EN

Yelisey Sarayı demokratiyadan danışsa da...

BMT Fransada insan haqlarının pozulmasından ciddi narahatlıq ifadə edir

Özünü demokratiyanın beşiyi sanan, bu mövzuda bütün dünyaya dərs vermək iddialarında bulunan Fransanın özündə insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı ciddi problemlər yaşanır. Bu xüsusda növbəti dəfə BMT-nin İnsan Hüquqları Komitəsi həyəcan təbili çalıb.

Qurum Fransanın altıncı dövri hesabatını təhlil edərək insan hüquqları sahəsində bir sıra mühüm çatışmazlıqları və problemləri gündəmə gətirib və müxtəlif sahələrdə beynəlxalq öhdəliklərə əməl olunmasının vacibliyini vurğulayıb. Bildirildiyi kimi, BMT səviyyəsində ciddi narahatlıq doğuran nöqsanlar xüsusilə öz müqəddəratını təyinetmə hüququnun tanınmaması, insan alveri ilə mübarizə adı altında qeyri-insani davranış, həbsxanaların vəziyyətinin standartlardan kənar olması, miqrantların hüquqlarının pozulması və ictimai işlərdə iştirak məsələsində diskriminasiya siyasətində özünü göstərir.

Rəsmi Paris müstəmləkə ölkələrində yerli xalqların mənafeyinə zidd siyasət aparır

Bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı XXI yüzillikdə keçmişin ikrah doğuran qalığı olan müstəmləkəçilik və sümürmə siyasətindən əl çəkməməsi Fransa üçün böyük üzqarasıdır. Bu gün Fransa dünya üzrə müstəmləkəçilik siyasətini bu və ya digər formada davam etdirən azsaylı dövlətlərdən biridir. Bu ölkənin ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası və digər ölkələr daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.

Yelisey Sarayı müstəmləkə ölkələrində yerli xalqların mənafeyinə zidd siyasət aparır. Məsələ burasındadır ki, Fransa müstəmləkəçilik tarixində öz nəzarətində saxladığı ölkələrə yaxşı heç nə verməyib. Əvəzində isə sümürmə siyasətinin əhatə dairəsini genişləndirib, yerli əhalinin hüquqlarını daha qəddarcasına pozub, onları məqsədyönlü şəkildə assimilyasiyaya məruz qoyub, soyqırımları həyata keçirib. Yelisey Sarayının qatı neokolonializm siyasətinin eybəcər izlərini, həmçinin BMT-nin müvafiq hesabatının əhatə etdiyi Yeni Kaledoniya və Fransız Polineziyasında da görmək mümkündür. BMT-nin İnsan Hüquqları Komitəsi Yeni Kaledoniya və Fransız Polineziyası ərazilərində xalqın öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılmasında ciddi ləngimələrdən narahatdır. Xüsusilə yerli kanak xalqının pandemiya dövründə keçirilmiş üçüncü referendumda iştirakının qeyri-kafi təşkili diqqət mərkəzindədir. Fransa hökumətinin referendum zamanı yerli icmalarla məsləhətləşmələrə diqqət yetirməməsi və onların razılığının təmin edilməməsi xüsusilə tənqid olunur. Bu vəziyyət dekolonizasiya prosesinin legitimliyinə kölgə salır və xalqın hüquqlarına uyğun qərarlar qəbul edilməsini çətinləşdirir.

İnsan Hüquqları Komitəsi Fransa hökumətindən aşağıdakı addımları atmağı tələb edir:

- Numea Sazişi çərçivəsində dekolonizasiya prosesini beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirmək;

- Yerli xalqlarla davamlı məsləhətləşmələr apararaq onların azad və məlumatlı şəkildə razılığını təmin etmək;

- Müstəqillik hüququnun BMT Nizamnaməsinə uyğun şəkildə təmin edilməsi üçün müvafiq beynəlxalq komitələrlə əməkdaşlığı gücləndirmək.

