EN

Almaniyanın xarici işlər naziri vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Annalena Berbok Azərbaycandakı vəziyyətlə maraqlanıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 22-də axşam "Turan” İnformasiya Agentliyinin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.

"Turan”ın məlumatına görə, görüşdə agentliyin rəhbərliyi ilə yanaşı, iqtisadçı Qubad İbadoğlu və hüquqşünas Şəhla Hümbətova da iştirak ediblər.

Azərbaycanda vətəndaş cəmiyyətinin və medianın vəziyyəti, Bakı ilə Yerevan arasında sülh sazişinin perspektivləri, COP29 konfransının yekunları və ümumilikdə ekoloji problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir "Turan” agentliyinin fəaliyyəti ilə də maraqlanıb, cəmiyyətə obyektiv məlumatların çatdırılmasında müstəqil mətbuatın mühüm rolunu qeyd edib.

Noyabrın 21-də COP29 iqlim konfransı çərçivəsində Azərbaycana səfər edən Annalena Berbok keçirdiyi mətbuat konfransında Azərbaycanda insan haqlarının vəziyyətindən də danışmışdı.

Azərbaycanda həbs olunmuş iqlim fəalları, jurnalistlər və müxalifətçilərlə bağlı suala cavabında nazir deyib ki, bu məsələ rəsmi Bakı ilə müzakirə olunacaq.

"Almaniya hakimiyyət tənqidçilərinin azad edilməsinə tərəfdardır və Azərbaycanın xarici işlər nazirilə görüşdə bu məsələni qaldıracaq”, – Berbok belə deyib.

Nazir bildirib ki, insan haqlarının vəziyyəti həmişə Almaniya və Azərbaycan hökumətləri arasında siyasi müzakirələrin bir hissəsi olub: "Azərbaycanda insan haqlarının vəziyyəti, media işçilərinin, fəalların və müxalifət nümayəndələrinin həbsi böyük narahatlıq doğurur”.
Chosen
11
2
arqument.az

3Sources