EN

İnam Heydər Malik: COP27 və COP28-də verilən vədləri yerinə yetirməyin vaxtı çatıb

Pakistan təbii fəlakətlərlə mübarizəni bir regionla məhdudlaşmayan qlobal problem kimi qəbul edir.

Bunu “Report”a müsahibəsində Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik deyib.

O qeyd edib ki, bir ölkədə baş verən təbii fəlakət çox vaxt temperaturun yüksəlməsi, buzlaqların əriməsi və digər qlobal proseslərlə əlaqəlidir:

“Bizim vəzifəmiz təbii kataklizmlərin inkişafını proqnozlaşdırmaq və onların trayektoriyalarını müəyyən etməkdir. Burada məqsəd cəmiyyəti əvvəlcədən məlumatlandırmaq və onlara hazırlaşmaq üçün vaxt verməkdir”.

General bildirib ki, Pakistan təbii fəlakətləri onların baş verməsindən 10 ay əvvəl proqnozlaşdırmağı öyrənib ki, bu da zərər və insan itkilərini minimuma endirməyə imkan verir.

“COP27 və COP28 konfranslarında verilən vədləri yerinə yetirməyin vaxtı gəlib çatıb. Biz iqlim maliyyələşdirilməsi ilə bağlı İtki və Zərərlə Mübarizə üzrə Qlobal Fondu işə salmalıyıq. Bu fond regionlarda ictimai təşkilatların iştirakı və innovasiyaları stimullaşdırmaq üçün özəl sektorun cəlb edilməsi də daxil olmaqla müxtəlif komponentlərə bölünməlidir”, - o deyib.

Onun sözlərinə görə, iqlim maliyyələşdirilməsi təkcə dövlət qurumlarının deyil, fəlakətlərə cavab vermək üçün texnologiya və materialların hazırlanmasında mühüm rol oynaya bilən özəl sektorun töhfəsini də nəzərə almalıdır.

“Fəaliyyət üçün vaxt getdikcə azalır. Biz artıq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunacaq 2030-cu ilə gedən yolun təxminən yarısını keçmişik. İndi əvvəllər müəyyən edilmiş vəzifə və məqsədlərin həyata keçirilməsi üçün siyasəti yenidən nəzərdən keçirmək və genişmiqyaslı cavab tədbirləri görmək lazımdır”, - general bildirib.

Azərbaycanla münasibətlərə toxunan H.Malik vurğulayıb ki, Pakistan beynəlxalq təşkilatlar və ölkələrlə, o cümlədən Azərbaycan, Avropa, Şərqi Asiya dövlətləri və kiçik ada ölkələri ilə fəal əməkdaşlıq edir.

“Biz tərəfdaşlarımıza müraciət edərək Pakistanın soyuq şimal bölgələrindəki fəlakətlərlə dünyanın digər yerlərindəki oxşar zonalar arasındakı əlaqəni öyrənməyi təklif etmişik”.

O qeyd edib ki, bu, tarixi məlumatlar və müasir erkən xəbərdarlıq texnologiyaları əsasında bilik mübadiləsi aparmağa və cavab tədbirlərini təkmilləşdirməyə imkan verir.

“COP29 konfransına hazırlıq çərçivəsində azərbaycanlı həmkarlarla məhsuldar qarşılıqlı fəaliyyəti xüsusilə qeyd etmək istəyirəm. Bütövlükdə, Bakıda COP29 yüksək səviyyədə təşkil edilib. Bu platformada əməkdaşlıq qlobal iqlim problemlərinin həllində önəmli addım ola bilər”, - o deyib.

Chosen
6
2
far.az

3Sources