Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan tarixində ilk dəfə olaraq parlamentin ilk iclası prezident təyin etmədən baş tutacaq. Buna səbəb Prezident Salome Zurabişvilinin 26 oktyabr parlament seçkilərinin nəticələrini və parlamentin legitimliyini tanımaqdan imtina etməsidir. Gürcüstan qanunvericiliyinə görə, parlament yeni seçilmiş 76 deputat iştirak etdiyi təqdirdə işə başlamaq səlahiyyətinə malikdir.
Xatırladaq ki, Gürcüstan MSK-nın rəsmi nəticələrinə görə, Gürcüstanın 11-ci çağırış parlamentinə beş siyasi partiya daxil olub. Hakim “Gürcü Arzusu” partiyası 89 deputatla təmsil olunaraq çoxluğu özündə saxlayıb. “Dəyişikliklər Koalisiyası”nın 19, “Birlik – Milli Hərəkat”ın 16 mandatı var. “Güclü Gürcüstan” parlamentə 14, “Qaxaria - Gürcüstan naminə” partiyası isə 12 mandat qazanıb. Bununla belə, hakim “Gürcü Arzusu”ndan başqa 5 faizlik seçki baryerini keçən partiyalardan heç biri MSK-nın nəticələri tanımayıb və parlamentə daxil olmayacaqlarını bəyan ediblər.