EN

Millət vəkili yeni dövlət proqramı istəyir: “Problem mentallıqda yox, idarəetmə ilə bağlıdır”

O, tez-tez Milli Məclisdə Azərbaycan idmanı ilə bağlı problemləri qabardır, ölkə futbolunun böhranı haqda fikirlər səsləndirir. Açıqlamalar verir, paylaşımlar edir.

Bu mənada Fazil Mustafa həmişə diqqət mərkəzinə düşən sima olub. Belə bir sima ilə söhbətləşmək imkanını əldən qaçıra bilməzdim. Bu məqsədlə parlamentə yollanıb millət vəkili ilə söhbətləşmək qərarına gəldim.

– Azərbaycan idmanının hazırkı vəziyyəti haqqında nə deyə bilərsiniz?

– Azərbaycan idmanının vəziyyəti hazırda sahələr üzrə fərqlidir. Elə sahələr var ki, ona rəhbərlik edənlər işinə daha peşəkar yanaşırlar. Özünüz də görürsünüz ki, yunan-Roma güləşi və cüdo millilərimiz çox yaxşı çıxış edir. Hətta basketbolun müəyyən inkişafındasn danışmaq olar, futbolda isə əksinə, geriləmənin şahidi oluruq. Bununla yanaşı, bəzi idman növlərində də problemləri görürük. Məsələn, voleybol. Doğrudur, voleybol federasiyası müəyyən işlər görür. Amma hələ ki, beynəlxalq yarışlarda nüfuzumuzu bərpa edə bilmirik. Bizi daha çox düşündürən idmanın kütləviliyinin artırılmasıdır. Bu, hazırda çox ciddi problemdir. Uşaq futbolu və ya basketbolunun inkişafı üçün hələ çox işlər görmək lazımdlır. Hər şeydən əvvəl infrastruktur formalaşdırmaq lazımdır. Daha çox bölgələrdə onun kasadlığı hiss olunur. Regionlarda idman həyatı elə də canlı deyil. Doğrudur, indi-indi Gəncə və Tovuzda futbola yeni nəfəs gəlib. Bir də ki, iş adamlarının idmana cəlb edilməsi ilə bağlı problemlər var. Azərbaycan Premyer Liqa klublarının əksəriyyətini SOCAR maliyyələşdirir. Basketbol və voleybolda da eyni vəziyyətdir. Bunları görəndə gələcəyə ümidlə baxa bilmirsən. İdman təkcə gəlir yox, həm də sərmayə qoyulan sahədir. Çətin ki, yaxın vaxtlarda bu problem ortadan qaldırılsın. Ümumiyyətlə, idmanı ölkə həyatının ən aktual sahələrindən biri kimi görmək lazımdır. Nəzərə alaq ki, ölkə prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva idmana böyük qayğı göstərir. Gimnastikada qazandığımız uğurları nümunə gətirmək olar. Görünən odur ki, onların ayırdığı diqqətdən məsuliyyətlə yararlananlar da var, günlərini keçirənlər də.

– Paris Olimpiadasında ümumi çıxışımızı necə dəyərləndirərdiz? Nə qədər də olmasa, medal qazanan idmançıların əksəriyyəti əcnəbi idi.

– Təbii ki, bu, çox üzücü məqamdır. Legionerlər nəsildəyişmə prosesində gənc yerli idmançıların prosesə qoşulmasını çətinləşdirir. Legioner siyasətini ağılla aparmaq lazımdır. Məsələn, biz futbolda bu istiqamətdə yanlış siyasət apardıq. Biz gələn xaricilərin heç birindən bəhrə götürə bilmədik. Yaxud, “Neftçi” komandasına nə qədər pul xərcləndi, amma millidə “Neftçi”nin yetirmələri yox dərəcəsindədir. Bununla yanaşı, fərdi idman növlərində daha çox Rusiyadan gələn idmançıları, xüsusən də qafqazəsilliləri milliləşdirirlər. Bu da azərbaycanlıların haqsız şəkildə rəqabətdən kənarda qalmasına səbəb olur. Çünki pulla legioneri gətirirsənsə, deməli, ona şans verməlisən. Nəticədə yerli idmançını gözlədirsən, onu yetişdirə bilmirsən. Bu, olduqca ciddi məsələdir. Məsələn, basketbol liqasında meydanda 4 legioner və 1 yerli oyunçu mübarizə aparır. Ehtiyatda qalan yerlilər də gözləyir ki, bizdən olan oyunçu çıxsın, özü girsin. Futbolda da vəziyyət belədir. Baxın sərbəst güləşə. Hacı Əliyevdən sonra heç kim uğurun davamını gətirə bilmədi. Amma yunan-Roma güləşçilərimiz bunu bacardı. Eldəniz Əzizli nümunəsində bunu gördük. Yaxud da Elxan Məmmədovun başçılığı altında gənclərdən ibarət cüdo millimiz Avropa birinciliyində böyük uğur qazandı.Yəni bir işi vicdanla yerinə yetirmək lazımdır. Rəşad Nəbiyevin cüdoya xüsusi bir diqqət ayırması hiss olunur. Başqa sahələrə rəhbərlik edənlər də onun kimi işləməlidir. Amma yenə də basketbol və voleybola da diqqət yaxşıdır. Futbolda bu sahəni bilən güclü idarəetmə mexanizmi qurulmalı idi. Bu olmadığına görə, millilərimiz uğursuzluqla üzləşir.

– Parlamentdə həmişə idmanla bağlı çıxışlar edirsiniz. Sizin kimi bu sahədə aktiv olan millət vəkili varmı?

– Plenar iclaslarda olmasa da, komitələrdə həmkarlarım idmana aid məsələlərə münasibət bildirirlər. Hamını bu məsələ düşündürür. Mən sadəcə, buna bir strateji məsələ kimi baxdığımdan onu tez-tez müzakirəyə çıxarıram. İdman təkcə sağlam həyat deyil, o həm də narkomaniya və insan alverinə qarşı etirazdır. Eyni zamanda idman həyat tərzidir. Biz bunu aşılamalıyıq. Bunun əksi, narkomaniya, kriminal mühit və insan alveridir. İdman həm də bizim əsgər potensialımız üçün önəmli sahədir.

– Hər federasiya bir nazirlikdədir? Sizcə sistem oturuşana qədər belə davam edəcək, yoxsa bu daha doğrudur.

– Bu, hazırda Azərbaycanın real şərtlərindən irəli gəlir. İş adamları özlərini bu sahədə görmürlərsə, sahə boş qala bilməz. Bunun beynəlxalq yarışlar var, infrastruktur var. Bununla yanaşı, ölkədə müəyyən adda idman cəmiyyətləri mövcuddur. Qeyri-rəsmi də olsa, onların vəsaiti dövlət büdcəsi vasitəsi ilə formalaşdırılır. Qeyd etdiyim kimi, sahibkarları proseslərə cəlb etməliyik. Məsələn, bir komandanın inkişafı üçün 5 milyonçu vəsait qoyur. Onlardan biri kənara çəkiləndə klub zəifləmir. Dövlətin bu prosesin içində olması rəqabət prinsipinə də təsir göstərir. Burada daha müstəqil quruluşlar olmalıdır. Elə sahələr var ki, ona konkret dövlət dəstək göstərməlidir. Məsələn, su polosu, yaxud reqbi. Hazırda uşaqları reqbiyə cəlb edirlər. Necə olur ki, gürcülər reqbi oynaya bilir, amma biz yox. Amma futbol gəlirli sahə olduğuna görə, bura iş adamları girişə bilər. Burada problem mentallıqda yox, idarəetmə ilə bağlıdır. Biz çalışmalıyıq ki, boşluqları dolduraq. Hər şey dövlətdən asılı olmasın. Bizdə bələdiyyə zəif institut olduğundan, bir bələdiyyənin komandası yoxdur. Halbuki, bələdiyyələr qazancının müəyyən hissəsini idmana xərcləməlidir.

– Keçək elə ən çox müzakirə olunan futbol mövzusuna. Daha dərin suallara keçməzdən əvvəl millimizin İsveçə 0:6 hesabı ilə darmadağın olunmasından başlayaq.

– Mən 6:0-dan sonra baxmadım, neçə oldu?

– Oyun elə bu hesabla da başa çatdı.

–  Yaxşı ki, baxmamışam. Elə bildim, mən baxdığıma görə 6:0 oldu. Bəzən görürsən insanlar bunu mistik bir şeylə izah edirlər. Amma bu gözlənilən bir məğlubiyyət idi. Bütün bu problemlər hər şeydən əvvəl milli çempionatımızın zəif olmasından qaynaqlanır. Futbolun inkişafı ilə bağlı qəbul olunan dövlət proqramına tam əməl olunmadı. Onu da deyim ki, futbolun inkişafı ilə bağlı artıq ikinci dövlət proqramı qəbul olunmalıdır. Birincinin həm vaxtı keçdi, həm də tam mənada hədəflərinə çatmadı. Bir də sual verməliyik: bizə doğurdanmı belə zəif vaxtlarımızda əcnəbi məşqçi lazımdır?  Əslində, mən Canni de Byazinin göndərilməsinin əleyhinə idim. Onun başçılığı altında heç olmasa, İsveçi 3:0 hesabı ilə məğlub etmişdik. Bəlkə də indi onun qisasını artıqlaması ilə aldılar. Bizim məsələyə yanaşmamızda əsas prinsip nə olmalıdır: texniki təchizat məsələsinə diqqət ayırmalıyıq, biz milli çempionatı inkişaf etdirməliyik, aşağı liqaları stimullaşdırmalıyıq. Yeganə ölkəyik ki, I Liqada hansısa komanda 1-ci yeri tutur, amma Premyer Liqaya buraxılmır. Ya da ki, biri elitada sonuncu yeri tutur, amma aşağı dəstəyə yuvarlanmır. Belə çıxır ki, kimi tapırsan, onu da oynadırsan. Həm də ki, bizim komandaların əsas problemi aşağı yaş qruplarından qaynaqlanır. Halbuki, bunu inkişaf etdirmək imkanımız var. Ümumiyyətlə, bizdə stadionlarla bağlı problemlər var. Həm də buna bir az da ürək qoymaq lazımdır. Futbol mütəxəssisləri bu sahəyə cəlb olunmalıdır, onların aktivliyi şərtdir. Futbol elə bir sahədir ki, ən azı özün də peşəkar kimi ayağın topa dəyməlidir. Futbol oynamayanlar onu o dərəcədə sevə bilməz. Bu oyunu özün oynayanda daha çox sevirsən. Bu baxımdan bizə 6-dan çox qol vurmalı idilər. Hələ penaltini də qola çevirə bilmədilər. Bir epizodda 4 oyunçumuz bir-birinə badalaq vura-vura topu rəqibə verdi, onlar da fərqləndi. Əslində, eyni zehniyyət Türkiyədə də var. Onlar da Monteneqroya uduzdular. Oyuna yekəxana çıxdılar və nəticədə cəzalandırıldılar. Biz isə yekəxana yox, məzlum futbol oynayırıq. Ona görə də bizim məğlubiyyət adama o qədər də pis təsir etmir.

– Fazil bəy, biz niyə gürcülərdən geri qalırıq? Onlar sovet dövründən bəri futbolda nəyi düz edirlər ki, biz onu edə bilmirik. Ümumiyyətlə, onlarla müqayisə olunmağımız nə dərəcədə doğrudur?

– Gürcülər bizdən çox çaxır içirlər, amma həm də futbol oynayırlar. Gürcülər bizdən 2-3 dəfə azdırlar. Ancaq onlar uşaqlarının məqsədyönlü şəkildə yetişdirməyə çalışırlar. Bizdə uşaq idmanına nə valideynin çox marağı olur, nə də strukturların. Elə yer var ki, oradan pul qazanmağa girişməzlər. Burada sən sadəcə, müəyyən kapital qoysan, pul özü gələcək. Təəssüf ki, bir çoxları bunu anlamaq istəmirlər. Baxın, Məsut Özil bura gəlib akademiya açmaq istədiyini dedi. Bizdə İsgəndər Cavadov da akademiya açmışdı. İndi onu heç sayan da yoxdur. Əvvəllər, AFFA-nın İcraiyyə Komitəsinin üzvü idi. Normal futbol oynayan neçə futbolçumuz olub ki? İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Vəli Qasımov… Belə adamların önə çəkilməsinə ehtiyac var. Sahəni bilməyən adam onu inkişaf etdirməkdə çətinlik çəkəcək. Hər halda, biz buna uyğun kadr bazası formalaşdırmalıyıq. Bizdə burada qıtlıq var. Bəli, bizim gürcülər kimi çox futbolçumuz olmayıb. Onların Qutsayev, Kipiani, Çivadze, Sulakvelidze və Şengeliya kimi futbolçuları var idi. Bu mənada bizim problemlərimiz var. Hərçənd, son vaxtlar biz “Qarabağ”ın oyunçuları sayəsində bir neçə yaxşı və fədakar futbolçu qazanmışıq. Məsələn, mən Bəhlul Mustafazadə, Toral Bayramov və Elvin Cəfərquliyevin oyununu bəyənirəm. Xüsusən də Elvin meydanda qəhrəmancasına döyüşür. Doğrudur, bəzən məsuliyyətsizlikdən qırmızı vərəqə alsa da, meydanda fədakarlığı ilə diqqət çəkir. Bu, çox önəmlidir. Adam ən azı meydanda ürəyini qoyur. Elə Bədavi Hüseynov da sabit oyunu ilə diqqət çəkir. Bunlar hamısı xaricilərin əhatəsində yetişən yerli futbolçulardır. Amma sənin bu qədər xərclədiyin quyunun dibinə gedir, milli komandaya da bir dənə oyunçu verə bilmirsən. Bunun sonu nə olacaq?

