EN

Psixoloq uşağın ayağını "skoç"la bağlayıb saatlarla seans keçdi

Sosial şəbəkələrdə özünü psixoloq kimi təqdim edənlərin sayı artıb. Heç bir psixologiya təhsili olmayan bu insanlar yetərincə izlənilir və bir çoxları tərəfindən psixoloq kimi qəbul edilir. Bəs psixoloq kimi fəaliyyət göstərmək üçün hansı kriteriyalara sahib olmaq lazımdır? Bunun üçün ali təhsil vacibdirmi?

Mövzuyla bağlı Bakupost.az -ın suallarını cavablandıran psixoloq Elnur Rüstəmov bildirib ki, psixologiya insan psixikasını, davranışını və emosiyalarını öyrənən bir elmdir:

“Bu sahədə peşəkar fəaliyyət göstərmək üçün ali təhsil almaq və sahənin nəzəri-praktik əsaslarını dərindən mənimsəmək vacibdir. Bir neçə aylıq kurs keçmək və ya kitab oxumaqla psixoloji bilikləri əldə etmək mümkün olsa da, bu, biliklər sistemli və hərtərəfli təhsil olmadan kifayət qədər dayanıqlı və etibarlı deyil. Eyni zamanda psixoloq peşəsi ciddi etik standartlar və məsuliyyət tələb edir. Peşəkar psixoloq yalnız elmi əsaslara söykənən metodlardan istifadə edir və müraciət edənin sağlamlığına zərər verdikdə məsuliyyət daşıyır. Qeyri-peşəkarlar bu standartları bilmədikləri üçün yanlış diaqnozlar qoya, təsadüfi məsləhətlər verə və ya psixoloji problemləri daha da ağırlaşdıra bilərlər”.

Məsələnin hüquqi tərəfinə toxunan psixoloq qeyd edib ki, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda psixoloq kimi fəaliyyət göstərmək üçün ali təhsil tələbi aydın şəkildə müəyyən edilib:

“Qanunun 1.0.2-ci maddəsində qeyd edilir ki, psixoloq, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisası əldə etmiş şəxs olmalıdır. Bundan əlavə, Qanunun 11.3-cü maddəsində psixoloji yardım göstərən şəxslərə dair tələblərin müəyyən edilməsi nəzərdə tutulub. Bu tələblər Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Yəni qanunvericilikdə psixoloq kimi fəaliyyət göstərmək üçün müvafiq ali təhsil və ya əlavə təhsil almaq zərurəti vurğulanır. Bu tələblərə əməl etmədən psixoloji xidmət göstərmək qanun pozuntusu hesab olunur və cəmiyyətin psixoloji sağlamlığı üçün risklər yaradır”

Elnur Rüstəmovun sözlərinə görə, qeyri-peşəkar fəaliyyət cəmiyyət arasında psixoloqlara olan inamı azalda bilər:

“Əgər insanlar qeyri-peşəkar bir “psixoloq”la qarşılaşaraq mənfi təcrübə yaşasalar, bu, ümumilikdə psixologiya sahəsində, eləcə də peşəkar psixoloqlara etimadı zədələyə bilər. Qeyd edim ki, bir çox ölkədə psixoloq kimi fəaliyyət göstərmək üçün rəsmi olaraq tanınan ali təhsil diplomu və müəyyən lisenziyalar almaq tələb olunur. Azərbaycanda bu sahədə qanunvericiliyin sərtləşdirilməsi və qeyri-peşəkarların fəaliyyətinin məhdudlaşdırılması zəruridir. Bu, həm insanların təhlükəsizliyini qorumaq, həm də peşənin nüfuzunu artırmaq üçün vacibdir”.

O bildirib ki, peşəkar inkişafı davam etdirmək, mütəmadi olaraq treninqlər, konfranslar və əlavə təhsil proqramlarında iştirak etmək də hər bir psixoloq üçün önəmlidir:

“Təhsilsiz bu sahədə fəaliyyət göstərmək həm etik, həm də elmi baxımdan doğru deyil. Psixologiya sahəsi insan sağlamlığı ilə birbaşa bağlıdır və bu sahədə qeyri-peşəkar şəxslərin fəaliyyəti ciddi problemlər yarada bilər. Buna görə də, cəmiyyətin və dövlət qurumlarının psixoloqların təhsili və peşəkar fəaliyyətləri üzərində daha ciddi nəzarət mexanizmləri tətbiq etməsi zəruridir. Psixoloqların hazırlığına diqqət etmək həm cəmiyyətin rifahını qorumaq, həm də sahənin inkişafına töhfə vermək baxımından vacibdir”.

Mövzuyla bağlı Bakupost.az -a danışan həkim-psixiatr Abdulla Şıxlinski isə bildirib ki, Azərbaycanda yaxşı baza təhsili görmüş əsl psixologiyadan başı çıxan psixoloq yoxdur:

“Bu niyə belədir? Ali məktəblərdə verilən psixologiya təhsilinin keyfiyyəti mənfidir. Azərbaycanda klassik, akademik psixologiya təhsili verə bilmirlər. Psixologiya təhsili Azərbaycanda əldəqayırma məşğuliyyət , əyləncə üçün bir təhsilə çevrilib. Abituriyentin balı digər fakültəyə çatmayanda psixologiyanı seçir. Ona görə də, psixoloqların sayı durmdan artır. Psixoloqların sayının bu qədər artması Sovet İttifaqının dağılmasından sonra baş verdi. Bunun da səbəbi Qərb aləmində olan psixoloq yanına getmək tendensiyasının postsovet ölkələrinə də keçməsi oldu. Bəs niyə bu qədər psixoloq çıxdı ortaya? Bu, qlobal siyasətlə bağlıdır".


