Dövlət başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, sosialyönümlü siyasət ümumi siyasətimizi, niyyətimizi göstərir
«Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.» Dövlət başçısı İlham Əliyev istər bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, istərsə də 7-ci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında hədəfləri açıqlayarkən bu məqamı xüsusi vurğuladı ki, gələcək planların həlli üçün iqtisadiyyat daim inkişaf etməlidir.
Dayanıqlı inkişafın təmin edilməsində, regionların malik olduğu imkanlardan istifadədə infrastruktur layihələrinin rolu inkaredilməzdir. Azad edilmiş ərazilərdə bu istiqamətdə görülən işlərin miqyası böyükdür. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir. 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.
2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Sosialyönümlü siyasət ümumi siyasətimizi, niyyətimizi göstərir. Gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir.
Göründüyü kimi, Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qorumaqdadır. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımları sırasında oldu. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə Dövlət Neft Fondunun yaradılması ölkənin dayanıqlı inkişafını şərtləndirən amillər sırasındadır. Belə ki, Fondda toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsi, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi ölkəmizin dayanıqlı inkişafına geniş yol açır. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi də özündə mühüm məqamları ehtiva edir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi digər neftlə zəngin olan ölkələrdən fərqli olaraq heç bir problemi yaşamamasını təmin etdi. Belə ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycan uğurlu inkişaf strategiyasını həyata keçirməklə bu problemdən tamamilə uzaq oldu. Ölkəmizdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi, insanlar arasında bərabər bölgünün aparılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn mühüm addımların atılması ilə müşayiət olunur. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir. Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır.
Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya qoyulub ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu rəqəm Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.
Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə Prezidentinin bildirdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir. Yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.
Bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” mərkəzlərinin coğrafiyası genişlənir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. İşğaldan azad edilmiş ərazilərdə də bu mərkəzlərin yaradılması əsas hədəflər sırasındadır.
Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da bildirir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz bu ərazilərədir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir. Cənab İlham Əliyev tərəfindən tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanın, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»i təsdiqləyən Sərəncamın imzalanması da hədəflərə yüksək səviyyədə və zamanında nail olmaq üçün iqtisadi amilin əsas olduğunu açıqladı. Ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Həmin Prioritetdə qeyd edilir ki, davamlı və yüksək iqtisadi artım dinamik, inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet üç məqsəd əsasında uğurla reallaşa bilər: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı. Diqqət yetirsək görərik ki, ölkəmiz hər üç məqsədə yüksək səviyyədə nail olub.
Azərbaycan dövlətinin tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə tez bir zamanda başlaması, qısa müddətdə sadalamaqla bitməyən işlərin görülməsi də Azərbaycanın iqtisadi qüdrətinə əsaslanır. Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində «Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib» söyləyərək onu da əlavə etdi ki, minalardan təmizləmə prosesi gedir. Minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir.
Qeyd edək ki, ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərimizin bərpasına 14 milyard manatdan çox vəsait yönəldilib. Mühüm yol-nəqliyyat , enerji təminatı və digər infrastruktur layihələri həyata keçirilib. Onlarla yaşayış məntəqəsinin təməli qoyulub. Bu günə qədər təxminən 8 min keçmiş köçkün artıq 5 şəhərə və 4 kəndə qayıdıb. Hədəf azad edilmiş torpaqlarda ilin sonuna qədər 20 min keçmiş köçkünü yerləşdirməkdir. Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. 2026-cı ilədək 140 min köçkünün öz dədə-baba torpaqlarına qayıtması nəzərdə tutulub. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir. Bu, sadəcə olaraq işin miqyasını göstərir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanının açılışı olub, üçüncüsü 2025-ci ilin əvvəllərində Laçında istifadəyə veriləcək. Yəni, geniş quruculuq işləri görülür və görüləcək. Köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və şəhərlərimizin tarixi siması bərpa ediləcək.
Əvvəldə də qeyd etdiyimiz kimi, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Bu ərazilərdə yeni idarəetmə sistemi yeni uğurların açarı olaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Soydaşlarımızın qayıtdıqları ünvanlara diqqət yetirsək vətəndaş məmnunluğunun artırılmasının prioritetliyi fonunda atılan addımların miqyasının nə qədər böyük olduğunu görərik. Sosial xidmətin təkmilləşdirilməsinə yönələn DOST mərkəzlərinin bu ərazilərdə də yaradılması əsas hədəflər sırasındandır. Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildə DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışı oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verir. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,3 faizdir. Artıq Bakı şəhəri, Abşeron rayonu, eləcə də Bərdə, Tərtər, Ağdam, Şuşa, Ağcabədi, Xocalı, Füzuli, Xocavənd rayonları və Xankəndi şəhəri DOST xidmətləri ilə əhatə olunub. Hazırda DOST xidmətləri şəbəkəsinin digər bölgələrimiz üzrə də genişləndirilməsi üçün işlər aparılır. Günümüzün əsas çağırışları sırasında bu məqamlar xüsusi qeyd edilir ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.
Yeganə Əliyeva, «İki sahil»