EN

Türkiyə "dərin dövləti"nin SİRRİ: Nüvə silahı...

ABŞ nəşri yazır ki, İran bombası reallığa çevriləcəksə, bu, Türkiyəni də nüvə bombası yaratmağa məcbur edəcək

Əsas media qurumlarının gərəkli diqqəti yetirmədiyi çox təhlükəli bir proses yaxın ətrafımızda səssizcə davam edir. Qısa zamanda həm Ukraynanın, həm də İranın nüvə silahı əldə edəcəyi ilə bağlı çox ciddi məlumatlar var.

“The Times” qəzeti Ukraynanın cəmi bir neçə ay ərzində “sadə atom bombası” yaratmaq gücündə olduğunu yazıb. Sadə bomba ABŞ-ın Xirosimaya atdığı “Gombul adam” (Fat Man) tipli bombalara deyilir. Maraqlı olan bütün tərəflər etiraf edir ki, qısa müddətdə Ukraynanın atom bombası yaratması texniki cəhətdən mümkündür. 

İranın da uzun illərdir Buşer AES-i fəaliyyət göstərir, deməli, Tehran da texniki olaraq atom bombası yaratmaq potensialına sahibdir. Tehranın nüvə silahı iddialarının olduğu bilinən faktdır. Fars hakimiyyəti nümayəndələri açıq şəkildə “nüvə bombası yarada bilərik, bizə mane olan yalnızca Xameininin fətvasıdır” bəyanatları verirlər.

“The Times” yazır ki, İranın atom bombası əldə etməsi təkcə İsrail üçün təhlükə deyil. İran bombası reallığa çevriləcəksə, bu, həmin anda Səudiyyə Ərəbistanı və Türkiyəni də nüvə bombası yaratmağa məcbur edəcək.  Azpolitika.info yazır ki, burada bir məqama diqqət yetirək və Ərdoğanın hələ 2019-cu ildə gur səslə bəyan etdiyi “Sizin atom silahınız varsa, bizdə niyə olmamalıdır?!” bəyanatını yada salır. Həmin dövrdə sanballı Qərb media orqanlarında “Türkiyənin atom bombası var, amma elan edilmir” tipli yazılar yer almışdı.

Rövşən Məhərrəmov  

Ehtiyatda olan polkovnik, Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov bu yöndə Putinin Türkiyə ilə bağlı açıqlamalarını xatırlatdı: “Burada Türkiyə ilə bağlı bir açıqlamanı xatırladım. Putin bildirmişdi ki, biz Türkiyəni nüvə dövləti edə bilərik. Türkiyədə artıq Atom Elektrik Stansiyasını inşa edib. Ərdoğan da bir neçə dəfə açıqlama verib ki, əgər Türkiyə dövlətinə qarşı belə aqressivlik davam edərsə, biz nüvə silahını istehsal edə bilərik. Bu dünyaya bir mesaj idi. Türkiyədə əvvəllər nüvə başlıqlı silahlar olub. Bunu dünyada yaxşı bilirlər. Sonradan onları Rumıniyaya yerləşdirdilər. Bu gün hətta ərazisində müttəfiqlərinin də nüvə silahı yoxdur. Əgər İran nüvə silahını istehsal etsə, o halda Türkiyə də bu silahı istehsal edəcək. İsrail kimi dövlətin nüvə silahının olması Türkiyə üçün təhlükədir. Nəyə görə təhlükədir? Çünki Türkiyə ilə İsrail arasında çox ciddi gərginlik var. Amma güman edirəm ki, indiki zamanda Türkiyə o silahları istehsal etməyəcək. Əlavə olaraq, Putin bildirmişdi ki, lazım gəlsə, ikinci Atom Elektrik Stansiyası inşa edərik. Artıq bir AES inşa ediblər. Türkiyə bilirsiniz ki, son zamanlar hərbi sənayesini xeyli gücləndirib. Açığı, Türkiyənin nüvə silahı istehsal etməsində çətinlik görmürəm. Qardaş ölkə buna qadirdir. Həmin texnologiyanı əldə etməsi mümkündür. Əgər qonşuları o silahları istehsal etsələr, Türkiyə geri qalmayacaq. Əslində dünyada bu gün gedən proseslər imkan yaradır ki, o silahlar istehsal olunsun. Çünki həmin silah o dövlətdə varsa, həmin dövlətin sığortasıdır. Zamanında əgər o silahlar Ukrayna ərazisindən çıxarılmasaydı, Rusiya bu gün bu formada hücum etməzdi. Bilirsiniz ki, Amerika, Fransa və Böyük Britaniya Ukraynadakı o silahlara qarantiya dururdu. Amma bu ola-ola həmin silahlar oradan çıxarıldı. Bu gün Ukrayna onun əzabını çəkir və Rusiyanın hücumunun qarşısını ala bilmir”.

