EN

"Bakı etiraz etsə də, Qarabağa aid filmimiz "Oskara"a layiq görüləcək"- İordaniyalı erməni rejissor

Xatırlayırsınızsa, bu il noyabrın ilk günlərində İordaniyada növbəti bir erməni təxribatının üstü açılmışdı. Beləki, İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın “Mənim sevimli ölkəm” sənədli filminin “Oscar” mükafatına namizədliyini geri götürdü. Erməni nəşri olan Hetq.am xəbər verdi ki, İordaniya sözügedən filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçmişdi.


Qeyd edək ki, filmdə keçmiş Qarabağ münaqişəsi ilə bağlı reallıqlar açıq şəkildə təhrif edilmişdi. Filmdə Qarabağda yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejen adlı erməni uşağın hekayəsindən bəhs edilirdi. Ekran işində həmin uşağın Azərbaycana qarşı döyüşməyə hazırlaşmasından bəhs olunurdu.

Adalet.az xəbər verir ki, erməni mediası iordaniyalı erməni rejissor Sarin Ayrapetyandan müsahibə alıb.” Qarabağ haqqında sənədli film çəkmək ideyası necə yarandı?” sualına erməni rejissor belə cavab verib:” Mən İordaniyalı erməniyəm, İordaniyanın erməni koloniyasında böyümüşəm, orada erməni məktəbi, kilsəsi, klubu var. Biz uşaqlıqdan orada erməni tarixini öyrənirik və əlbəttə ki, artsax haqqında yaxşı bilirdik.
2018-ci ildə Amerikada HBO kanalı ilə müharibədən sonrakı travmalar, travmalarını sənət vasitəsilə aradan qaldırmağa çalışan veteranlar haqqında film çəkirdim. Bundan sonra məndə Qarabağa gedib orada yaşayan insanların həyatı ilə tanış olmaq, orada yaşayan və hər an müharibəyə girə biləcək ailələr haqqında danışmaq fikri yarandı. Mənim fikrim bunu orada yaşayan uşaqların gözü ilə etmək idi.
Altı illik zəhmətin nəticəsi olaraq “Mənim sevimli ölkəm” sənədli filmi dünyaya gəlib. Bu, Martekertdən (Ağdərə-red-ƏR) olan 11 yaşlı Vrejdən bəhs edir, onun vasitəsilə Qarabağdakı 44 günlük müharibədən əvvəil, həmin vaxtı və sonranı əhatə edir.
Jurnalistin ikinci verdiyi sual belədir: İordaniya “Oskar”dan göndərdiyi filmi geri çəkdi, səbəb nə idi və planlarınız nədir?
Rejissor:” Noyabrın əvvəlində Amerika Film Akademiyasından ərizəmizin ləğv edildiyi barədə elektron məktub aldıq. Biz İordaniya Kino Komissiyası ilə əlaqə saxladıq və onlar bizə izah etdilər ki, Azərbaycan İordaniyaya şikayət edib və İordaniya filmi geri götürmək qərarına gəlib.
O xəbəri aldıqdan sonra, əlbəttə ki, çox üzüldük, amma gücümüzü topladıq və qərara gəldik ki, filmimiz daha çox yayılsın və daha çox nümayiş etdirilsin.
Bu günlərdə Beynəlxalq Sənədli Filmlər Assosiasiyası elan edib ki, bizim filmi üç nominasiya üzrə namizəd olub: “Ən yaxşı operator işi”, “Ən yaxşı montaj”, “Ən yaxşı musiqi”. Filmimizin musiqisini Tiqran Hamasyan yazıb. Bu festival sənədli filmlər üçün ən nüfuzlu festivallardan biridir.
Noyabrın 29-dan film Amerikanın kinoteatrlarında nümayiş etdiriləcək və uğurlu olarsa, “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Oskar”a təqdim edə bilərik. Baş verənlər inamı daha da gücləndirdi ki, gördüyümüz iş vacibdir, biz əlimizdən gələni edəcəyik ki, Vrej və Qarabağ haqqında film dünyanın hər tərəfinə çatsın”.


P.S. Əslində yazını hazırlayarkən həmişə olduğu kimi əsəbləşmək yerinə, qəzəblənmək əvəzinə qəlbimdən bir təəssüf hissi keçdi. Düz 32 ildən çoxdur ki, Azərbaycanlılar mənfur qonşularımız tərəfindən öz dogma yurd-yuvasından perik düşüb. Görəsən, niyə bizim kinomatoqraflar, ssenari müəllifləri, rejissorlar bu günə qədər bu formatda bir sənədli və yaxud bədii film çəkib “Oskar”a təqdim etməyiblər? Bunu bu 32 ildə etməyiblər, etməsinlər, cəhənnəmə ki… Heç olmasa geri-yurduna dönən insanların dönüşünə həsr olunmuş bir film çəkəydilər…

 Əntiqə Rəşid
 

Chosen
25
adalet.az

1Sources