Tədbirdə Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, dövlət qurumlarının nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. İştirakçılar Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin əhəmiyyətini vurğulayıblar və bu qələbənin xalqın birlik və iradəsinin nəticəsi olduğunu bildiriblər.
Tədbirin açılışında Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət himni səsləndirilib.
Çıxış edənlər, o cümlədən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Yasamal rayon filialının rəhbərliyi, Zəfər Gününün əhəmiyyətini, xalqımızın qəhrəmanlıq tarixini və şəhidlərimizin unudulmaz xidmətlərini qeyd ediblər. Onlar vurğulayıblar ki, müstəqillik və ərazi bütövlüyü uğrunda döyüşən hər bir qəhrəman Azərbaycanın parlaq gələcəyinin təminatçısıdır.
Tədbir çərçivəsində mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin ifasında musiqi və ədəbi kompozisiyalar təqdim edilib. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və Azərbaycanın tarixi qələbəsini əks etdirən videomaterial nümayiş etdirilib.
Tədbir iştirakçılarına xüsusi hazırlanmış hədiyyələr və təşəkkürnamələr təqdim edilib.
Azərbaycan xalqının qürur günü olan Zəfər Günü gələcək nəsillər üçün əbədi olaraq tarixi miras kimi qorunacaq və bu kimi tədbirlər ölkəmizin qəhrəmanlıq tarixinin təbliğinə töhfə verəcək.