlənməsində vasitəçi kimi çıxış etməli olan ATƏT-in Minsk Qrupu özünün “missiyasını” başa vurub - “münaqişə” bitdiyi üçün bu qrupa da ehtiyac qalmayıb. Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bu problemi həll etdi. Paralel olaraq məsələ beynəlxalq gündəlikdən də düşdü. Hazırda Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar ikitərəfli təmas xarakteri daşımaqla münasibətlərin normallaşmasına hədəflənib. Beləliklə də, məsələ iki dövlət arasında müzakirə edilməli, həlli tapılmalıdır...
Paşinyan seçkiyə gedəcək...
Erməni mediası baş nazir Nikol Paşinyanın qısa zamanda sülhlə bağlı bəzi addımlar atacağını yazıb. “Nyus. am” “Hraparak”a istinadən yazıb ki, baş nazir konstitusiya dəyişiklikləri üçün referendum keçirməzdən əvvəl siyasi mövqeyini gücləndirmək məqsədilə erkən seçkilər keçirməyi planlaşdırır. Bu, Paşinyan üçün yenidən legitimlik qazanmaq, konstitusiya dəyişikliyi ilə bağlı qərarın ictimai rəydə qəbul olunmasına şərait yaratmaq baxımından olduqca vacibdir. Hazırki vəziyyətdə Ermənistanda siyasi mühit birmənalı deyil - xarici təsirlər altında olan qüvvələr, xüsusilə Fransanın mövcud hakimiyyətinin sözü ilə oturub-duran müxalifət, eyni zmanda kilsənin nəzarətindəki siyasi güclər konstitusiya dəyişikliyinə qarşı təzyiq yarada bilər - Paşinyan bunlardan xilas olmaq üçün erməni xalqından sülh mandatı əldə etmək niyyətindədir. Bunun üçün isə referendumdan öncə seçkilərin baş tutması lazımdır.
Missiya gedir? - Qərb təzyiq göstərir
Paşinyanın növbəti qərarı isə Aİ-nin Ermənistandakı “missiyası” ilə bağlı olacaq. Qeyd edək ki, 2023-cü ilin fevralından etibarən Ermənistanda “müşahidə aparan” “durbinçi missiya”nın əsl işinin kəşfiyyat aparmaq olması ilə bağlı mütəmadi xəbərlər yayılıb. Hətta bir müddət öncə Fransanın hərbi qüvvələrinin yüksək rütbəli nümayəndələri də bu “missiyanın” adı altında şərti sərhəd xəttinə gəlmişdi. Bu isə haqlı narazılığa səbəb olmuşdu - Azərbaycan ictimaiyyəti bunu sülhdən yayınma cəhdi kimi dəyərləndirmişdi.
İndiki halda, yeni siyasi situasiyanın formalaşması Aİ “missiyası”nın da regionu tərk etməsinə yol aça bilər. Erməni mətbuatı qarşıdakı fevralda “xidməti dövrü” başa çatacaq missiyanın Ermənistanı tərk etmək ehtimalını yüksək hesab edib. “Nyus.am”ın yazdığına görə, Avropa İttifaqının səfiri Vasilis Maraqos hələlik yekun qərar olmadığını bildirsə də, böyük ehtimallar “missiya” Ermənistanı tərk edəcək. Səfir bildirib ki, məsələ Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir. - Aİ səfiri bildirib. Ermənistan XİN-in isə gələn ilin fevralından sonrakı mərhələdə missiyanın öz işini davam etdirib-etdirməyəcəyi ilə bağlı Avropa İttifaqına rəsmi müraciət etməsi haqda məlumat yoxdur.
Qeyd edək “Hraparak” “missiya”nın fəaliyyətinə diqqət çəkərək bildirir ki, Ermənistanın siyasi rəhbərliyi Aİ nümayəndələrinin ölkəni tərk etməsini sükutla qarşılayacaq. Onların fikrincə, Azərbaycanın tələbi ilə Ermənistan Aİ missiyasından imtina edəcək. Qərb isə Aİ müşahidəçilərinə qalmaq və regional hadisələri izləməyə davam etmək üçün təzyiq göstərir- xüsusilə Fransa başa çatacaq müqavilənin müddətinin uzadılmasına israr edir. Onlar qarşıdakı dövrdə prosesi “diqqətdən qaçırmamaq” üçün Aİ missiyasının Ermənistanda qalmasını arzulayır.
Ermənistan yenə də silahlandırılır...
Nəticə etibarı ilə, sülh prosesi özünün məntiqi nəticəsinə yaxınlaşır. Bununla belə Ermənistan özünün destruktiv addımlarından əl çəkmir. Belə ki, İrəvanın Hindistandan 78 ədəd ATAGS (Advanced Towed Artillery Gun System) artilleriya qurğusu almağı planlaşdırması ilə bağlı xəbərlər yayılıb. Xarici medianın yaydığı bu məlumata görə, qərar əvvəlki 60 ədədin uğurlu sınaqlarından sonra qəbul edilib.
Altı haubitsadan ibarət ilk partiya müxtəlif şəraitlərdə, o cümlədən yüksək dağlıq və düzənliklərdə dəqiqlik və etibarlılıq nümayiş etdirib. Yeni partiyanın erməni hərbçilərinin tələblərinə uyğunlaşdırılacağı və erməni dilində interfeys təmin ediləcəyi bildirilir. Qeyd edək ki, ATAGS haubitsası 155 mm çaplı və 52 kalibrli bir artilleriya sistemidir. Atış məsafəsi 48 km-ə qədərdir və yüksək dəqiqliklə tanınır.
Bu isə Ermənistanın dildə sülh, əməldə başqa niyyətdə olduğunu ortaya qoyur. Amma İrəvan unutmamalıdır ki, silahlanma Ermənistanın özü üçün ən böyük təhlükəni formalaşdırır...
P.İSMAYILOV