EN

"Kəlağayı yaşıl dünyaya töhfədir”

   GÜRCÜSTANDA AZƏRBAYCAN KƏLAĞAYISI GÜNLƏRİ

Dünyanın diqqətinin Bakıda keçirilən COP 29 iqlim dəyişmələri sessiyasına cəlb olunduğu bu günlərdə qonşu Gürcüstanda  “Sazlı-sözlü kəlağayı günləri” çərçivəsində "Kəlağayı yaşıl dünyaya töhfədir”adlı tədbir və sərgilər keçirilib.

Azərbaycan kəlağayısı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Məlumata görə, bu il kəlağayının siyahıya daxil edilməsinin 10 illik yubileyi tamam olur.

Noyabrın 18-də azərbaycanlıların kompakt yaşadığı Marneulidəki Çay Evində  

Ölkəmizin  Gürcüstandakı səfirliyinin, "İnkişaf və Təhsil Mərkəzi"nin birgə dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi"nin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən  tədbirdə Marneulidən və ətraf kəndlərdən, eyni zamanda Bolnisi və Rustavidən gəlmiş azərbaycanlılar, Türkiyədən, Amerikadan gələn qonaqlar iştirak edərək rəngarəng kəlağayılarla maraqla tanış olublar. 

Əvvəlcə Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov tədbirin əhəmiyyətindən danışıb. Sonra o, sözü "Mirvarid Dilbazi Poeziya Məclisi"nin rəhbəri, Bakıdakı Kəlağayı Muzeyinin yaradıcısı, şair Güllü Eldar Tomarlıya verib. 

Güllü xanım   öncə İkinci Qarabağ müharibəsində əbədiyyətə qovuşmuş   şəhidlərdən Zaur İsmayılzadənin anası Sevil İsmayılzadə və Saleh Əliyevin anası Solmaz Əliyevanın Kəlağayı Muzeyinə təqdim etdikləri qədim kəlağayılar haqqında, eyni zamanda muzeydə təşkil edilən sərgidə nümayiş etdirilən qədim və müasir Şəki–Basqal kəlağayıları haqqında ətraflı məlumat verib. Sərgi çərçivəsində  nın yaşıl dünyanı özündə əks etdirilən əl işləri də sərgilənib. Çay Evinin foyesində üzərində Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan, Qasım bəy Zakirin fotolarının həkk olunduğu kəlağayılar da sərgilənib.Sərgiyə baxış zamanı iştirakçılar Marneulidə ilk dəfə sərgisi keçirilən qədim kəlağayılar barədə müsbət fikirlər söyləyiblər.

Qeyd edilib ki, təşkilatçılar daim  müasir gəncliyə kəlağayı haqqında daha mükəmməl məlumat verməyə çalışırlar. Bu münasibətlə Şuşada, Sankt-Peterburqda, noyabrın 16-da isə Tbilisidə festival, tədbirlər, sərgilər keçirilib.  Belə mənalı tədbirlərin təşkili bu ilin sonunadək davam edəcək. Daha sonra Güllü Eldar Tomarlı hər il 26 noyabrın Gürcüstanda “Azərbaycan Kəlağayısı Günü”nün bayramı elan edilməsini təklif edib və səfir Faiq Quliyev bu təşəbbüsü müsbət qarşılayıb. 

Sonra söz tədbirdə iştirak edən ziyalılara verilib. “Sazın-sözün butası” təşkilatının yaradıcısı, şair Səadət Buta, Gürcüstan parlamentinin keçmiş deputatlarından Ramiz Bəkirov, Ruslan Hacıyev, Mahir Dərziyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nizami Məmmədzadə çıxış edərək Marneulidə ilk dəfə təşkil edilən kəlağayı haqqında tədbirin və sərginin maraqlı olduğunu vurğulayıblar. Tədbirdə Fatma Əliyevanın Marneulidəki Çay Evində  Kəlağayı Muzeyi filialının yaradılması təşəbbüsü də dəstəklənib. Bildirilib ki, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov yeni muzey üçün  otaq ayrılmasını vəd edib və noyabrın 26-da açılış olacağı gözlənilir. G.E.Tomarlı filiala 50 ədəd  kəlağayı təqdim edəcəyini açıqlayıb. Çıxışlarda gələcəkdə kəlağayıdan bəhs edən kitabların təqdimat mərasimlərinin azərbaycanlılar yaşayan bölgələrdə keçirilməsinin də vacibliyi vurğulanıb.

Sonda Borçalı aşıqlarına söz verilib. Aşıqlardan Şahbaz Göycəoğlu, Bafalı Adgözəlovun rəhbərliyi ilə gənc aşıqlar və Gülayət Vəli qızı, Nargilə Mehdiyeva öz ifaları ilə məclisi şənləndiriblər. Məktəblilər kəlağayıya aid şeirlər səsləndirib, aşıq musiqisinin sədaları altında rəqs ediblər.

   ***

Noyabrın 20-də isə Rustavi Təhsil və Mədəniyyət Mərkəzində eyni adlı   möhtəşəm tədbir və sərgi təşkil edilib. Tədbir "Rustavi Təhsil və Mədəniyyət Mərkəzi" və "Mirvarid Dilbazi Poeziya Məclisi"nin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Azərbaycan mədəniyyətinin nadir incilərindən olan, milli dəyərlərimizi simvolizə edən 100-ə qədər kəlağayı nümayiş etdirildiyi tədbirdə Rustavi şəhərinin 18 saylı məktəbi və Qardabani Qaratəhlə məktəbinin müəllimləri fəal iştirak ediblər. Açılışı mərkəzin rəhbəri Raida Dərziyeva edib. Sonra layihənin rəhbəri, tanınmış şair Güllü Eldar Tomarlı danışıb. O, kəlağayı və onun tarixi, hazırlanması haqqında geniş bir məlumat verərək,  Gürcüstan keçirilən tədbirlərə dəstək olanlara təşəkkürünü bildirib. Qeyd olunub ki, Marneulu Çay Evində kəlağayı muzeyinin  yaradılan muzey guşəsinə 50 ədəd qədim kəlağayı, 1 milli, 1 çoban papağı, ortaq türk xalqlarıa aid olan 1 milli geyim dəsti, kəlağayı haqqında təşkilatın araya-ərsəyə gətirdiyi kitablar, Güllü xanımın özünün əl  işləri hədiyyə edilib.  

Tədbirdə Qaratəhlə məktəbinin müdiri Bəhram İsayev çıxış edərək, bu ənənənin yaşadılmasında mühüm rol oynayan təşkilatçılara və layihə rəhbərinə təşəkkür edib. Müəllimlər – Mədinə Həsənova, Gülayat Binnətova, Ramiz Mustafayev, Sveta İsayeva, Nailə İbrahimova, Nuridə Vəliyeva, Ülviyyə Veysalova, Səminə Məmmədova, Nurlana Məmmədova və Savalan Osmanlı kəlağayının mədəniyyətimizin təbliği və qorunması üçün böyük əhəmiyyətindən danışaraq maraqlı fikirlər irəli sürüblər.

Mərasimin xüsusi diqqət çəkən hissəsi isə 18 saylı məktəbin şagirdlərinin ifasında təqdim olunan milli rəqslər olub. Şagirdlər Azərbaycan musiqisinin ecazkar sədaları altında səhnəni rəngarəng bir şölənə çeviriblər. Tədbir iştirakçıları sonda xatirə şəkilləri çəkdiriblər. Bildirilib ki, bu cür tədbirlər milli-mədəni irsimizin yaşadılması və təbliği baxımından böyük önəm daşıyır.     

  Ə.NƏCƏFXANLI

  XQ

Chosen
25
xalqqazeti.az

1Sources