BMT-nin müvafiq qurumu tərəfindən verilən bu tövsiyələr Yelisey Sarayı üçün  ciddi öhdəliklər yaradır. Rəsmi Paris öz məsuliyyətini dərk etməlidir. Fransa hökumətinin bu istiqamətdə atacağı addımlar, onun beynəlxalq hüquqa hörmətinin və yerli xalqlara dəstəyinin real ifadəsi olacaq.

İnsan alverinin qurbanına çevrilən və müdafiəsiz qalan insanlar

Makron iqtidarının ölkədə insan alverinə qarşı mübarizəsi də arzuedilən səviyyədən çox uzaqdır və bir növ görüntü yaratmaq, gözdən pərdə asmaq xarakteri daşıyır. Hökumətin  fəaliyyəti ilə bəyan olunan məqsədlər arasında kəskin uyğunsuzluq var. Yəni Yelisey Sarayı insan alverinə qarşı mübarizə ilə bağlı gen-bol vədlər versə də, reallıqda qanunpozma hallarına dair statistika dəhşət saçır. Vəziyyət həm metropoliyada, həm də dənizaşırı ərazilərdə, Afrikanın müstəmləkə ölkələrində çox ağırdır. Narahatlıq doğuran həm də o məqamdır ki, hökumətin bu sahədə perspektiv fəalıyyət planı da təkmil deyil. Ölkənin 2024-2027-ci illəri əhatə edən İnsan Alverinə Qarşı Milli Mübarizə Planında da əsas problemlər tam həllini tapmayıb. Xüsusilə Mayot bölgəsində qeyri-qanuni miqrantlar arasında insan alveri qurbanlarının vaxtında və səmərəli müəyyən edilməsində ciddi çatışmazlıqlar mövcuddur. Qeyri-qanuni vəziyyətdə olan bu şəxslərin bir çoxu, onların insan alveri qurbanı olduğu nəzərə alınmadan deportasiya edilir. Bu isə qurbanların daha ağır istismar hallarına məruz qalmaları ehtimalını artırır.

Hesabatda da bildirldiyi kimi, insan alveri qurbanlarının hüquqlarının təminatı və onlara təzminat imkanlarının yaradılması məsələsində mövcud sistem ciddi islahatlara ehtiyac duyur. Bu şəxslərin qanunsuz fəaliyyətlərə görə məsuliyyətdən azad olunması təmin edilmədikdə, onlar yalnız hüquq-mühafizə sistemində deyil, həm də cəmiyyətin digər sahələrində daha çox problemlərlə üzləşirlər. Qeyd olunur ki, Fransa bu istiqamətdə daha güclü hüquqi mexanizmlər qurmalı və insan alverinə qarşı mübarizəni gücləndirməlidir.

BMT-nin İnsan Hüquqları Komitəsinin bu istiqamətdə Fransa hökumətinə tövsiyələri belədir:

- İnsan alveri qurbanlarının identifikasiyası üçün fəal və məqsədyönlü tədbirləri genişləndirmək, qurbanların müəyyən edilməsi prosesini asanlaşdırmaq üçün xüsusi təlim proqramları həyata keçirmək;

- Qurbanların hüquqi qorunmasını təmin edərək, onların insan alverinin birbaşa nəticəsi olaraq törətdikləri qanunsuz fəaliyyətlərə görə məsuliyyətdən azad edilməsini dəstəkləmək;

- Mayotda və digər həssas bölgələrdə insan alverinə qarşı mübarizə strategiyalarını gücləndirmək və yerli icmalar arasında məlumatlandırma kampaniyaları aparmaq;

- İnsan alveri ilə bağlı şikayətlərin dərhal, obyektiv və ədalətli araşdırılmasını təmin etmək və qurbanlara hüquqi yardım imkanlarını artırmaq.

Bu yanaşma, yalnız qurbanların hüquqlarını bərpa etməklə kifayətlənməyəcək, eyni zamanda, gələcəkdə baş verə biləcək istismar halları üçün səmərəli profilaktik tədbir olacaq. İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsi ölkənin beynəlxalq hüququn normalarına uyğun hərəkət etdiyinin göstəricisi olmalıdır.

Azadlıqdan məhrum edilən şəxslərin hüquqları kobud şəkildə pozulur

Fransa hər nə qədər özünü dünyaya nümunə kimi göstərməyə çalışsa da, ölkənin reallıqları tamam fərqlidir. Ölkədəki həbsxanaların vəziyyəti, xüsusilə dənizaşırı ərazilərdəki cəzaçəkmə müəssisələrində həddindən artıq doluluq və şəraitin beynəlxalq standartlara cavab verməməsi ciddi narahatlıq doğurur. Həbsxana yerlərinin yüklənməsi yalnız fiziki şəraiti pisləşdirmir, həm də məhkumların sağlamlığına, təhlükəsizliyinə və reabilitasiya imkanlarına mənfi təsir göstərir. Ən çox narahatlıq doğuran məsələlərdən biri də cəzaçəkmə müəssisələrində psixoloji dəstəyin məhdudluğu və tibbi xidmətlərin qeyri-adekvat olmasıdır.

Bir qədər bundan əvvəl Yelisey Sarayının Yeni Kaledoniyada bədnam konstitusiya “islahatları” həyata keçirmək planı ciddi etirazlarla qarşılandı. Kanak xalqı milli kimliyini qorumaq üçün bir nəfər kimi ayağa qalxdı. Etirazları səngitməkdən ötrü Yelisey Sarayı repressiv tədbirlərə əl atdı, o cümlədən də çoxlu sayda fəal həbsə alındı. Bu olay həmçinin Yeni Kaledoniyada həbsxanalardakı vəziyyəti dünya gündəminə gətirdi. Bu gün Yeni Kaledoniyada yerli xalqların həbsxanalarda çoxluq təşkil etməsi kimi sosial ədalətsizliklər ortadadır. Komitə vurğulayır ki, bu amil həm hüquqi sistemdə, həm də cəmiyyətin sosial strukturunda köklü problemlərin mövcudluğunu əks etdirir. Bu ayrı-seçkilik yalnız hüquqi ədalətsizliklə deyil, həm də yerli xalqların həyat şəraiti və təhsil imkanlarının məhdudluğu ilə sıx bağlıdır.

Komitənin qənaətinə görə, Fransa hökuməti bu problemlərin həlli üçün daha fəal siyasət həyata keçirməlidir. Həmçinin cəzanın alternativ tədbirlərlə əvəz edilməsi üçün hüquqi mexanizmlərin tətbiqi, yenidən inteqrasiya proqramlarının artırılması xüsusilə gənc məhkumlar üçün səmərəli olar. Məktəblərdə və icmalarda maarifləndirici kampaniyaların təşkili də məhkumların reabilitasiyasını sürətləndirə və onların cəmiyyətə uğurlu dönüşünə şərait yarada bilər.

Komitənin bununla bağlı tövsiyələri:

- Mövcud həbsxanaların BMT-nin Nelson Mandela Qaydalarına uyğun təmir edilməsi və onların şəraitinin yaxşılaşdırılması;

- Yeni Kaledoniyada yerli xalqların həbsdə çoxluq təşkil etməsinin qarşısının alınması üçün hüquqi və sosial tədbirlərin tətbiqi;

- Alternativ cəza üsullarının genişləndirilməsi, xüsusilə azadlıqdan məhrumetməyə alternativ olan icma xidmətlərinin tətbiqi;

- Yenidən inteqrasiya proqramlarının artırılması və məhkumların cəmiyyətə uyğunlaşmasını dəstəkləyəcək psixoloji, sosial və peşə hazırlığı xidmətlərinin təmin edilməsi;

- Həbsxana işçilərinin insan hüquqlarına dair biliklərinin genişləndirilməsi.

Bu tədbirlər yalnız həbs şəraitini yaxşılaşdırmaqla kifayətlənməyəcək, həm də hüquq sistemində daha ədalətli yanaşmanın tətbiqini təşviq edəcək. İnsan hüquqlarının qorunması hər bir məhkumun hüququ olaraq qəbul edilməli və bu yanaşma Fransa hökumətinin siyasətində əsas prioritetlərdən birinə çevrilməlidir.

Mübariz ABDULLAYEV

1Sources