«Belə bir klubda çalışmaq mənim üçün böyük şərəfdir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin yeni baş məşqçisi Xaqani Məmmədov deyib.
Noyabrın 11-də «fədailər»in sükanı arxasına keçən və mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atan mütəxəssis böyük həvəslə işə başladığını bildirib:
«Mənə böyük etimad göstərilib. Odur ki, başda prezidentimiz Asəf Məlikov olmaqla, rəhbərliyimizdə yer alan bütün şəxslərə öz dərin minnətdarlığımı bildirirəm. Sözün həqiqi mənasında çox sevinirəm və söz verirəm ki, «Difai»nin daha yaxşı yerlərə gəlməsi, layiq olduğu nəticələri qazanması üçün bütün bacarığımı ortaya qoyacam. «Difai» baş məşqçi kimi çalışdığım ilk peşəkar klubdur. Burada yaxşı ad qoymaq, Asəf müəllimin inamını doğrultmaq istəyindəyəm. 10 gündən artıqdır komandadayam və görürəm ki, necə bir yerdəyəm. Mehriban kollektivimiz var. Futbolçuların hamısı yaxşı və çalışaqandır, bacarıqlıdır. Onlardan razıyam. İlk gündən məşqlərdə həvəslə işləyirlər. «Qaradağ Lökbatan»lai lk yoxlama oyununu da 3:1 qazandıq. Bunun davamını çempionatda gətirmək lazımdır. Komandada hər kəs başa düşür ki, bizi qarşıda necə məsuliyyətli oyunlar gözləyir. Birinci Liqada gərgin mübarizə gedir. Gəldiyim gündən futbolçulara demişəm ki, «Difai»ni irəli aparmalıyıq. Çünki rəhbərlik mövcud imkanlar daxilində komandaya normal şərait yaradıb və bizim borcumuz onları sevindirməkdir».