R.Məhərrəmov Türkiyənin bu gün təhdidlər altında olduğunu da söylədi: “Bu gün Amerika da imkan verməz ki, həmin silahları Türkiyə əldə etsin. Çünki qardaş ölkənin durmadan gücləndiyini görür. NATO-nun ikinci ən güclü dövlətidir. Qərb də istəmir ki, Türkiyə güclü dövlətlər sırasında yer alsın. Gərginlik də artdıqca, Türkiyə bu silahları əldə etməyə cəhd edəcək. Çünki görür ki, adi "Patriot"ları belə Amerika onlara satmadı. Ankara da məcbur olub ki, Moskvadan "S400"ləri aldı. Hava məkanını qorumaq üçün divizonlar əldə etdi. Burada Avropadakı islamafobiya da vacib məsələdir. Bilirsiniz ki, Pakistan nüvə silahına sahib yeganə müsəlman dövlətidir. Əlbəttə, Amerika başda olmaqla, Qərb dünyası heç vaxt razı olmaz ki, digər bir müsəlman dövləti də nüvə başlıqlı silahlar əldə etsin. Çünki bununla müsəlman dövlətlərinə qarşı təhdidlərə son qoyula biləcəyini yaxşı anlayırlar. Rusiya maraqlıdır ki, İran güclü olsun, qardaş ölkə də İranın güclənməsində maraqlıdır. Hətta hesab edirəm ki, gələcəkdə İranın daha da güclənməsinə Türkiyə yardım edə bilər. Eyni zamanda nüvə silahı əldə etməsinə köməklik də göstərər. Amerika başda olmaqla, Qərb koalisiyasına bir güc göstərmək lazımdır".  

Sona

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva da fərqli düşünmür. O, yaxın zamanlarda Türkiyə və Ukraynanın belə silahlara sahib olacağına inanmır: “Ukraynanın qısa müddətdə taktiki nüvə silahı hazırlayacağı o qədər də inandırıcı görünmür. Səbəbi odur ki, 2 il yarım ərzində ukraynalı nüvə alimləri müharibə səbəbindən ölkələrini tərk ediblər. Onlar ABŞ-a, Almaniyaya və digər ölkələrə üz tutublar. Bu barədə vaxtilə Ukrayna mediasında da yazılar gedirdi. Amma Kiyevin ən yaxın zamanda taktiki nüvə silahına sahib olacağı mümkündür. Ukraynanı Rusiya ilə bu savaşa sürükləyənlər Kiyevə belə bir təhlükəli silahı və məhdud sayda nüvə başlığını hədiyyə edə bilərlər. Söhbət Rusiyaya əzələ nümayişi, güc tətbiqindən çəkindirmə mahiyyətli silahların verilməsindən gedir. Həmin silahların təhlükə radiusu o qədər də böyük deyil. Yəni nüvə zənginliyi azaldılmış, hətta tanklardan, artilleriya vasitələrindən atıla biləcək nüvə silahlarının verilməsi ehtimalı daha realdır. Digər tərəfdən, vaxtilə SSRİ-nin nüvə sənayesində ukraynalı alimlərin xüsusi çəkisi və rolu olub. Hər halda, Ukrayna Xüsusi Xidmət Orqanları onların nəzəri və praktiki təcrübələrini əldə etmək üçün çoxdan hərəkətə keçiblər. Amma indiki imkanlarla Kiyevin qısa zamanda nüvə silahına sahib olacağına inanmaq, sadəcə, sadəlövlükdür. Çünki potensial imkanlar olduqca zəifdir. Cənub qonşumuz İranın uranı zənginləşdirdiyi də hər kəsə bəllidir. Hətta bəzi informasiyalara inansaq, molla rejiminin əlində müəyyən qədər nüvə silahı da var. Bu da Azərbaycanla yanaşı, Türkiyə və İsrailin, eləcə də digər region ölkələrinin ciddi şəkildə xaricdən təhdidi deməkdir. Bu baxımdan, Ankara hələ illər öncə nüvə silahına sahib olma məsələsini gündəmə daşıdı. Ola bilsin ki, TÜSAŞ çətiri altında qardaş ölkədə bu istiqamətdə müəyyən addımlar da atılmaqdadır. Amma Türkiyə "dərin dövləti" indiki mərhələdə bu məsələləri gizli saxlamağa məcburdur. Çünki Qərb bu durumdan istifadə edə, Türkiyəni də Suriya və İraqın gününə salmaq üçün hərəkətə keçə bilər. Ukraynadan fərqli olaraq Türkiyənin daha qısa müddətdə taktiki nüvə silahları əldə etmək imkanları var. Amma Ankaranın strateji nüvə silahlarına yaxın zamanlarda sahib olacağı elə də inandırıcı görünmür. Çünki nüvə sahəsində qardaş ölkənin elmi potensialı olduqca zəifdir. Uranı zənginləşdirəcək müstəqil laboratoriyaları yoxdur. Eyni zamanda Qərbin Türkiyəyə taktiki nüvə silahlarına sahib olmasına icazəsi müəyyən hallarda mümkün görünə bilər, amma strateji silahlara “hə” deməsi inandırıcı deyil".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Chosen
13
musavat.com

1Sources