EN

Azərbaycanın uğurları bədxahlarımızın yuxusunu ərşə çəkib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Arakçıya telefon zəngi edib. Söhbət zamanı gündəlikdəki ikitərəfli məsələlərə, o cümlədən Ermənistan və İran arasında gələcəkdə vətəndaşların xeyrinə ola biləcək sahələrdə əməkdaşlığın genişləndirilməsinə toxunulub.

Qeyd edək ki, noyabrın 14-də də A.Mirzoyan və A.Arakçı arasında telefon danışığı olmuşdu. Sözsüz ki, Ermənistan və İran iki suveren ölkədir və əlaqələrini genişləndirməsi, o cümlədən nazirlərin telefon danışığı aparmaları onların daxili işidir. Sadəcə, olaraq Ermənistanın Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlaması, hazırda da sülh danışıqları apardığı görüntüsü yaradaraq silahlanması, konstitusiyasından ölkəmizə ərazi bütövlüyünə şübhə üçün əsas yaradan müddəaları çıxarmaqdan imtinası bizi qayğılandıran məsələdir. Digər tərəfdən İran işğal dövründə sözdə bizi dəstəkləsə də, əməldə hər zaman Ermənistana kömək edib.

Rəsmi Tehran bu gün Zəngəzur dəhlizinin açılmasına imkan vermir. İran Ermənistanın ərazi bütövlüyünün pozulmasını özünün “qırmızı xətti” elan edib. Halbuki, Azərbaycan torpaqlarının işğalı zamanında hansısa “qırmızı xətt”lərdən bəhs etmək İran rəsmilərinin heç yadına da düşmürdü.

Bu çərçivədə caliber.az saytında Ermənistanın Paris və Tehran arasında gizli əlaqə kanalı olmasına dair məqalə diqqəti cəlb edir. Qeyd edilir ki, Ermənistan Fransa ilə İran arasında gizli vasitəçi kimi çıxış edir, tərəflərə mesajlar ötürür. Bildirilir ki, A.Mirzoyan noyabrın 14-də A.Arakçı və noyabrın 16-da Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb. Emmanuel Makron noyabrın 7-də Budapeştdə Avropa Siyasi Birliyinin IV sammiti çərçivəsində Nikol Paşinyanla görüşdə Ermənistanın baş nazirinə İrana mesajların çatdırılması üçün təlimatlar verib: “Fransa Yaxın Şərq və Afrikadakı çoxillik təcrübəsindən istifadə edərək, Ermənistanı yeni müştərisinə, faktiki olaraq onu yeni müstəmləkəsinə çevirmək üçün Paşinyandan istifadə edir”.

Ermənistanda gözlənilməz istefalar da bu hadisələrlə əlaqələndirilir. Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Vahe Qazaryan, korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Sasun Xaçatryan, istintaq komitəsinin sədri Argişti Karamyan və digər vəzifəli şəxslər istefa veriblər. Qeyd edilir ki, Fransa və İran arasında Ermənistan vasitəsilə aparılan məxfi danışıqlara dair məlumatlar məhz istefa verənlər vasitəsilə sızıb. Onların arasında, həmçinin ABŞ və digər Qərb strukturları ilə bağlı olan çox adam var. Beləliklə, Paşinyan onlarla yollarını ayırmaq qərarına gəlib.

O da bildirilir ki, bu hadisələr Makron rejiminin ikiüzlülüyünü nümayiş etdirir, hətta, Qərb ölkələrini də çaşdıraraq, İranla separat danışıqlar aparır. Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları müzakirə və tətbiq edərkən, Makron Ermənistan vasitəsilə Tehranla gizli danışıqlara girişir. Bu, həm də Fransanın NATO üzrə müttəfiqi ABŞ-a, o cümlədən, məlum olduğu kimi, Vaşinqtonun Tehrana qarşı siyasətini sərtləşdirmək niyyətində olan yeni seçilmiş Prezident Donald Trampa xəyanətidir.

Fransa ilə İran arasında tarixi əlaqələri xatırlayaraq deyə bilərik ki, Parisin Tehrana ənənəvi marağını nəzərə alsaq, burada heç bir sürpriz yoxdur. Ayətullah Xomeyninin Fransada sürgündə olduğunu və İslam inqilabından sonra “Air France” təyyarəsi ilə İrana qayıtdığını xatırlamaq kifayətdir. Yaxın vaxtlara qədər “TOTAL” və “Peugeot” kimi fransız şirkətləri Qərbin sanksiyalarına baxmayaraq, İranda fəaliyyətlərini davam etdirirdilər.

