EN

200 mindən çox özbək miqrant xaricdə yaxşı işlə təmin olunacaq

Özbəkistan hökuməti 2025-ci ildə yüksək maaşlı ölkələrdə 200 mindən çox vətəndaşın işə qəbulunu təşkil etməyi planlaşdırır.

Musavat.com gazeta-uz-a idtinadla xəbər verir ki, bu barədə ölkənin baş nazir Abdulla Aripov bildirib.

Hökumət başçısı 2030-cu ilədək 10 müxtəlif istiqamət üzrə 400 tədbirin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Nəzərdə tutulan tədbirlər sırasında əmək miqrasiyasının sistemli təşkili üzrə işlərin davam etdirilməsi də var.

Abdulla Aripov bildirib ki, prezident əmək miqrantlarına sosial dəstək göstərmək, onların yüksək əməkhaqqı olan ölkələrdə məşğulluğunu təmin etmək üçün hökumət qarşısında vəzifələr qoyub.

“Təkcə 2025-ci ildə Almaniya, Böyük Britaniya, Yaponiya, Koreya Respublikası, İsrail, Kanada, Polşa, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı və digər iqtisadi cəhətdən inkişaf etmiş 21 ölkədə 200 mindən çox vətəndaşın işlə təmin olunması üçün tədbirlərin görülməsi planlaşdırılır”, - deyə hökumət başçısı bildirib.

Baş nazir bildirib ki, növbəti illərdə də bu iş davam etdiriləcək, xaricdə işləmək istəyən vətəndaşların peşə vərdişlərinə və xarici dillərə yiyələnməsi üçün hər cür şərait yaradılacaq.

Özbəkistan hökuməti son illərdə bir və ya bir neçə əsas istiqamətdən asılılığı azaltmaq məqsədi ilə əmək miqrantlarının iş tapa biləcəyi ölkələrin siyahısını genişləndirmək üçün əmək miqrasiya bazarlarını şaxələndirmək səylərini gücləndirib.

Yanvarda prezident Şavkat Mirziyoyev 100 minə yaxın vətəndaşın mütəşəkkil işə qəbul yolu ilə xarici ölkələrdə işlə təmin olunması üçün təlimlərin təşkili barədə göstəriş verib.

Daha sonra Xarici Əmək Miqrasiya Agentliyi Almaniya, eləcə də Koreya Respublikası, Polşa, Böyük Britaniya və digər ölkələrdə işləmək üçün 50 min vakansiya üzrə işə qəbul elan edib. Əməkçi miqrantların dəstəklənməsi və öyrədilməsi üçün yeni tədbirlər də açıqlanıb.

Oktyabrda prezident Daşkənd vilayətinə səfəri zamanı xaricdə işləyən Özbəkistan vətəndaşlarından danışıb. “Əgər 1500-2000 dollar alsalar, bu, əladır, biz onları dəstəkləyəcəyik. Bu məbləğdən az alırlarsa, yaxşı olar ki, burada onlara şərait yaradılsın”.

Sentyabr ayında Özbəkistan və Almaniya yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən tələbələrin və peşə təhsili alan şəxslərin, jurnalistlərin və alimlərin Almaniyaya daxil olmasını, habelə qanunsuz miqrantların ölkədən çıxarılmasını asanlaşdıran saziş imzalayıblar.

Musavat.com

Chosen
7
musavat.com

1Sources