Mütəxəssis bildirib ki, psixoloqların sayının süni şəkildə artırılması dünyəvi siyasətə bağlıdır: “Qlobal dövlətlər, yəni ABŞ, İngiltərə kimi ölkələr 1991-ci ildən psixoloqların çox olması üçün çalışır. Bunun da əsas səbəbi insanların dəyərlər sistemini məhv etməkdir”.

A.Şıxlinski qeyd edib ki, Azərbaycanda psixoloji xidmət yoxdur:

“Hazırda dələduzlar fəaliyyət göstərirlər. Hətta ali psixologiya təhsili olan bəzi insanlar da dələduzluqla məşğuldur. Onlar özlərini insanlara həkim-psixiatr kimi təqdim edirlər. Halbuki bunlar fərqli sahələrdir. Psixoloq sağlam insanların problemləri ilə məşğul olan bir mütəxəssisdir. Onların psixi xəstəliyi olan insanlarla işləmək ixtiyarı yoxdur”.

A.Şıxlinskinin sözlərinə görə, insan psixoloqa getməzdən əvvəl birinci psixiatır müayinəsinə getməlidir:

“Psixiatr təqdimat hazırlamalıdır ki, o insanda xəstəlik yoxdur. Əgər xəstəlik yoxdursa, o psixoloqa gedə bilər. Bizdə psixoloqlar çox özbaşınalıq edirlər. Hər 50 metrdən bir psixologiya mərkəzi açıblar. Onlara uşaqlarını gətirən valideynləri aldadıb pulların alırlar. Erkən uşaq autizmi, əqli gerilik adıyla uşaqları yanlarında saxlayırlar və valideynlərdən külli miqdarda pul alırlar. Valideynlərə deyirlər ki, uşaqları müalicə edəcəyik, amma onların müalicə etmək hüququ yoxdur. Bütün bu prosesləri həkim-psixiatr həyata keçirməlidir. Bu, qeyri-qanuni həkimlik fəliyyətidir".

Psixiatr bəzi psixoloqların insanlara dərman yazmasını da tənqid edib:

Bakupost.az

“Bu, yolverilməz haldır. Psixoloqlar tibbi təhsilləri olmadığı təqdirdə özlərini həkim kimi aparırlar. Hər addım açılan o psixologiya mərkəzlərinin sayını azaltmaq lazımdır. Çünki onlar dələduzluqla məşğuldurlar. Yanıma danışa bilməyən bir uşaq gətirmişdilər. Valideynləri mənə dedilər ki, psixoloqlar uşağın ayağını skoçla bağlayıb saatlarla saxlayırdılar və məşğələ keçdiklərini bildirirdilər. Valideynlərin xeyli pulunu alıb guya qarantiya veriblər ki, uşaq 2 həftə sonra danışacaq. Təbii ki, bu, mümkün deyil. Uşağın danışması, əqli inkişafı üçün mütləq bioloji müalicə lazımdır. Psixoloqlar valideynləri çaşdırırlar. Bizim insanlar da çox nadan və savadsızdır, onlara tez inanırlar”.

Psixiatr televiziyalarda bəzi psixoloqların çox şiddətli reklamları getdiyini də bildirib: “Bəzi psixoloqlara yüksək vəzifəli məmurlar tərəfindən himayədarlıq olunur. Bu himayədarlığa görə reklama çoxlu pul verirlər. Özünüz də görürsüz, Xoşqədəmin, Zaurun verilişində daimi olaraq psixoloqlar reklam olunur və qeyri-qanuni olaraq onlar həkim kimi təqdim olunur. Bizim insanlar da televiziya reklamlarına uyaraq onları həkim kimi qəbul edib yanlarına gedirlər. Sosial təhlükəli ruhi xəstələri, narkomanları onların yanına aparırlar. Onlar da o xəstələri müalicə edə bilmirlər və bizdə ruhi xəstələrin sayı artır.

Azərbaycanda psixoloq fəaliyyəti dondurulmalı və yenidən təşkil olunmalıdır. Psixoloji yardım haqqında qanunda da absurd məsələlər var. Ona dəyişiklik edilməlidir. Psixoloqları tam ələkdən keçirmək, onları yoxlamaq lazımdır. Həkim-psixiatrların rəhbərliyi ilə onların fəaliyyəti yenidən təşkil olunmalıdır”.

A.Şıxlinskinin sözlərinə görə, Azərbaycanda bəzi adamlar öz psixoloji problemlərini həll etmək üçün “psixoloq” olurlar:

“Bu onu göstərir ki, həmin adam özü ruhi xəstədir. Bizdə psixoloqların arasında çoxlu ruhi xəstə var. İndiki psixologiya kurslarını ləğv etmək lazımdır. Adamlar ora gəlir və deyirlər ki, biz öz problemlərimizi həll edəcəyik. Sonra həmin ruhi xəstələr o kursu keçib sosial şəbəkələrdə özlərini psixoloq kimi təqdim edib psixoloji fəaliyyətlə məşğul olurlar”.


Chosen
17
3
news24.az

4Sources