Bu kontekstdə Fransanın Ermənistanı yenidən silahlandırmasında İranın vasitəçiliyi də xatırlanmalıdır. Məlum olduğu kimi, “Sezar” artilleriya sistemlərinin bir hissəsi və digər silahlar Ermənistana İran ərazisindən çatdırılıb.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Ramiyə Məmmədova bildirdi ki, Ermənistan və İran arasında münasibətlər son illərdə daha da inkişaf edir. Onun sözlərinə görə, hazırda Azərbaycana münasibətdə İranın və Ermənistanın mövqeyi üst-üstə düşür. Təbii ki, İran Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikasının ərazisini işğal etməyib: “Ancaq Tehranda rəsmi şəxslər bu düşüncədədirlər ki, respublikamızın ərazisi bir vaxtlar İrana şahlığına məxsus olub. Guya, Rusiya imperiyası 1804-1813-cü və 1826-1828-ci illərdəki Rusiya–İran müharibəsi nəticəsində İranın Cənubi Qafqazdakı ərazilərini ələ keçirib. Bir neçə il əvvəl İran parlamentinin təhlükəsizlik komissiyasının üzvü Mansur Həqiqətpur “Fars” xəbər agentliyinə müsahibəsində bildirmişdi ki, Qafqazın 17 bölgəsi, o cümlədən Azərbaycan şəhərləri Qacarlar dövründə İrandan zor gücünə ayrılıb. Həqiqətpur utanıb-qızarmadan iddia etmişdi ki, guya, oradakı sakinlər İrana birləşmək istəyindədirlər. İran rəsmiləri bunu dilə gətirməsələr də, Azərbaycan torpaqlarını İran əraziləri sayırlar. Halbuki, bunun əksinədir”.

R.Məmmədova qeyd etdi ki, İran–Azərbaycan münasibətlərindən fərqli olaraq, İran–Ermənistan münasibətləri hər zaman yüksək səviyyədə olub: “Bu baxımdan iki ölkənin xarici işlər nazirinin telefon danışığı aparmasına, regiondakı vəziyyəti müzakirə etməsinə, dəyərləndirmə həyata keçirmələri normal haldır. Təbii ki, onlar sıx tərəfdaş olaraq regionda baş verən bütün məsələləri müzakirə etməlidirlər və edirlər”.

Müsahibimiz bildirdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda keçirilməsi, dünyanın bir sıra dövlət və hökumət rəhbərlərinin ölkəmizə təşrif buyurması, ümumiyyətlə, ölkəmizin nüfuzunun artmasını Ermənistan özünə təhdid kimi görür. Ermənistan özünü demokratik ölkə kimi təqdim edərək Avropa İttifaqı və bütövlükdə, Qərblə yaxınlaşmağa çalışır. Ancaq buna baxmayaraq, Azərbaycanın nüfuzunun artması İrəvan üçün də bir təhdiddir”.

Politoloq qeyd etdi ki, İranın milliyyətcə azərbaycanlı olan prezidenti, islahatçıların təmsilçisi Məsud Pezeşkian, bəlkə də, Azərbaycanla əlaqələri üstün səviyyəyə qaldırmaq istəyərdi. Amma Ermənistan İrana daha yaxındır. Biz bunu İran rəsmilərinin çıxışlarında da açıq-aşkar görürük: “Bütün bunları nəzərə alaraq deyə bilərik ki, İran–Azərbaycan münasibətləri müəyyən qədər yaxşılaşsa da, soyuq olaraq qalmaqda davam edir. Bu vəziyyətin yaranmasının təqsirkarı da İran özüdür. İran Ermənistana dəstək verməklə, Azərbaycana düşmənçiliyini nümayiş etdirir. Tehran rəsmiləri bu zaman İran əhalisinin çox böyük hissəsini azərbaycanlıların təşkil etdiyini nəzərə almır. Halbuki, İran və Azərbaycan arasında ortaq maraqlar, tarixi əlaqələr və digər bağlılıqlar daha möhkəmdir”.

İran və Ermənistan arasında müzakirə etmək üçün bir çox məsələlərin mövcud olduğunu vurğulayan ekspert iki ölkənin əlaqələri bütün sahələrdə genişləndirməyi qarşıya əsas məqsəd qoyduqlarını vurğuladı: “İran Ermənistandan istifadə edərək Qərblə yaxınlaşmağa çalışır. Məlumdur ki, Donald Trampın hakimiyyətə qayıdışından sonra İran daha da fəal olmağa başlayıb. İran son vaxtlar uranın zənginləşdirilməsi istiqamətində fəaliyyətini də genişləndirib. İran rəsmiləri nüvə silahı əldə etmək istiqamətində işləri sürətləndirmələri ilə Qərbə ismarıc verirlər ki, siz bizimlə sövdələşməyə getməli, bir masa arxasına əyləşməli və bizi bir güc kimi qəbul etməlisiz. Çünki biz regionun ən böyük dövlətlərindən biriyik. Həqiqətən də həm ərazisinə, həm də əhalisinin sayına görə, İran Türkiyə ilə birgə bölgənin böyük dövlətləridir”.

Müsahibimiz onu da bildirdi ki, bütün bu aspektlərin hər birini təhlil etdikdə İranın Ermənistanı Qərblə münasibətlərin yaxşılaşması üçün alət kimi istifadə etdiyi aydın olur. İran və Ermənistanın xarici siyasət sahəsində baxışları da üst-üstə düşür. Həmçinin iqtisadi əlaqələr də son illərdə xeyli genişlənib. Ticarət dövriyyəsində və insanların qarşılıqlı gediş-gəlişində də artım var: “Bütün bu məsələlər hamısı iki ölkə rəsmilərinin görüşlərində və telefon söhbətlərində müzakirə mövzusu olur. Amma bir daha qeyd etmək istərdim ki, burada əsas məsələ İranın Ermənistandan istifadə etməklə Qərblə yaxınlaşmağa çalışmasıdır”.

Səxavət HƏMİD
XQ

Chosen
37
xalqqazeti.az

1Sources