EN

COP29-a qarşı təxribatlar nəticəsiz qaldı - Məlahət İbrahimqızı

Yazını böyüt
Yazını kiçilt

Son günlərdə Azərbaycan adı dünyanın bütün aparıcı media orqanlarında yer almaqdadır. Bunların əksəriyyəti Azərbaycanın COP29-un ev sahibi kimi uğurlarından bəhs etsə də, bəziləri heç bir məntiqə və fakta əsaslanmayan, birbaşa erməni lobbisinin təsiri ilə yazılmış cızma-qaralardır. Hansı ki, bu məsələdə daha çox dünyada müstəmləkəçilik zülmü ilə ad çıxarmış Fransa və erməni lobbisinin təsiri ilə reallığı qarışdıran ABŞ öncüllük təşkil edir. Müsahibimiz Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır.

 - Azərbaycanda keçirilən COP29 konfransı regionla bağlı hansı reallıqdan xəbər verir? Avropanın, Qərbin bəzi dövlətlərinin belə bir mənzərədə rolu nədən ibarətdir?

- Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın, hörmətin göstəricisi olmaqla yanaşı tarixdə qürurverici səhifələrindən biri kimi qeyd olunacaq. COP29 üçün Azərbaycanın dünyada mövcud olan 200 ölkənin sırasından seçilməsinin özü böyük göstəricidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi 44 günlük zəfər savaşı və ötən il suverenliyimizin tam bərpasından sonraya təsadüf etməklə yanaşı, buna 200 dövlətin səs verməsi mühüm hadisə kimi dəyərləndirilməlidir. Bu dövlətlərin konfransla bağlı Azərbaycana səs verməsi onu göstərir ki, 44 günlük vətən müharibəsi, eləcə də ötən il Xankəndi ətrafında aparılan antiterror əməliyyatları haqqımızın bərpası üçündür, haqq işimizdir. Prezidentimiz konfransda çıxışı zamanı bu məqama xüsusilə diqqət çəkdi. Azərbaycanın 30 illik işğala son qoyması, həm də bu səsvermənin nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən etimadın göstərildiyi, yüksək nüfuzu olan dövlət kimi tanınmağımız demək idi. 

- COP29 ölkəmizə nə vəd edir?

- Konfransın regiona, Azərbaycana nə vəd etməsi, gələcək üçün hansı perspektivləri açmasından qarşıda çox danışılacaq. Tək konfransın 200 ölkənin səsi ilə Azərbaycanda keçirilməsinin özü ölkəmizin nüfuzu və dövlət başçısının Azərbaycanda həyata keçirdiyi çoxvektorlu diplomatiyaya verilən qiymətdir. COP29 konfransı çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi özünün nəticələrini göstərəcəkdir. Gələcəkdə Azərbaycan bundan da uğurlu tədbirlərə ev sahibliyi edəcək.

- Bu gün özünü, az qala, Avropanın “demokratiya gözü” adlandıran ölkələr, xüsusilə Paris hansı siyasətlə diqqət çəkir, dənizaşırı ölkələrə nəyi diqtə edir?

- COP29 konfransına ev sahibliyi etməsi üçün Azərbaycana 200 dövlət səs verdi. Çox təəssüf olsun ki, o dövlətlərin içərisində bir qrup ermənipərəst qüvvələr, başda Fransa bu mötəbər uğuru qəbul edə bilmir, qısqanclıq, qərəz nümayiş etdirirlər. Digər tərəfdən, Avro-Atlantk məkanda Qərb strukturlarının əksəriyyəti Avropanın bir neçə ölkəsinin təzyiqi altında fəaliyyət göstərir. “Liderliyi” fitnəkar Fransa edir. Təkcə 44 günlük Vətən müharibəsi dövründə Niderland Parlamenti Azərbaycana qarşı 41 qərar qəbul eləmişdi. Bu ölkənin parlamentinin başqa problemləri, işi yoxmuş kimi, Azərbaycanla bağlı qərarlar qəbul edib dağılıblar. Bu nə qədər gülünc olsa da, bir o qədər də təəssüf doğurur. Bu dövlətlər Azərbaycandan nə istəyir? Kənardan baxanda qəribə görünür: Niderlandın Azərbaycanla nə işi ola bilər? Azərbaycan Avropa Birliyinin, Avropa Parlamentinin üzvi deyil. O zaman sual olunur: siz kimsiniz ki, ölkəmizə qarşı belə qərəzli, böhtan dolu çıxışlar edir, qətnamələr qəbul edirsiniz? Azərbaycan Prezidenti də çıxışında bu qüvvələrə cavab olaraq, “Siz bizi cəngəllik ölkəsi adlandırırsınız, yaxşı edirsiniz, əl çəkin bizdən”,  - deməklə həmin qüvvələrə münasibətini bildirmişdi.

