EN

Amerikalı investor zədələnmiş "Şimal axını 2"ni satın almaq istəyir

Təxminən 20 ildir Rusiyada bizneslə məşğul olan amerikalı investor Stiven Linç ABŞ Maliyyə Nazirliyindən "Şimal axını 2" qaz kəmərinin hərraca çıxarılacağı təqdirdə onun iştirakına icazə verməsini xahiş edib...

Poliqon The Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, Maliyyə Nazirliyi və Dövlət Departamentinin bir qrup məmuru Linçin planları ilə tanışdır.

"Əsas nəticə budur: Bu, amerikalılar və avropalılar üçün qalıq yanacaq dövrünün sonuna qədər Avropanın enerji təchizatına nəzarət etməyə unikal imkandır", deyə Stiven Linç müsahibəsində bildirib.

O, hesab edir ki, "Şimal axını 2"nin alınması ABŞ-ın maraqlarına cavab verir və Ukraynadakı münaqişənin həllində təsir rıçaqına çevriləcək.

Stiven Linçin ABŞ Xəzinədarlığına göndərdiyi məktubda deyilir ki, qaz kəməri operatoru "Nord Stream 2 AG"nin iflas proseduru borcun restrukturizasiyası və ya ləğvi üçün ciddi müddətlər müəyyən edir. O, restrukturizasiyanı mümkünsüz adlandırıb. Kreditin ödənilməsi üzrə maksimum moratorium müddəti 24 ay olub.

WSJ qeyd edir ki, Linç ucuz Rusiya aktivlərini almaqla uğur qazanıb. 2022-ci ildə ABŞ Xəzinədarlığı investora "Sberbank"ın İsveçrə törəmə bankını almaq üçün lisenziya verib. 2007-ci ildə "Promneftstroy" MMC vasitəsilə o, neft şirkətinin xarici aktivlərini idarə edən YUKOS-un Niderlandda qeydiyyatdan keçmiş törəmə müəssisəsini satın alıb.

"Şimal axını"nın partlaması 26 sentyabr 2022-ci ildə baş verib. İsveç və Danimarka 2024-cü ilin fevralında araşdırmanı dayandırıb, Almaniya isə onu davam etdirib.

Alman mətbuatı partlayışda ukraynalı dalğıc təlimatçısı Vladimir Juravlevin əli olduğunu yazıb. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Rusiya kəşfiyyatında partlayışda ABŞ və Böyük Britaniyadan olan "peşəkar diversantların" iştirakı ilə bağlı məlumatlar var.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources