EN

Şimali Koreyalı general Kurskda yaralanıb

Rusiyanın Ukraynaya qitələrarası ballistik raketlərlə hücumunun əks-sədası davam edir. Ukrayna Hərbi Hava Qüvvələrinin dünən (noyabrın 21-də) verdiyi açıqlamada, Rusiyanın nüvə başlığı daşıya bilən yeni qitələrarası ballistik raketdən istifadə edərək Dnepr şəhərinə hücum etdiyi açıqlanıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq Rusiyanın hipersəs “RS-26 Rubej” raketi ilə hücum etdiyini təsdiqləyib. Sinq hücumdan əvvəl ABŞ-ın “Nüvə Riskinin Azaldılması” kanalları ilə məlumatlandırıldığını bildirib.

Rusiyanın bu addımı ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməsindən sonra atılıb.

Rusiya prezidenti Vladimir Putin dünən xalqa müraciətində noyabrın 19-da ABŞ istehsalı olan 6 Ordu Taktik Raket Sistemi (ATACMS) ilə Bryansk şəhərinə hücum edildiyini açıqlayıb. Noyabrın 21-də Ukraynanın Britaniya istehsalı “Storm Shadow” raketləri ilə Rusiya ərazisi Kurska hücum etdiyi bildirilir.

Buna cavab olaraq Putin bildirib ki, Ukraynaya atılan “Oreşnik” adlı ballistik raketi dayandırmaq mümkün deyil. Ukrayna lideri Vladimir Zelenski hücumun Putinin sülhdə maraqlı olmadığını göstərdiyini iddia edib.

 

“Soyuq Müharibə doktrinası ilə fasilə yaranıb”

 

Amerikanın CNN media orqanının təhlilində qeyd edilir ki, “RS-26 Rubej” müxtəlif hədəfləri vura və çoxsaylı nüvə başlıqları daşıya bilən “MIRV”ni dəstəkləyən ballistik raketdir.

“MIRV”lərin Soyuq Müharibə dövründə Sovet İttifaqı ilə ABŞ arasında qarşılıqlı nüvə qarşısının alınması siyasəti çərçivəsində hazırlandığı vurğulansa da, Rusiyanın hücumu ilə “soyuq müharibə doktrinasının pozulduğu” şərh edilir.

ABŞ Alimlər Assosiasiyasından Hans Kristensen deyir: “Mənim bildiyimə görə, bu, MIRV-dən döyüşdə ilk dəfə istifadə olunur”.

 

“Qərbə təhdid mesajı”

 

ABŞ-ın “New York Times” (NYT) qəzeti yazır ki, Rusiya ballistik raket hücumu ilə “Qərbə təhdid mesajı verir”. Berlində yerləşən Karnegi Rusiya Avrasiya Mərkəzindən Tatyana Stanovaya aşağıdakı şərhləri bölüşür: “Bu, gərginliyi artıran bir addımdır. Mən hesab edirəm ki, vəziyyət həqiqətən çox gərgindir”.

 

“Bu, NATO-nun müdafiə siyasətinə təsir edə bilər”

 

Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “The Guardian” Rusiyanın hücumunun NATO ölkələrinin müdafiə siyasətlərinə təsir edə biləcəyinə diqqət çəkir. Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Timoti Rayt qeyd edir ki, Rusiyanın yeni raketlər hazırlaması NATO ölkələrində hansı hava hücumundan müdafiə sistemlərinin alınacağı ilə bağlı qərarlarda mühüm rol oynayacaq. 

Digər tərəfdən ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti Ukrayna cəbhəsində döyüşən Şimali Koreyalı generalın yaralandığını iddia edib. Şəxsiyyətinin açıqlanmasını istəməyən Qərb rəsmilərinə istinad olunan xəbərdə generalın noyabrın 21-də Ukrayna ordusunun Rusiyanın Kurska ərazisinə hücumu zamanı yaralandığı iddia edilir.

Pxenyanın ruslarla koordinasiya işlərinə nəzarət etmək üçün general-polkovnik Kim Yonq Boku Ukraynaya göndərdiyi iddia edilir. Bir çox Qərb ölkələri, xüsusən də ABŞ Şimali Koreyanın Ukrayna cəbhəsinə ən azı 10 min əsgər göndərdiyini iddia edirdi.

Chosen
15
vaxt.az

1Sources