Yaxud hay hara, sivilizasiya hara?
Fransa adına son dərəcə rüsvayçı və biabırçı durum yaranıb. Dünyada mütərəqqi dəyərlərin daşıyıcı, demokratiyanın beşiyi kimi ad çıxarmış ölkənin düşdüyü vəziyyət, sözün əsl mənasında, faciəvidir. Yazımız faciə mənzərəsinin yalnız bir təzahürü barədədir. Hərçənd, Prezident Emmanuel Makron administrasiyasının yarıtmaz fəaliyyəti nəticəsində indiyədək belə təzahürləri çox görmüşük, böyük ehtimalla onun səlahiyyət müddətinin sonunadək yenə görəcəyik. Özü də bəlkə daha qatı formada.
Fransa parlamentinin deputatı Loran Vokye “Overn-Rona-Alp” – Ermənistan-Syunik” tədbirləri çərçivəsində Ermənistanda, daha doğrusu, ölkənin Sünik vilayətində olub. İlk növbədə, deyək ki, son vaxtlar Sünikə (Zəngəzura), belə demək mümkünsə, fransız axınları güclənməkdədir. Bundan məqsəd bölgənin “Azərbaycanın təcavüzündən” qorunmasıdır. Hər halda, ortada belə bir görüntü var. Bu ritorikanın tirajlanması isə şübhə yaradır. Şübhə nə ilə bağlıdır, bildirəcəyik.
Nəzərə alaq ki, Sünik Azərbaycanın Zəngəzur dəhlizi ideyasının gerçəkləşmə nöqtəsidir. O dəhlizin ki, Naxçıvana yolu təmin edəcək. Naxçıvana yol Qərbə Türkiyə vasitəsilə açılım deməkdir. Ermənistan “Dünyanın kəsişməsi” ideyasını ortaya atmaqla, sözügedən açılımın önündə, bir növ, “blokpost” yaratmağı düşünür. Bu yanaşma Qərbin sifarişidir.
Qərb çalışır ki, Ermənistan qlobal kommunikasiya habında başlıca fiqura çevrilsin və beləliklə, Rusiyanın Cənubi Qafqazdakı rolu minimallaşsın, yaxud tamamilə sıradan çıxsın. Naxçıvana yolun maneəsizliyi, yəni, “Azərbaycandan Azərbaycana yol” məntiqi üzərində dayanan rəsmi Bakı isə Ermənistanın buna razılıq verməyəcəyi təqdirdə, İran variantı ümidinə qalır.
Belə bir durum isə Qərbin maraqlarına uyğun deyil. Ona görə də hazırda Sünik üzərinə oyunlar qurulur. Düşünmək mümkündür ki, Qərb Ermənistan vasitəsilə Azərbaycana qarşı təxribatı mövcud istiqamətdə törətmək planlarını qurur. Haqqında söz açdığımız şübhə amilini də məhz bu cür əsaslandırmaq olar.
Fransa Sünikdə, sanki, mənəvi müdafiə səddi, təhlükəsizlik çətiri formalaşdırır, bölgəni diqqət mərkəzində saxlayır. Ölkə parlamentinin deputatı L.Vokyenin əraziyə səfəri də buna hesablanmış gedişlərdən biridir. Onun necə sərsəmləməsindən söz açacağıq. Hələlik isə deyək ki, fransız parlamentarinin iştirak etdiyi tədbirdə Sünikin tarixinin, guya, ən çətin mərhələsində olduğu və bu mərhələdə yeni dostlar qazandığı vurğulanıb. Sən demə, bu adlardan biri Vokye imiş. Görünür, Vokye ona ünvanlanmış xoş sözlərdən vəcdə gəlib. Onun, yəni bir fransızın diqqətə çatdıracağımız fikrini dilə gətirməsini başqa cür qiymətləndirə bilmirik. Hərçənd, Vokye kimi xəstələrin Fransada yetərincə çoxluğunu da vurğulamalıyıq.
Beləliklə, Sünikin qubernatoru Robert Qukasyanın Ermənistanın demokratik yol seçdiyi üçün problemlərlə üzləşdiyinə, ancaq bu problemləri aradan qaldırmaq üçün əzm göstərdiyinə dair ucuz populizmindən sonra söz alan fransız parlamentari bildirib ki, Ermənistan uğrunda mübarizə aparmaq XXI əsrin sivilizasiyası naminə mübarizə aparmaq deməkdir.
Volkye, həmçinin “bizim regionun dinamik inkişafı, eyni zamanda, burada yaşayan ermənilərin hesabınadır. Ermənistanın tərəfində dayanmaq üçün möhkəm olmaq lazımdır” deyə sərsəmləyib. İtdən soruşurlar ki, niyə hürürsən? Deyir: qorxuduram. “Bəs, onda nə üçün quyruğunu bulayırsan?” sualına isə belə cavab verir: “Çünki özüm də qorxuram.”
Hazırda Fransanın Volkyesayağı baxışı buna bənzəyir. Onun kimi şəxslərin mövcudluğu ermənipərəstliyin Fransanın ictimai rəyində pataloji xəstəlik halını aldığını söyləməyə ciddi əsaslar verməkdədir. Əvvəldə barəsində söz açdığımız Fransa adına rüsvayçı durum da məhz budur. Təsəvvür edin ki, Didronun, Volterin, Russonun və digər mütəfəkkirlərin vətəni olan Fransanın parlament üzvü XXI əsrdə Ermənistan və sivilizasiya sözlərini yanaşı işlədir. Deməli, durum nəinki rüsvayçıdır, eyni zamanda, rəzil və miskindir.
Bəli, volkyelərin varlığı və ölkələrinin ictimai rəyində, qanunvericilik orqanında təmsilçiliyi o deməkdir ki, Emmanuel Makron başda olmaqla, Fransa idarəçilik sisteminin işi-gücü ambisiyalar naminə bütün dəyərlərə tüpürməkdir. Həqiqətən, dəhşətli mənzərədir. Görəsən, XXI əsrə işğalçı ölkə kimi qədəm qoyan, Azərbaycan torpaqlarında olmazın vəhşiliklər və talanlar törədən, qəbiristanlıq soyqırımını reallaşdıran ölkə nə vaxtdan sivilizasiya təmsilçisi olub? Sual ritorikdir. Hələ biz Xocalı dəhşətindən danışmırıq. Sonda ünvanlayacağımız sual da ritorikdir: Ermənistanın tərəfində dayanmaq üçün möhkəm olmaq lazımdırsa, Fransa volkyelərin təfəkkür tərzi ilə nə dərəcədə möhkəmdir?
Ə.RÜSTƏMOV
XQ