EN

Qobustanda güləş məşqçiləri üçün seminar keçirilib

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.

Futbolinfo.az xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Qobustan şəhərində keçirilib.

Tədbirdə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.

Seminarın nəzəri hissəsi Qobustan Gənclər Evində baş tutub. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan üzrə sektor müdiri Qadir Əkbərov seminarın önəmindən danışıb və buna görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın həyata keçirdiyi layihələrdən, güləş qaydalarından və qayda pozuntularından danışıb. Qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Elbrus Məmmədov yerli məşqçilərə öz tövsiyələrini çatdırıblar. Bu seminarda da azyaşlı idmançıların çox çəki salmasının fəsadları qabardılıb. I-S kateqoriyalı referi Sədi Quliyev video nümayişi fonunda edilən fəndlərin qiymətləndirilməsinə toxunub.

Seminarın praktiki hissəsi isə Qobustan Uşaq Gənclər İdman Məktəbinin güləş zalında keçirilib. Həsrət Məmmədyarov sərbəst, Elbrus Məmmədov isə yunan-Roma güləşi üzrə müxtəlif fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 26-da Qazax şəhərində keçiriləcək.

Chosen
1
3
futbolinfo.az

4Sources