Bəllidir ki, Avropa, Qərbdən ölkəmizə qarşı hədyanlar yağdıran, ölkəmizi insan haqlarının pozulduğu bərbad ölkə kimi təqdim edən bu qüvvələrin məqsədi başqadır. Onların məqsədi bizim kimi dövlətlərə demokratiya, insan haqlarının müdafiəsini gətirmək deyil. Əksinə, o qüvvələr ölkəmizi öz təsirləri altına salıb, var-dövlətini sümürmək üçün fürsət axtarırlar. Onların bu siyasəti yeni deyil, yüz illərdir ki, dünyanın bütün qitələrində ayrı-ayrı dövlət və xalqlara qarşı davam edir. Onların siyasi ideyasında “Parçala və hökm sür” məqsədi dayanır. Məsələyə bu fondan baxanda bir sıra Avropa ölkələrinin sərvətlərinin niyə qurtarmadığı açıq görünür. Bu müstəmləkəçi dövlətlər 100 illərdir Asiyanın, Sakit okean hövzələrinin, Afrikanın, Hindistanın və sair ölkələrin, xalqların sərvətlərini sümürüb Avropaya gətiriblər, müstəmləkəçilik siyasəti ilə özlərinə saraylar tikib, öz rifahlarını yaxşılaşdırıblar. İndi elə həmin dövlətlərdir ki, bizə insan haqları, hüququndan dərs keçməyə çalışır, humanizmdən danışırlar. Tarix boyu hegemonluq edən bu dövlətlər Azərbaycan kimi müstəqilliyini, suverenliyini yeni qazanmış ölkənin onların yalanlarını açıq ifşa etməsini qəbul edə bilmirlər. Onlar müstəqilliyini istəyən xalqları hər zaman təzyiq, zülm altında saxlayıb, ikinci sinif xalqlar kimi yanaşıb öz hegemonluqlarını qorumaqla məşğuldurlar. Ona görə də COP29-un keçirildiyi son günə qədər konfransın qarşısını almağa çalışdılar. İstəkləri isə suya düşdü. Ona görə də Bakıya 80-dən çox dövlət, hökumət rəsmisinin, 190-dan çox ölkədən 70 mindən çox nümayəndələrin gəlməsi çox böyük göstəricidir.

