EN

Taksi şirkətlərinin "pul oyunu"ndan necə qorunaq? - İzahlı şərh

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması kimi halların qanunsuz olduğu və bu barədə ciddi tədbirlər görüləcəyi ilə bağlı məlumat yayıb. 

Vətəndaşlar deyirlər ki, taksi sifariş etdikdə avtomobil hələ mənzil başına gəlməmiş artıq kartdan həmin məbləğ çıxılır. Halbuki, xidmət həyata keçirildikdə sonra həmin məbləğ kartdan çıxılmalıdır. İkinci şikayət odur ki, vətəndaş taksi sifariş edir və mənzil başına çatanda əvvəl təyin olunmuş məbləğdən daha yüksək məbləğ kartdan çıxılır. Bu, həm istehlakçı hüquqlarının pozulması, həm də  kibercinayətkarlıq kimi qiymətləndirilir. 

Çünki vətəndaşın icazəsi olmadan, ona xəbərdarlıq edilmədən kartından müəyyən məbləğ çıxılır. Belə aydın olur ki, telefona yüklədiyimiz proqramlar vətəndaşın kartına müdaxilə edə bilir. Lakin məbləğ kiçik olduğu üçün vətəndaş məhkəməyə müraciət etmir. 

Bu kimi hallarla rastlaşdıqda nə etməliyik? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin sözlərinə görə, taksi firmaları adətən beynəlxalq hüquq əsasında işləyir və səhvlər minimum olur.

Bəhruz Əliyev qeyd edib ki, ödənişin müxtəlif vaxtlarda çıxılması aplikasiyanı yüklədiyimiz vaxt təsdiq etdiyimiz şərtlərdən də asılıdır:

“Taksi xidmətlərinin bəzi hallarda mənzil başına çatmamış kartdan pul çıxması istifadəçilərin narahatlığına səbəb ola bilər. Bu məsələnin kiberfırıldaqçılıqla əlaqəsinin olub-olmaması mövcud vəziyyətə görə fərqlidir. Gəlin bəzi misallarla vəziyyətə daha geniş aspektdən baxaq. Bəzi "online" sifarişlər var ki, onlar ödənişi daha əvvəldən, bəzi sifarişlər isə sonda alır. Bu məsələ adətən xidmət verənin real təcrübə və yanaşmasından asılıdır. 

Məsələn, "online" xidmət verən yemək-kuryer aplikasiyaları pulu  əvvəl çıxır, yeməyi sonda çatdırır. Amma taksi xidmətlərində bu, adətən sonda qəbul olunur. Fikrimcə, taksilərdə ödənişin sonda qəbul olunmasında məqsəd sərnişinin fərqli istiqamətə getmək istəyi və qərarın dəyişmə ehtimalının olmasıdır". 

O bildirib ki,  bəzi hallarda düzgün yer təyin edə bilməyən sərnişin, sürücüdən bir qədər də artıq yol getməsini tələb edə bilər:"Belə olan halda sürücü bu barədə məlumat verməlidir. Çünki xidmət nöqtədən-nöqtəyədir. 

Taksi aplikasiyaları adətən nöqtədən-nöqtəyə prinsipi ilə işləyir. Tövsiyə olunur ki, təyin olunan nöqtəyə çatan şərnişin sürücüdən xidmətin başa çatdığını qeyd etməsi üçün müvafiq düyməyə toxunmasını tələb etsin. Sürücü bu düyməyə toxunmağı unutduğu halda sistemdə bu məsələ avtomatik nəzərə alınmayıbsa, sərnişin düşdükdən sonra sürücünün sonlanma düyməsinə toxunmağı unudaraq getdiyi yol sərnişinin hesabından pul çıxmasına səbəb ola bilər. 

Ekspert  ödənişin müxtəlif vaxtlarda çıxılmasından da danışıb:  

"Aplikasiyanı yüklədiyimiz vaxt təsdiq etdiyimiz şərtlərdən çox asılıdır. 

Beynəlxalq taksi firmaları adətən beynəlxalq hüquq əsasında işləyir. 

Peşəkar hüquqçularla işləyir, özlərini daha çox sığortalayırlar və səhvlər minimum olur. Eyni zamanda, çoxumuzun oxumadan təsdiq etdiyi elektron müqaviləyə diqqətlə baxmaq lazımdır”. 

Bəhruz Əliyev bildirib ki, sınaqdan keçməmiş heç bir aplikasiyanın yaddaşında bank kartınızı saxlamayın və  ancaq ehtiyac olacaq qədər məbləği virtual karta köçürün:

“Xarici şirkətlərlə bağlı problemlərin həlli bir qədər fərqli ola bilər. Qeyd edim ki, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarınının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunda bildirilir ki, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. 

Ona görə də xarici elementi olan xidmətlərdə şərtləri diqqətlə oxumaq tövsiyə olunur. Hüquqi münasibətlərə daha geniş şərhi hüquqçular verə bilər. Ttövsiyə edərdim ki, sınaqdan keçməmiş heç bir aplikasiyanın yaddaşında bank kartınızı saxlamayın. Risklərdən qorunmaq üçün isə virtual kart açaraq "online" ehtiyaclar üçün lazım olacaq məbləği köçürün.

Belə olan halda daha böyük pul itkisi risklərindən qoruna bilərsiniz. 

Unutmamaq lazımdır ki, aplikasiyalar da hücuma məruz qala bilər. Ehtiyat tədbiri görmək hər zaman ən uyğun yoldur”.

Chosen
19
1
cebheinfo.az

2Sources