EN

Sürücülərə ŞAD XƏBƏR:Dövlət onları belə sevindirəcək

“İctimai nəqliyyata dövlət büdcəsindən vəsait ayrılması, əslində, bu il də nəzərdə tutulmuşdu. Sadəcə olaraq, proyektin vaxtı bir az uzandı. Yəqin ki, növbəti il sözügedən layihə baş tutacaq və ictimai nəqliyyata öz təsirini göstərəcək”.

Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O, dövlət büdcəsindən ictimai nəqliyyat üçün ayrılan vəsaitin hansı yeniliklər üçün nəzərdə tutulduğunu şərh edib. Bildirib ki, ictimai nəqliyyata dövlət dəstəyi mütləqdir:

“Həmin vəsaitin ayrılması yalnız avtobus parkının yenilənməsi üçün nəzərdə tutulmayıb. Burada bir çox məsələlər var. Məsələn sürücülərin əməkhaqqının verilməsi, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarların bu sahədə dəstəklənməsi və digər məsələlər sənəddə öz əksini tapacaq. Dövlət daşıyıcılara bir növ subsidiya ayırır. Bunun ayrılması müsbət bir haldır. Çünki dünyanın heç bir yerində ictimai nəqliyyata dövlət dəstəyi olmadan ayaqda qalmaq mümkün deyil. Bəzi halları çıxmaq şərti ilə əminliklə deyə bilərik ki, bu praktiki olaraq mümkün deyil. Mütləq dövlət dəstəyinə ehtiyac var. Ya xaotik bir ortam olmalıdır, ya da dövlət dəstəyi olmalıdır ki, daşıyıcılar inkişaf edə bilsinlər. Baxırıq ki, son dövrlər ümumi vəziyyət heç də ürəkaçan deyil. Daşıyıcı şirkətlər yeni avtobuslar alıb-gətirə bilmir. Bir çox məsələlərdə əziyyət çəkirlər”.

E.Muradlı ayrılan vəsaitin əsas istiqamətindən də söz açıb:

“150 milyon manatın əsas mahiyyəti ondan ibarətdir ki, hər bir daşıyıcı şirkət avtobusu xəttə buraxır və dövlət ona avtobusun sərnişindaşıma fəaliyyətinin hər kilometrinə görə pul ödəyir. Üstəlik burada vacib bir məsələ var ki, bu da sürücülərin əməkhaqqısıdır. Ən vacib məsələ budur. Çünki son dövrlər ölkəmizə gətirilən avtobuslar kifayət qədər bahalıdır, onların texniki xidmətə ehtiyacı yüksəkdir və belə olduğu üçün həmin nəqliyyat vasitələrini hər adama etibar etmək olmaz. Son dövrlər “BakuBus” şirkəti üçün gətirilən nə qədər yeni, elektrikli avtobus var. Sürücü o avtobusu qorumasa, tez bir zamanda sıradan çıxacaq. Ona görə sürücüyə stimul vermək, peşəkar şəxslərlə işləmək lazımdır ki, onlar nəqliyyat vasitələrini sındırıb-dağıtmasın, avtobuslar tez bir zamanda sıradan çıxmasın”.

Ekspert hesab edir ki, kilometraja görə ödəniş məsələsi reallaşandan sonra sürücülər daha çox sərnişin daşımağa, sahibkarlar isə avtobusları qarajda saxlamağa yox, xəttə buraxıb işləməyə maraq göstərəcəklər:

“Bu, müsbət bir yanaşma olacaq. Son dövrlər müşahidə edirik ki, Bakı kəndləri, ətraf ərazilərdə olan daşıyıcılar axşam saat 7-8 ərəfələrində aradan çıxır, yəni, xətti buraxıb daşıma fəaliyyətini dayandırırlar. Ona görə dövlətin bu dəstəyi onları stimullaşdıracaq ki, insanlar yolda qalmasın, daha çox sərnişin daşısınlar. Bununla da daha çox pul qazansınlar. Daşıyıcı çox pul qazansa, yeni avtobuslar da alacaq. Beləliklə, avtobus parkının yenilənməsini də müşahidə edəcəyik. Ən vacib məsələlərdən biri də avtobus parkının yenilənməsidir. Çünki hazırda Bakı şəhərində istismar olunan 2100 avtobusdan ən azı 1000-i yararsız vəziyyətdədir. Həmin məlumat rəsmi olaraq aidiyyəti qurum tərəfindən də etiraf olunub. Çox təəssüf ki, vəziyyət belədir”.

(yeni.sabah)

Chosen
14
2
avtosfer.az

3Sources