EN

Klub prezidenti: “Köhnə borcumuz “donduruldu”, nə vaxt yeni sponsor gəlsə...”

«Tezliklə ev oyunlarını doğma azarkeşlərimizin önündə keçirəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Saatlı-Araz»ın prezidenti Ədalət Abdullayev deyib.

Aran təmsilçisinin əsas problemi həllini tapıb. II Liqada yarışan komanda 6 aylıq aradan sonra doğma rayona dönür.

Şəhriyar Məmmədovun sükanı arxasında dayandığı kollektiv dekabr ayından etibarən yerli publika önündə çıxış edəcək.

Klub rəhbərliyi ilə Saatlı Olimpiya Kompleksinin direktoru Adil Heydərov arasında bununla bağlı anlaşma əldə olunub. Problem də onların münasibətlərində gərginliyin yaranmasından sonra baş qaldırmışdı.

Belə ki, 2023-cü ilin əvvəlindən 2024-cü ilin ilk aylarınadək «Saatlı-Araz»ın vitse-prezidenti olmuş Heydərov daha sonra öz istəyi ilə postunu tərk edib.

Bu zaman məlum olub ki, klubun kompleksə 10 min manat borcu var. Sabiq vitse-prezident direktoru olduğu «Saatlı-Araz»dan həmin pulun ödənilməsini tələb edib.

Lakin maliyyə çətinliyi yaşayan «qırmızı-sarılar» borcu bağlamağa vəsait tapmayıb, nəticədə komanda Şirvana üz tutub.

Ə.Abdullayev problemin necə həll olunduğunu bizdən gizlətməyib: «Hər oyuna görə Şirvan Olimpiya Kompleksinə 400 manat ödəyirik.

Bundan sonra həmn məbləği Saatlı Olimpiya Kompleksinə verəcəyik. Köhnə borc isə belə demək mümkünsə, «dondurulub».

Klubumuza nə vaxt yeni sponsorlar gələrsə, əlavə maliyyə mənbəyi taparıqsa, o pulu hissə-hissə qaytaracağıq.

Açığı, bu gün klubumuzun maddi dəstəyi yox dərəcəsindədir. Çox çətinliklərimiz var. Belə vəziyyətdə Saatlıya dönmək çox vacibdir».

Chosen
11
sportinfo.az

1Sources