EN

Sumqayıtda təhlükəli piyada keçidi: hər an ölüm ola bilər - VİDEO

Sumqayıt şəhəri, 48-ci məhəllə, Niyazi küçəsində yerləşən "Al Market"in qarşısındakı piyada keçidində tez-tez təhlükəli vəziyyət yaranır. Səbəb isə keçidin zolaqlarının rənglənməməsidir.

Bakupost.az -a müraciət edən şəhər sakini Rəşad Bayramov bildirib ki, sürücülər piyada zolağı görünmədiyi üçün piyadalara yol vermir. Onun sözlərinə görə, bu, ərazidə iki tərəfli yol olduğundan təhlükəli vəziyyət yaradır.

Qeyd edək ki, yalnız Sumqayıtda deyil, paytaxtda da bəzi yollarda oxşar problemlər mövcuddur.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, vətəndaşlar piyada keçidinin rənglənməsi üçün müvafiq qurumlara müraciət etməlidir:

"Azərbaycan Respublikasının "Yol hərəkəti" haqqında qanununda açıq şəkildə qeyd olunub ki, müvəqqəti nişan xətti yoxdursa, şaquli nişan xətti üstünlüyə malikdir, varsa, müvəqqəti nişan üstünlük təşkil edir. Avtombillər nişan tələbinə əməl etməlidirlər, əks halda 60 manat cərimələnə bilərlər".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bu problemin yalnız Sumqayıtla məhdudlaşmadığını, respublikanın bir çox ərazilərdə müşahidə olunduğunu qeyd edib:

"Piyada keçidlərində normal şərait yaradılmadığına görə, piyadalar əziyyət çəkirlər. Sürücülər bəzən bilərəkdən qaydaları pozur, piyadalara yol vermirlər. Bu da yaxşı halda cərimə ilə nəticələnir, pis halda ağır qəzalara səbəb olur. Ona görə hərəkətin təşkilinə cavabdeh qurumlar mütləq bu məsələlərə diqqət yetirməlidirlər. Qüsurlar vaxtında aradan qaldırılmalıdır. Bu cür problemlər ucbatından nə qədər qəzalar olur, insanlar ölür, şikəst olur, sürücülər məhkumluq həyatı yaşamalı olurlar. Ona görə bu mövzuya çox diqqətlə yanaşılmalı, hər bir ərazi yoxlanılmalıdır, keyfiyyətli boyalardan istifadə edilməlidir. İndiki halda bəzi əraziləri dərindən təhlil etsək, görərik ki, çoxlu qüsurlar var və bu qüsurların da əksəriyyəti piyadaların həyatı üçün təhlükə törədir”.

Lalə, BakuPost

Chosen
34
bakupost.az

1Sources