“Rusiyanın digər ölkələrdən döyüşçü cəlb etməsi, xüsusilə Şimali Koreya ilə bağlı xəbərlərin yayılması, münaqişənin beynəlxalq xarakter almasına səbəb oldu”
Bunu Moderator.az-a açıqlamasında siyasətçi Fuad Qəhrəmanlı deyib.
Siyasətçinin sözlərinə görə, ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya, Rusiyanın dərinliklərinə yönəlik hərbi zərbələr endirilməsi üçün ATACMS və "Storm Shadow" raketlərinin istifadəsinə icazə verməsi , Ukrayna ilə Rusiya arasındakı müharibənin gedişatında yeni bir mərhələnin başlanğıcını qoydu:
“Ukrayna, bu raketlərdən istifadə edərək, Rusiyanın silah-sursat anbarlarını, komanda mərkəzlərini və logistika infrastrukturunu hədəf alacaq. Nəticə etibarilə, Ukraynanın müqavimət potensialı artacaq və Rusiyanın müharibəyə davam etməsi getdikcə çətinləşəcək. Bu qərar, həm də Şimali Koreya əsgərlərinin döyüşə cəlb edilməsi məsələsi ilə əlaqəli olaraq, Qərbin Rusiyaya qarşı mövqeyini göstərir. İndiyə qədər bu məsələ gündəmdə olsa da, ancaq Qərb razılığın verilməsinə tərəddüd edirdi. Rusiya müharibəni genişləndirməyə çalışaraq eskalasiyanı artırmaq istiqamətində addımlar atdıqca Qərbin də buna adekvat reaksiyaları olur. Qərbin, Ukraynaya verdiyi dəstək, yalnız birbaşa hərbi yardım olaraq deyil, həm də müharibə səhnəsindəki bu genişlənməyə qarşı bir reaksiyadır. Bu reaksiyanı həm də münaqişənin genişləndirilməsi kimi deyil, mövcud situasiyanın təbii bir davamı kimi qiymətləndirmək olar. ABŞ və digər müttəfiqləri Ukraynaya hərbi və maliyyə yardımları ilə dəstək verirlər. Bu yardımlar, müharibənin gedişatını dəyişdirə biləcək strateji önəm daşıyır. Ramştayn formatı çərçivəsində keçirilən vaxtaşırı məsləhətləşmələrdə, 50-dən çox ölkə, NATO üzvləri və qeyri-NATO üzvləri, Ukraynanın apardığı hərbi əməliyyatlara dəstək verir. Bu əməkdaşlıq, gələcəkdə də davam edəcək və müharibənin gedişatını daha da formalaşdıracaq”.
F.Qəhrəmanlı qeyd edir ki, Tramp yenidən hakimiyyətə gəldikdən sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək:
“Amma Tramp hakimiyyətə gəlikdən sonra da Ukraynaya bu dəstəyi verməyə məhkumdur. Çünki ilkin əlamətlər onu göstərir ki,Trampın irəli sürdüyü sülh təşəbbüsü məhz Rusiyanın aqressiyası üzündən baş tutan deyil və bu təşəbbüs Rusiyanın işğal planlarından əl çəkməməsi üzündən gerçəkləşə bilməyəcəkdir. Bunun alternativi isə Ukraynanı öz ərazilərindən imtina edib təslimiyyəti qəbul etməsidir. Bu isə Avropanın təhlükəsizliyi arxitekturasının dağılmasına səbəb ola bilər. Ona görə yeganə yol, Rusiyanın strateji məğlubiyyətə uğradılması nəticəsində sülhün əldə olunmasıdır. Trampın son günlər məhz Baydenin Amerika raketlərinin Rusiyanın içərilərində istifadəyə razılıq məsələsinə susqun yanaşması onu göstərir ki, artıq o da bu mövqeyə meyllənib. Müharibənin miqyası böyüdükcə Rusiya tərəfində iştirak edən İran da bir qədər məsafə saxlayır. İran əvvəlki kimi bu proseslərdə iştirak eləmir və Çin də dolayı formada müəyyən komponentləri verməklə kifayətlənir”.
Siyasətçi hesab edir ki, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan, Ukrayna müharibəsinin birbaşa iştirakçısı olmasa da, hər biri münaqişənin gedişatına dair müxtəlif yanaşmalar sərgiləyir:
“Azərbaycan, xüsusən də Rusiya ilə olan strateji əlaqələrinə görə, müharibə zamanı neytral mövqedə qalmağa çalışır. Hətta Ukraynanın ərazilərinin işğalına qarşı mübarizə aparan Rusiya ilə olan strateji müttəfiqlik müqaviləsi olsa da, Azərbaycan bu məsələyə daxil olmaqdan çəkinir. Azərbaycan, həmçinin Ukrayna ilə bağlı Rusiya-Ukrayna müzakirələrində iştirak etməməyə çalışır, çünki onun maraqları daha çox öz regionundakı sabitlik və müttəfiq münasibətlərinin qorunmasına yönəlib.
Ermənistan və Gürcüstan isə fərqli yanaşmalar nümayiş etdirir. Bu ölkələr Qərbin Ukraynaya verdiyi siyasi dəstəyi daha açıq şəkildə dəstəkləyirlər və buna görə də, hərbi münaqişənin inkişafında daha aktiv mövqe sərgiləyirlər. Bu ölkələr Ukraynanın yanında olmasalar da, onların diplomatik mövqeyi, Rusiyanın regiondakı təsirini zəiflətməyi hədəfləyir.
Müharibənin nəticəsi, Rusiyanın Cənubi Qafqazdakı mövqeinə təsir edəcək. Rusiyanın, xüsusən Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çərçivəsindəki təsiri, Ukraynanın qalibiyyəti və Rusiyanın məğlubiyyəti ilə ciddi şəkildə zəifləyəcək. Rusiyanın məğlubiyyəti Cənubi Qafqazda Qərbin və Türkiyənin mövqelərinin gücləndirməsinə səbəb ola bilər”.
Mehin Mehmanqızı