Tamil Nadu ştatının Krişnagiri rayonunda vəkil məhkəmə binası qarşısında köməkçisi tərəfindən oraqla öldürülüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə çərşənbə günü səhər saatlarında Hosur rayonunda baş verib.
30 yaşlı vəkil Kannan iş üçün getdiyi məhkəmədən çıxarkən köməkçisi Anandan tərəfindən hücuma məruz qalıb.
Anandan Kannanı məhkəmənin qarşısında saxlayıb və ona oraqla hücum edib. Kannan yerə yıxıldıqdan və huşunu itirdikdən sonra da təcavüzkar Kannanın başına oraqla dəfələrlə zərbələr endirməyə davam edib.
Əldə edilən məlumata görə, Kannanın Anandanın həyat yoldaşı ilə qeyri-qanuni münasibətdə olduğu iddia edilib. Polis mənbələrindən verilən məlumata görə, bu məsələyə görə ikisi arasında düşmənçilik yaranıb. Boyun və çiynindən ağır yaralanan Kannan xəstəxanada müalicə olunarkən dünyasını dəyişib.
Vəkillər bu amansız qətlə etiraz olaraq Hosur Ədliyyəsində nümayiş keçiriblər. Aksiya Hosur məhkəməsinin hakimi ilə rayon polis rəisi arasında keçirilən görüşdən sonra başa çatıb. Həmin müddətdə qətli törədən Anandan təslim olub.
Vüsalə İbrahimli