– Uşaq futbolundan danışdız. İndi buna görə hamı gah AFFA-nı tənqid edir, gah da klubları. Bəlkə problem uşaq məşqçilərindədir?

– Məşqçiyə şərait yaratmaq lazımdır, amma doğrudan da, bizim bu sahədə də böyük potensialımız yoxdur. Ölkəyə xarici mütəxəssis gətirirsənsə, uşaq məşqçilərindən başla. Mən əcnəbi uşaq futbolu mütəxəssislərinin dəvət olunmasının tərəfdarıyam. Əcnəbilər böyüklərimizlə dil tapa bilmir, uşaqlarla tapa biləcək. Onlar uşağa daha intizamlı şəkildə futbolun sirlərini öyrədəcək. Biz o vəsaiti milliyə gətirilən əcnəbiyə yox, aşağı yaş qruplarında əcnəbi mütəxəssislərin gətirilməsinə sərf etməliyik. Onların yanına da yerli məşqçiləri qoymalıyıq ki, onların metodologiyasını öyrənsinlər. Bu, bizim özümüzdən asılı olan məsələdir. Uşaq plastiliin kimi bir şeydir, onu necə düzəltdin, elə də oynayacaq. Gürcü və ya erməni bunu düzəldə bilirsə, bunu biz də bacara bilərik. Seçmə mərhələlərdə oynamaqla iş bitmir. Baxın, bizim milli D Liqasına yuvarlandı. Estoniya ilə oyunlarda 4 xal itirdik. Evdə onlara qol da vura bilmədik. Halbuki, de Byazinin vaxtında onlardan 4 xal almışdıq. İsveçi də məğlub edib qrupu 7 xalla başa vurmuşduq. Yenə də deyirəm, uşaq futboluna əcnəbi mütəxəssisləri cəlb etmək vacibdir. Amma əsas yığma yerlilərə tapşırılmalıdır. Onsuz da əcnəbi heç nəyə nail olmur. Yerli isə nəyəsə məsuliyyət daşıyır.

– Santuş “doğru yoldayıq” deyir və 2028-ci ilə qədər vaxt istəyir…

– Santuş özünü təsdiq etmiş məşqçidir. O olmasın, Qvardiola olsun. Material yoxdursa, binanı necə tikəsən axı?!

– Sizcə, o özü öz dediyinə inanır?

– Təbii ki, yox. Ona deyirlər ki, sən çıx, belə danış, o da belə danışır. O da bilir ki, uşaq futbolu yoxdursa, komandanı qurmaq olmaz. Onun bu sözləri sırf siyasətdir. Amma adamın idman dürüstlüyü olsaydı, səmimi şəkildə deyərdi ki, mən bu komandanı belə şəkildə götürə bilmərəm. Bir komandanı götürürsənsə, onun arxasında dəstək olmalıdır. Milli dəstəyi almırsa, xilasedici gözləməyə dəyməz. Dində Mehdi gözləmək inancı var, Azərbaycan futbolunda da həmin Mehdini gözləyirlər. Bunla olmaz axı?

– Az öncə “Qarabağ”dan danışdız. Niyə ancaq “Qarabağ”  sistem formalaşdıra bilib? Məsələn, bəzən sosial şəbəkələrdə oxuyuruq ki, bu klub adına görə qabağa çəkilir. Bu haqda nə deyə bilərsiniz?