Biz Avropadan, Qərbdən gələn bu cür ikilistandartlı, qərəzli təzyiq və təsirlərə alışmışıq. Azərbaycan 30 ildən artıqdır ki, işğala məruz qalan bir ölkə kimi Avroatlantik məkanın bəzi strukturlarının riyakarlığı ilə üz-üzədir. Azərbaycan öz haqlarının qorunması üçün mübarizəyə qalxanda dərhal “insan haqları”, “demokratiya” oyunlarını ortaya atıb. Bir milyondan artıq azərbaycanlının haqqının pozulmasına, evlərinin erməni quldurları tərəfindən dağıdılıb talan olunmasına, mədəni sərvətinin məhv edilməsinə göz yumanlar da məhz onlardır. Halbuki Avropa, elə ABŞ özü də demokratiyanın ən çox pozulduğu yerdir. Bu güclər bizə gələndə demokratiyadan immitasiya edirlər. Bu gün Gürcüstan gözümüzün qarşısındadır. Ukraynadakı vəziyyəti görürük. Azərbaycanla bağlı yalan və böhtanlarından əl çəkmirlər. Prezdientimiz COP 29-da etdiyi çıxışında bu barədə bir daha bəyan etdi. Azərbaycan ictimaiyyəti bunu gözləyirdi. Təbii ki, Prezident belə bir mötəbər kürsüdən istifadə edərək, Azərbaycana qarşı çıxan, qərəzli çıxış edən güclərin riyakarlığının ifşa olunması üçün həqiqətləri söyləməliydi və söylədi. Məlumdur ki, xarici mediada Azərbaycana qarşı çıxışlar var. Nəzərə alsaq ki, Azərbaycan öz haqlarını müdafiə etmək üçün çox vaxt beynəlxalq mətbuatda çıxış edə bilmirdi, bu konfrans həqiqətlərin dünyaya çatdırılması baxımından gözəl fürsət idi. Kimlərsə buna görə qınayıcı çıxışlar edir. Sual olunur: əgər Azərbaycan bu konfransın verdiyi fürsətdən bir tribuna kimi istifadə etməyəcəkdisə, o zaman bu mötəbər tədbiri kimin üçün edirdik: ermənilər, ona dost olan qüvvələr üçün?! Xeyr. Azərbaycan dünyanın qlobal probleminə özünün töhfələrini verən ölkə olaraq qarşılaşdığı problemləri də səsləndirməli idi və bunu etdi. Ona görə də Azərbaycan ictimaiyyəti Fransa və digər Qərb ölkələrindən Azərbaycana qarşı yönələn yersiz iddialara ciddi yanaşmır, amma tədbirsiz də deyil.

- Fransanın zorakı və özbaşına metodlardan istifadə etdiyi, eyni zamanda, Martinik xalqının toplaşmaq və ifadə azadlığının məhdudlaşdırılması bu ölkənin hansı mahiyyətini ortaya qoyur?

-  Fransanın özü müstəmləkəçi siyasəti ilə insanlığı narahat edir. Məlum olduğu kimi, noyabrın 12-də COP ölkələrinin dövlət başçıları və hökumət rəhbərlərinin sammiti oldu. Ondan bir gün sonra Sakit okean və kiçik ada dövlətlərinin hökumət və dövlət başçılarının, eyni zamanda, BMT-nin Baş katibi Quttereşin iştirakı ilə sammit keçirildi. Prezidentimiz o sammitlərdə də bu məsələlərə diqqət çəkdi. Fransa kimi müstəmləkə dövlətləri də əməllərinə görə cavab verməlidir. Bildiyimiz kimi, bir neçə gün əvvəl BMT-nin İnsan hüquqları komitəsində Fransaya qarşı etiraz sənədi qəbul etdilər. Bu, Yeni Kalidoniyada baş verən etirazlar zamanı dinc xalqa qarşı zorakılıqla bağlı idi. XXI əsrdə müstəmləkə siyasəti aparmaq həqiqətən də insanlığa ləkədir. Quldarlığın, köləliyin ləğv olunduğu dünyada Fransanın müstəmləkə siyasətindən əl çəkməməsi üzqarasıdır. O da məlumdur ki, Fransanın 20-dən çox müstəmləkədə saxladığı kiçik ərazilər, xalqlar var. Ölkəmiz Qoşulmama Hərəkatı çərçivəsində o xalqlara ciddi dəstək verib. Bununla bağlı Bakı Təşəbbüs Qrupu yaradılıb.

Məlumdur ki, Yeni Kaledoniyada baş verən mitinqlərdə yüzlərlə insan Fransanın qatı rejimi tərəfindən həbs olunub və onlara çox ciddi cəzalar tətbiq olunub. Ona görə də BMT-yə müraciət olundu və obyektiv surətdə etiraz sənədi qəbul edildi. Gələcəkdə də Azərbaycan özünün bu mövqeyini müdafiə edəcək. Prezident bütün tədbilərdə müstəmləkəyə, zülmə məruz qalan xalqlara, dövlətlərə maddi-mənəvi yardımın göstərilməsini açıq şəkildə deyir. Bu, böyük işdir və dünya tarixinə yazılacaq dəstəkdir.

 

Chosen
72
50
hafta.az

10Sources