Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli tədbir iştirakçıları!
Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürümü bildirirəm.
Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləmişdir. ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.
ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. "Sülh və barışıq axtarışı mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir.
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır. Konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.
Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir.
Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir.
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək və genişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaqdır.
Sizə ən xoş arzularımı çatdırır və 12-ci Baş Assambleyanın işinə uğurlar diləyirəm”.