– Ümumiyyətlə, əvvəlcə onu deyim ki, Azərbaycan futbolunda qarşıda duran mühüm vəzifələrdən biri də komandanı olduğu yerə qaytarmaqdır. Hər bir komanda öz yerində oynamalıdır. “Qarabağ” Ağdamda, “Araz-Naxçıvan” Naxçıvanda oynamalıdır. Biz axı hazırda Ukraynanın problemləri ilə üzləşməmişik. Məsələn, “Şaxtyor” indi Donetskdə, “Metallist” Xarkovda oynaya bilmir. “Qarabağ”ı enində-sonunda Ağdama qaytarmaq lazımdır. Bizə bölgədə “Qarabağ” lazımdır. Onsuz da neft buruqlarının içində 8-10 komandamız var, bundan uzaqda təmiz havada yetişən klublara ehtiyac duyuruq. Amma suala gəlincə, “Qarabağ” hazırda doğru yoldadır. Bu komanda hər şeydən öncə maliyyə müstəqilliyi əldə edib. Klub pul qazanır, qazandığı pulla da oyunçu ala bilir. Üstəlik, üzə çıxardığın oyunçunu da sata bilirsən. “Qarabağ” hazırda öz maraqlarını təmin edən tək komandadır. Onların haradansa asılacağı yoxdur. Amma bu komandanın üzləşdiyi çətinlik də var. Ağdam klubu yüksək səviyyəli futbolçuları Azərbaycana gətirməkdə çətinlik çəkir. Bir futbolçu hansısa bir təkliflə tanış olanda, birinci maraqlanır ki, mənə almaq istəyən komanda düz-əməlli çempionatda oynayır, ya yox?! Onu düşündürür ki, stadiona azarkeş gəlir, yoxsa oyunlar boş tribunalar arxasında gedir. Futbolçu həm də azarkeşə görə oynayır. Türkiyədə futbolun özü inkişaf eləməsə də, tribunalarda anşlaqdır. Orada fanatik xəstələr var. Biri “Fənərbaxça”lı olmağı dünya vətəndaşlığına bərabər tutur, biri “Qalatasaray”lı olmağını dünyanın ən böyük tapıntısı kimi qəbul edir. Amma Türkiyəyə gələn futbolçu da bilir ki, yolda gedəndə böyük diqqət görəcək, Azərbaycanda bu yoxdur. Çempionat güclənməlidir ki, “Qarabağ” da yaxşı oyunçular gətirə bilsin. “Qarabağ”a yaxşı futbolçuların alınması üçün özəl iş adamları da yeri gələndə səfərbər olmalıdır. Beynəlxalq aləmdə “Qarabağ”ın uğurları artdıqca, Azərbaycan futbolu da dəyərə minəcək.

–  Qurban Qurbanovdan sonra “Qarabağ”da kimi görürsünüz?

– Bu suala birmənalı olaraq cavab vermək çətindir. Mənim deməyim də məsuliyyətsizlik olar. Kimi istəyərlər, onu da gətirərlər. Gətirdikləri yerli olmaya da bilər. Burada əsas sistemdir. Yerli deyiriksə, məsələn, mən Türkiyə futbolunun yerliləri olan Şenol Güneş və ya Okan Buruku bəyənmirəm. Onların metodologiyası yanlışlıq üzərində qurulub. Onların futbolu təsadüfi qələbə üzərindədir. Hər şey sənin əlində olarkən sarsıdıcı məğlubiyyətlə üzləşə bilərsən. Elə Türkiyə millisinin Monteneqroya məğlubiyyəti. Kaan Ayhanla futbol oynamazlar ki. Ağıllı məşqçi Çağlar Söyüncü ilə Kaan Ayhanı meydana buraxmaz. Onların ümumi məsuliyyət anlayışı aşağı səviyyədədir. Komanda hesabda geridədir, türkiyəli futbolçu savaşmağa qaçır. Sənə savaşmaq lazım deyil, rəqibə lazımdır. İndi “Qarabağ”da Qurban Qurbanovun ən böyük üstünlüyü odur ki, orta səviyyəli futbolçulardan sabit oyun göstərən komanda yaradıb. Mən hər zaman bunu deyirəm:  “Qarabağ” uduza bilər, hətta onu 5:0 hesabı ilə üstələyə də bilərlər, amma bu komanda heç vaxt tökülməz. Amma “Qalatasaray” və “Beşiktaş” kimi komandalar 2 topdan sonra tökülə bilər. Zəlzələ ola bilər, evin içində əşyalar aşar, amma bina aşmamalıdır. “Qarabağ” aşmır, tökülmür…

