EN

Hüseynovun “Qarabağ” sınağı, “Neftçi” qələbə axtarışında

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. İki həftəlik fasilənin ardından birinci gündə “Kəpəz” və “Araz-Naxçıvan” münasibətlərinə aydınlıq gətirəcək.

Lider “Qarabağ” bu turda “Səbail”in qonağı olacaq. “Neftçi” “Zirə”ni, “Turan Tovuz” “Sabah”ı sınağa çəkəcək. Tura “Sumqayıt” – “Şamaxı” görüşü ilə yekun vurulacaq.

Kəpəz – Araz-Naxçıvan
Əvvəlki oyun 0:1

Autsayder “Kəpəz” son turlarda əzmkar oyunu ilə seçilir. Ardıcıl üç matçda məğlub olmayan gəncəlilər müəyyən oyun üslubunu tapıb və xallar qazanmaqdadır. Azər Bağırovun təyinatından sonra döyüşkən komanda təsiri bağışlayan “sarı-göylər” nominal ev oyununda qələbə qazanaraq, “zirzəmi”dən çıxmağın planlarını qurur.

“Araz-Naxçıvan” isə bu ana qədər “Qarabağ”dan sonra çempionatın ən yaxşı komandasıdır. 13 oyunda cəmi 1 dəfə uduzan Elmar Baxşıyevin yetirmələri Tovuz səfərində də favorit göstərilir. Bu mövsüm nizamlı oyunu ilə seçilən naxçıvanlılar nəticəyə oynamağı yaxşı bacaran kollektivlərdəndir.

Səbail – Qarabağ
Əvvəlki oyun 1:2

Çempionatda 8 xalla 9-cu sırada olan və autsayder “Kəpəz”i cəmi 1 xal qabaqlayan “Səbail”də baş məşqçi dəyişikliyi yaşanıb. Komandanın sükanı gənc Cavid Hüseynova tapşırılıb və o, baş məşqçi kimi ilk Premyer Liqa sınağına çıxacaq. Rəqib “Qarabağ”dır və “dənizçilər”in liderə qarşı hansı oyunu sərgiləyəcəyi sual altındadır. Hüseynovun komandadakı işini görmək üçün azı bir neçə tur lazımdır və “Qarabağ”la görüş bu baxımdan ölçü ola bilməz. Hər bir halda, azarkeşlər önündə qazanılacaq xal və ya xallar Hüseynov üçün əlavə motivasiya olacaq.

“Qarabağ”ın qarşıda Avropa Liqasında “Lion”la (Fransa) çətin oyunu var və Qurban Qurbanovun zəif “dənizçilər”lə oyunda ehtiyat qüvvəyə daha çox güvənəcəyi gözlənilir. “ASCO Arena” süni örtüklüdür və futbolçuların zədə riski yüksəkdir. Bu baxımdan aparıcı oyunçuların bəzilərinin “Lion”la oyuna görə startda yer almayacağı gözlənilir.

Neftçi – Zirə
Əvvəlki oyun: 0:2

Premyer Liqada çətin dönəm keçirən “Neftçi” Samir Abasovun gəlişindən sonra da özünə gələ bilməyib. Toparlanmaqda çətinlik yaşayan “ağ-qaralar”ı sonuncu “Kəpəz”dən cəmi 3 ayırır. “Zirə” ilə görüş doğma arenada olacaq və qələbə qazanmaq şərtdir. Həm uğursuz seriyanı sonlandırmaq, həm də qış fasiləsinə qalan qısa müddətdə toplanacaq xallar komandanın avrokubok yarışına qoşula bilməsi üçün imkan yarada bilər. İndilik 3-cü sıradakı “Turan Tovuz”la fərq 16 xaldır və yuxarı pillələr yolunda itiriləcək hər xal ikinci dövrədə kompensasiya edilə bilməyəcək vəziyyətə gətirə bilər.

“Zirə” isə son iki oyunu uduzub. Rəşad Sadıqovun yetirmələri rəqibi qədər enişdə olmasa da, komandanın oyununda durğunluq hiss olunur. Mövsümün əvvəlində daha sürətli hücum edən, şansları maksimum dəyərləndirməyi bacaran “qartallar”da indi səhvlər ön plana çıxır. “Neftçi” səfəri çətin olacaq və qazanılacaq bir xal da komanda adına yaxşı hesab ediləcək.

Turan Tovuz – Sabah
Əvvəlki oyun 2:2

Turun mərkəzi görüşü Tovuzda olacaq. Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “Turan Tovuz” son iki turdur, xal itirir. İkinci pillədəki “Araz-Naxçıvan”ın 4 xal gerisinə düşən tovuzlular xal fərqinin böyüməməsi üçün mütləq qələbə qazanmalıdır. Naxçıvan təmsilçisinin autsayder “Kəpəz”lə görüşü var və üç xal qazanmaq ehtimalı çoxdur. Kurban Berdıyevin kollektivi bu mövsüm evində inamlı çıxış edən komandalardandır və “Sabah”la oyunun favoriti məhz meydan sahibləridir.

“Sabah” isə enişdədir. “Bayquşlar” son 5 oyunda 4 heç-heçə edib, 1 dəfə uduzub. Komandanın qələbəsizlik seriyası davam edir. “Futuristlər” Premyer Liqada rəqib qapısı qarşısında ən çox şans yaradan komandalardan biri olmasına baxmayaraq, nəticələr gəlmir. Krunoslav Renduliçin postu artıq təhlükədədir və məğlubiyyət mütəxəssis üçün ciddi siqnal ola bilər.

Sumqayıt – Şamaxı
Əvvəlki oyun 0:1

Premyer Liqanın ortabablarının dueli Sumqayıtda olacaq. Baş məqşçi postuna Vaqif Cavadovun gəlişindən sonra oyununda inkişaf sezilən “Sumqayıt” son üç oyunda iki qələbə qazanıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı son matçda “Sabah”a əzmkar oyunla qalib gələn “kimyaçılar” “Şamaxı” ilə matçda da fanatlarını sevindirmək niyyətindədir. Sumqayıt şəhərinin 75 illiyi münasibətilə matça biletlər pulsuzdur və bu, arenanın dolması üçün əlavə imkan yaradır. Görüşün konkret favoriti olmasa da, meydan amili və komandaların son turlardakı çıxışına nəzərən, “Sumqayıt” bir addım öndə görünür.

“Şamaxı” isə çətin dönəm keçirir. İtkilər fonunda heyətdə problemlər yaranıb və son matçlarda komanda bunun ağrısını yaşayıb. İndi bəzi oyunçular sıraya dönüb və Ayxan Abbasov “Sumqayıt” qarşısında ideal “11-liy”inə yaxın heyət qura biləcək. Komanda iki aydan çoxdur, qələbə qazana bilmir.

Şahin Cəfərov

Chosen
7
futbolpress.az

1Sources