EN

“Zəfər” elm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan “Zəfər” elm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək, müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışıb. İdarə müdiri son illər ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayıb. G.Mahmudova istedadlı şagirdləri həvəsləndirmək, yaradıcılıq marağını artırmaq və şagirdlər arasında sağlam rəqabət mühiti formalaşdırmaq məqsədilə Regional Təhsil İdarəsi tərəfindən il ərzində müxtəlif müsabiqələrin təşkil edildiyini diqqətə çatdırıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Altun Rəcəbli qalibləri təbrik edərək, müsabiqənin yaradıcı və vətənpərvər gənclərin yetişdirilməsindəki mühüm rolunu qeyd edib.

Qaliblərə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin diplomları, həmçinin "Bank Respublika", "Kapital Bank" və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Mərasim şagirdlərin ifasında şanlı Zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, müsabiqə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi və yaradıcı təfəkkürü ilə fərqlənən istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə təşkil edilib. Müsabiqədə aşağı və yuxarı yaş qruplarında ilk 44 yeri tutan və eyni nəticəni göstərən 111 şagird qalib elan olunub.

1Sources