– Kağız üzərində “Qarabağ”ın əzəli rəqibi “Neftçi” problemlər bataqlığından qurtula bilmir. Neftçi”nin problemi SOCAR-dımı? “Qarabağ” transferlərə öz pulunu xərcləyir və onun qədrini bilir, “Neftçi” isə neftdən gələn puldan…

– Bu, sovet futbol modelinə yaxın bir şeydir. “Neftçi”nin maliyyələşdiyi bir yer var. Bu, haradasa problem yaradır, korrupsiyaya da yol aça bilər. “Neftçi”nin problemi rahatçılıqdır. Heç bir nəticə vermirsən, sənə fərq etmir, maliyyəni alırsan. Nəticədə xaosla da üzləşirsən.

– Özünüz Naxçıvan bölgəsindənsiniz. “Araz-Naxçıvan”ın bu mövsüm çıxışı sizi sevindirirmi? Ümumiyyətlə, onların yüksəlişini nə ilə izah edərdiniz?

– Futbol müasir dövrdə pulun üzərində qurulub. Komanda pul buraxırsansa, o ayaq üstə qala biləcək. Pulu kəssən, heç kim oynamayacaq. Pul olmalıdır ki, stadionun olsun, təlim-məşq toplanışı üçün Antalyaya gedə biləsən və ya transfer həyata keçirəsən. “Araz-Naxçıvan”da naxçıvanlılar oynamır ki?!  Orada naxçıvanlı oynasa, deyərəm hə, böyük uğurdur. Mən çox istərdim ki, bu komanda Naxçıvanda oynasın. Zəngəzur dəhlizi açılsa, gediş-gəliş lap asanlaşar. Hazırda bu komandanın stadion problemi var. Necə ola bilər ki, onların arenasının işıqlandırma ilə bağlı problemi olsun?! Bunu əvvəlcədən həll etmək lazım idi. İndi yeni bir stadion tikilir, deyəsən 25 minlik tutumu olacaq.

– Ora yolunuz düşəndə işlə tanış olmusunuzmu?

– Xeyr. Bu dəfə yolum düşəndə ora baş çəkəcəyəm. Naxçıvanda futbolu dirçəltmək lazımdır. Naxçıvanın standartları fərqlidir. Sabah ora yollar açılandan sonra işlər daha yaxşı olacaq. Mən o fikirdəyəm ki, “Araz-Naxçıvan” sürgün həyatından qurtarmalıdır.

– Sabunçu rayonundan millət vəkili seçilmisiniz. Həmin rayonun vaxtilə “Nicat” Maştağa, “Bakı” fəhləsi”, Zabratda “Xəzər Universiteti” komandası olub. Xəzər rayonuna keçsək, Buzovnanın “Xəzri”si olub. Xeyli azarkeş dəstəyi olub. Amma “Zirə”nin böyük azarkeş ordusu yoxdur. Niyə ənənəsi olan Bakı kəndlərində durğunluqdur?

– Bakı kəndlərinin futbol həyatı çox vacib məsələdir. Biz Bakı kəndlərinin daha çox meyxana həyatını təbliğ edirik. Görürsünüz, imkan yaradılanda Bakı kəndlərindən nə qədər komanda çıxıb. İndi də həvəskarlar arasında keçirilən liqalarda nə qədər Bakı kəndlərindən komandalar çıxış edir. İmkan yaratmaq lazımdır ki, burada idman inkişaf etsin. Müəyyən dərəcədə narkomaniyadan qurtulaq. Bir az bayağı həyat tərzindən idmana yönəlmək lazımdır. Bunun üçün də stadionlar tikilməlidir. İndi Maştağada və ya Nardaranda stadion varmı? Bakıxanov qəsəbəsində var, “Neftçi” də gəlib oranı tutub. “Neftçi”nin yerinə oranı hansısa uşaq komandası tutsaydı, gələcəyimizə ümid olardı. Əvvəllər zavod “Bakı fəhləsi”ni maliyyələşdirirdi, indi o zavod yoxdur. Bunlar yaxşı hallar idi. İndi kiminsə bu yükü qaldırması çox çətindir.

TAHİR MİRZƏ

Chosen
14
futbolinfo.az

1Sources