EN

Elmar Baxşıyev: “Klubda işləmək üçün mənə şərait yaradılıb”

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XIV turu çərçivəsində səfərdə “Kəpəz”ə qalib gəldi – 0:2.

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyun haqqında fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:
“Matçın ağır olacağını öncədən də təxmin etmişdik. “Kəpəz” son dönəmlərdə yaxşı performans nümayiş etdirir. Düşünürəm ki, bu gün ideal oynamasaq da qələbə üçün hər şey etdik. Komandamı təbrik edirəm. Diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik”.
– Ardıcıl 13 oyunu məğlubiyyətsiz başa vurmaq çətin olmadı?
– Xeyr, bu baxımdan sıxıntımız yoxdur. Sıxıntımız sadəcə o idi ki, Avram bizə dünən qoşulub. Futbolçuları da başa düşmək olar. Uzun müddətdir ki, komandadan ayrıdılar. Milliyə gedən oyunçuların komandaya dönməsi bir az ritmdən uzaq qalmağına səbəb olur. Hesab edirəm ki, layiqli qələbə qazandıq. Komanda şəklində daha da inkişaf edə bilərik.
– Urfan Abbasovun yoxluğu nə ilə əlaqədardır?
Zədəsi yoxdur. Sadəcə bir az narahat idi. Bu üzdən də süni meydançada riskə getmək istəmədik.
– Mustafa Əhmədzadə millidən hansı əhval-ruhiyyədə qayıtdı?
– Mustafa barəsində çox danışırıq. Özünə də tövsiyə etmişəm ki, mətbuatdan bir az uzaq dursun. Hələ bərkiməlidir. İndi təriflənəcək səviyyədə deyil. Üzərində çox çalışmalıdır.
– Ardıcıl 4 quru oyunla qələbə qazanmısız. “Qəbələ” dönəminizdə hücumda effektli olsanız da müdafiəniz belə etibarlı deyildi. Nəyi dəyişmisiz?
– Ümumi iş prinsipimiz eynidir. Sadəcə bu komanda daha balanslıdır. Bu üzdən də düşünürəm ki, təkcə müdafiədə yox, hücum planında da yaxşı futbolçulara sahibik. Hansı ki, matçın taleyini 1 deyil bir neçə oyunçu dəyişə bilər. Hesab edirəm ki, “Araz-Naxçıvan” keyfiyyət baxımından həmin “Qəbələ”dən geri qalmır.
– Slavik Alxasovun performansı yaxşı mənada bizi təəccübləndirir. Onu necə bu vəziyyətə qaytardız?
– Futbolçunun yaşına yox, məşq prosesində etdiklərimə önəm verirəm. Üzərinə nə düşürsə, artıqlamasıyla etməyə çalışır. Slaviki komandaya götürəndə də tərəddüd etmirdik. Nə yaş, nə də oyun baxımından.
 – Yenidən liderliyə yüksəldiz. Bu sizin üzərinizdə təzyiq yaradır yoxsa sizə daha da inam verir?
– Üzərimdə heç bir təzyiq yoxdur. Mövsümün əvvəlində də hamı düşünürdü ki, təzyiq altındayam. Amma belə deyil. Bu klubda işləmək üçün mənə şərait yaradılıb. Üzərimizə də nə düşübsə, onu etməyə çalışırıq. Düşünürəm ki, oyun planında daha yaxşı ola bilərik.

Chosen
9
futbolpress.az

1Sources